Siyasət

"Köhnə dünya"nın yeni enerji xəritəsi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycanın etibarlı tərəfdaş olduğunun ən böyük təzahürüdür. Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan, ölkəmiz müsbət mənada fərqlənir. CQD sadəcə bir enerji layihəsi deyil. Dövlət başçısının da bəyan etdiyi kimi, Cənub Qaz Dəhlizi artıq üç ildir ki, fəaliyyətdədir və bu, həqiqətən də bir uğur hekayəsidir. Uzunluğu 3500 kilometr, inteqrasiya edilmiş boru kəməri sistemi olan CQD enerji təhlükəsizliyi və əməkdaşlıq baxımından Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında olan əməkdaşlıq bu layihənin həyata keçirilməsinə güclü təkan verdi.

"Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir". Bu fikirləri Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev deyib. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırır. Hazırda Azərbaycan qazının xarici tədarükünün əksəriyyəti Avropa ölkələrinin payına düşür. Respublikamızın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda ölkəmizdən qaz almaq istəyən Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya, Şimali Makedoniya və həmçinin Avropa ittifaqı liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi tanıyırlar. Bu dəhlizin gələcəkdə hidrogen enerjisini daşıması eyni marşrut üzrə yaşıl enerji strategiyasına sintez olunacaq.

Əlavə olaraq qeyd etmək lazımdır ki, məhz ölkəmizdə bərpaolunan enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Gürcüstanla birləşərək Qara dənizin dibi ilə uzunluğu 1195 kilometr olan bir məsafədən Avropaya keçməsi perspektivdə Azərbaycan üçün strateji önəm daşıyır. Dövlətimiz bəşəri dəyərlərə hörmətlə yanaşır və dinindən, irqindən asılı olmayaraq insanları narahat edən məsələlərin həllində zəruri addımların atılmasını hər zaman dəstəkləyir. COP29-un ölkəmizdə keçirilməsi bunu bir daha təsdiq edir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının yaşıl gündəliyə malik olmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, yaşıl enerjinin inkişafı istiqamətində də böyük işlər həyata keçirilir. COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Yaxın müddətdə Xəzərin dibi ilə Mərkəzi Asiyada alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisi məhz Azərbaycana və bilavasitə Avropaya ixrac olunacaq. Bütün bunlar nəticə etibarilə sonda COP29-un Azərbaycanda keçirilməsi üçün yekdilliklə ölkələrin səsverməsi ilə nəticələndi. Ölkə başçısının apardığı strateji, uğurlu xətt özünü həm neft, həm qaz strategiyasında göstərdiyi kimi, gələcəkdə daha uzunmüddətli dövr üçün bərpaolunan enerji istiqamətində də göstərəcəkdir.

Hesablamalara görə Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu potensialdan istifadə edərək ölkəmiz yaşıl enerjiyə keçid mərhələsinə qədəm qoyur. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə dövlətimiz bərpaolunan enerji sahəsində də aparıcı dövlətlərdən biri olacaq. Panavropanın enerji təchizatçısı olan Azərbaycan bu sahədə davamlı inkişafa doğru qətiyyətlə irəliləyir.

Tacir SADIQOV,

"Respublika".