Onlara ehtiram borcumuzdur
Region

Onlara ehtiram borcumuzdur

Vətən  müharibəsində  qəhrəmanlıq  göstərərək  döyüşlərdə  şəhid  olan  İmişli  şəhərində  anadan  olmuş  İsmayılov  Elçin  Mikayıl  oğlunun  və  rayonun  Otuziki  kəndində  anadan  olmuş  Osman  Cəfər  Elsevər  oğlunun  şəhidlik  zirvəsinə  ucalmasından  iki  il  ötür.  Qəhrəman  şəhidlərimizin  ikinci  ildönümləri  mərasimində  iştirak  edən  İmişli  Rayon  İcra  Hakimiyyətinin  məsul  işçiləri,  YAP  İmişli  Rayon  Təşkilatının  sədri  Səfa  Ağayev,  rayon  prokuroru  Valeh  Səmədov,  polis  şöbəsinin  rəisi  Füzuli  Şıxaliyev,  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış   üzrə  Dövlət  Xidmətinin  rayon  şöbəsinin  rəisi  Mətləb  Murğuzov,  hüquq-mühafizə  orqanlarının  əməkdaşları,  şəhidlərimizin  ailə  üzvləri, kənd  sakinləri  onların  məzarlarını  ziyarət  edərək  tər  gül-çiçək  dəstələri  düzdülər. 

Elçin  Mikayıl  oğlu  İsmayılov  7  fevral  1991-ci  ildə  İmişli  şəhərində  anadan  olub.  1997-ci  ildə  şəhərin  7  saylı  məktəbinin  birinci  sinfinə  daxil  olub,  2008-ci  ildə  həmin  məktəbin  11-ci  sinfini  bitirmişdir.  2009-cu  ilin  aprel  ayında  hərbi  xidmətə  yollanmışdır.  Elçin  Tovuz  rayonunun  Ağdam  kəndində  xidmət  etmişdir.  İxtisasca  snayperçi  olmuşdur.  Azərbaycan  Ordusunun  MAHHXHQ  əsgəri  olan  Elçin  İsmayılov  2020-ci  il  sentyabrın  27-dən  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi  üçün  başlanan  Vətən  müharibəsində  iştirak  etmişdir.  Elçin  İsmayılov  Füzulinin, Cəbrayılın, Zəngilanın,  Xocavəndin,  Laçının,  Qubadlının  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə  iştirak  edib  öz  qəhrəmanlığı  ilə  fərqlənib.  MAHHXHQ  əsgərimiz  Elçin  İsmayılov  4 noyabr  2020-ci ildə Şuşa  ətrafında  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid   olmuşdur. Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  Sərəncamına  əsasən  İsmayılov  Elçin  Mikayıl  oğlu  ölümündən  sonra  3-cü  dərəcəli  “Vətənə  xidmətə  görə”  ordeni,  “Vətən  uğrunda”,  “Cəsur  döyüşçü”, “Cəbrayılın  azad  olunmasına  görə”, “Füzulinin  azad  olunmasına görə”,  “Xocavəndin  azad  olunmasına  görə”,  “Şuşanın  azad  olunmasına  görə” medalları  ilə  təltif  edilmişdir. Cəfər  Osman  Elsevər  oğlu  1998-ci  ilin iyunun  17-də  İmişli  rayonunun  Otuziki  kəndində  anadan  olub.  2005-2016-cı illərdə  İmişli  şəhər  5  nömrəli  tam  orta  məktəbdə  təhsil  alıb.  2016-2020-ci  illərdə  Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetində  (AzMİU) ali  təhsil  alıb.  Cəfər  Osman  2020-ci  ildən  Azərbaycan  Silahlı  Qüvvələrinin  sıralarında  müddətli  həqiqi  hərbi  xidmətdə  idi.  Osman  Vətən  müharibəsi  zamanı  Qubadlının  və  Laçının  azadlığı  uğrunda  gedən  döyüşlərdə   vuruşub,  noyabrın  4-də  Laçın  döyüşləri  zamanı  qəhrəmancasına  şəhid  olub,  İmişli  rayonunda  dəfn  olunub. Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq   sərəncamlarına  əsasən  Cəfər  Osman  Elsevər  oğlu  ölümündən  sonra  “Vətən  uğrunda”, “Qubadlının  azad  olunmasına  görə”,  “Laçının  azad  olunmasına  görə” və  “Hərbi  xidmətə  görə” medalları  ilə  təltif  edilib.

 Şəhidlərimizin  ailə  üzvləri  və  yaxınları  şəhid  ailələrinə  göstərilən  diqqət  və  qayğıdan  razılıqlarını  ifadə  edərək  ölkə  Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  İlham  Əliyevə,  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  dərin  minnətdarlıqlarını  bildiriblər.     

Ərəstun  ABDULOV,          

“Respublika” .