KƏLBƏCƏR: Müqəddəs amal uğrunda
Region

KƏLBƏCƏR: Müqəddəs amal uğrunda

Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan cəsur övladları yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Kəlbəcər rayonunda da şəhidlik zirvəsinə ucalanlara qayğı diqqət mərkəzindədir.

Millət vəkili Aqil Məmmədov və Kəlbəcər RİH başçısının 1-ci müavini Eldəniz Mehtiyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Abşeron rayonu, Mehdiabad qəsəbəsində şəhid Atayev Nicat Habil oğlunun, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində şəhid  Məhərrəmli Fuad Füzuli oğlunun il mərasimində iştirak ediblər. Millət vəkili Aqil Məmmədov şəhid ailələrinə təskinlik verərək bildirib ki, onlar xalqın fəxridirlər, gənclərə örnəkdirlər. Ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı naminə, müqəddəs amal uğrunda canını fəda edən bu oğulların ruhu qarşısında baş əyirik. Müqəddəs Qarabağ torpaqlarında bundan sonra atacağımız hər bir addıma görə igidlərimizə borcluyuq. Mərasimdə şəhidlərin əziz  xatirələri böyük ehtiramla yad edilərək, dualar oxunub,  ailələrinə səbir dilənib.

Eyni zamanda, Şəhid Atayev Nicat Habil oğlunun dəfn olunduğu ikinci Fəxri Xiyaban ziyarət olunaraq, məzarı üstünə tər gül dəstələri qoyulub, ruhuna dualar oxunubdur.

Zabit XƏLİLOV,

“Respublika”.