Keçmişə ehtiram, gələcəyə inam
Digər xəbərlər

Keçmişə ehtiram, gələcəyə inam

Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan qədim Naxçıvanın əsası hələ eramızdan əvvəl 1500-cü ildə qoyulmuşdur. 1747-ci ildə isə Naxçıvan xanlığı yaradılmış və Naxçıvan şəhəri xanlığın paytaxtı elan edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan çar Rusiyasının tərkibinə qatılmış, İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsi Naxçıvan xanlığının ərazisinə köçürülmüşdür. XX əsrin əvvəllərindən etibarən ermənilərin Naxçıvana qarşı ərazi iddiaları güclənmiş, 1918-ci ildə isə daşnak Ermənistan hökuməti Naxçıvanı özünə birləşdirmək siyasətini həyata keçirməyə çalışmışdır. Lakin türk əsgərlərinin bölgəyə gəlməsi və yerli əhalinin müqaviməti sayəsində ermənilərin bu cəhdlərinin qarşısı alınmışdır. Moskva və Qars müqavilələri imzalandıqdan 3 il sonra, 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılmışdır.

Hər daşının altında bir tarix yatan, ayrı-ayrı dövrlərə aid tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları ilə zəngin olan Naxçıvan Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Atabəylər dövlətinin paytaxtı elan olunduqdan sonra Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlıq mərkəzinə çevrilmiş, möhtəşəm memarlıq abidələri ilə zənginləşən şəhərin ərazisi Araz çayına qədər uzanmışdı.

Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək sənət nümunələri ilə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Məşhur sənətşünas M.V.Alpatov yazırdı ki, Firdovsi və Nizami kimi Şərq klassiklərinin əsərlərində olan bəşəri təravət Naxçıvan abidələrində var. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını "İkinci Altay" adlandırmışdır.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatun məqbərəsi, orta əsrlərin memarlıq nümunəsi - Qarabağlar Türbə Kompleksi, Yusif Küseyir oğlu türbəsi, dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biri olan Gülüstan türbəsi kimi yüzlərlə qədim mədəniyyət abidələri bu diyara əsrlərin, qərinələrin yadigarıdır. Yaşı 800 ildən artıq olan Şərq çinarı, qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası, misilsiz təbiət abidəsi olan İlandağ, möhtəşəm Babək qalası, dini-mədəni kompleks - "Əshabi-Kəhf" qədim Naxçıvanın analoqu olmayan tarixi abidələridir. Culfa rayonunda yerləşən Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən olan, Azərbaycanın tarixi memarlıq rəmzi sayılan, "Kitabi-Dədə Qorqud" dastanında möhkəm və etibarlı bir istehkam kimi təsvir olunan, vaxtilə Eldəgizlərin iqamətgahı, dövrünün ən böyük cahangiri Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirən möhtəşəm "Əlincə qalası" sözün əsl mənasında, insana məğrurluq, yenilməzlik hissi aşılayır.

Naxçıvan əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi ilə hər zaman diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, ölkədə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar, müəyyənləşdirilmiş inkişaf strategiyası bu qədim diyarın gündən-günə gözəlləşməsinə, müasirləşməsinə, dinamik inkişafına zəmin yaratmışdır. Belə ki, hər il dövlət büdcəsindən ayrılan böyük həcmdə dotasiyalar hesabına muxtar respublikada geniş infrastruktur layihələr reallaşdırılmış, qazlaşdırma, enerji təchizatı 100 faiz səviyyəsində təmin edilmiş, müasir yollar inşa olunmuş, çoxlu sayda səhiyyə və təhsil obyektləri tikilmiş, yeni iş yerləri yaradılmışdır.

Muxtar respublikanın tarixiliklə müasirliyin vəhdətində inkişaf etdirilməsi, milli dəyərlərin qorunub saxlanması və ən yüksək səviyyədə nümayiş etdirilməsi hər zaman yerli turistlərlə yanaşı, əcnəbilərin də böyük marağına səbəb olmuşdur. Kəndlərdə yaradılmış unikal şərait - rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün də əlverişlidir. Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və s. yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar vardır. Bu baxımdan, respublikanın dilbər guşələrindən biri olan Şahbuz rayonunun Ağbulaq kəndi səfalı təbiəti, bənzərsizliyi, hər fəslinin öz füsunkarlığı ilə göz oxşayır. Buranın təbiəti, havası və müasir infrastrukturu, aparılan abadlıq-quruculuq işləri kənddə ilin bütün fəsillərində dağ-kurort turizminin inkişafı üçün yararlıdır. Bütün bunların fonunda isə kənddə Ağbulaq İstirahət Mərkəzi yaradılmış, qış turizminin inkişafı sahəsindəki imkanlar nəzərə alınaraq dağ-xizək mərkəzi qurulmuşdur. Bura qış turizmi ilə yanaşı, yay turizmi üçün də əlverişli məkandır. Ağbulaq İstirahət Mərkəzi yerli və xarici turistlərin ən çox üz tutduğu yerlərdən biridir.

Şəhərin ən yüksək yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yerləşir. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Bu dirəyə sancılan uzunluğu 20, eni isə 10 metr olan üçrəngli bayrağımız dalğalandıqca tarixən basqınlara, işğallara məruz qalmasına baxmayaraq, hər zaman yenilməz, alınmaz bir qalaya çevrilən qədim Naxçıvanın vüqarını, əzəmətini daha da artırır. Bayraq dirəyinin pyedestalının altında səkkizguşəli ulduz formasında inşa olunan Dövlət Bayrağı Muzeyində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərarın surəti və həmin tarixi əks etdirən fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.

Dövlətimizin daxili siyasət kursunda müəyyənləşdirilən inkişaf strategiyasının əsas istiqamətlərindən biri də respublikamızın bütün şəhər, kənd və qəsəbələrinin müasir standartlar səviyyəsində yenidən qurulması, inkişaf etdirilməsidir. Son illərdə Naxçıvanda da ölkə başçımızın xüsusi diqqət və qayğısı sayəsində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmiş, Naxçıvan Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzində bu istiqamətdə əhəmiyyətli işlər icra olunmuşdur.

Muxtar respublikanın inkişafına, tərəqqisinə hər zaman xüsusi diqqət göstərən Prezident İlham Əliyev Naxçıvanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə ötən il dekabr ayının 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi barədə Fərman imzalamışdır. Ölkə başçısının Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilmişdir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Əsasnamədə qeyd olunur ki, səlahiyyətli nümayəndə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutaraq fəaliyyət göstərir.

Dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edərkən korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərin göstərilməsi və əhalinin qayğısına qalınması barədə müvafiq tapşırıqlar vermişdir.

Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsi, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasətin göstəricisidir.

Mehparə ƏLİYEVA,

"Respublika".