Siyasət

"Kompas"ını itirən Qərb

Bildiyimiz kimi, fevralın 3-də Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı Laçın rayonu istiqamətində saxlanılıb. O, şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçərək Azərbaycan ərazisinə daxil olub. Yerli mətbuatdan Çexiya səfirliyinə sorğu ünvanlanıb. Lakin səfirlik məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Ötən günlərdə hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Maraqlı məqam odur ki, işğaldan azad edilmiş ərazilərimizdə yüzlərlə can alan minalar nədənsə bu şəxsin qabağına çıxmayıb. Özünü "alpinist" kimi təqdim edən şəxs bildirib ki, Qarakilsə (Sisian) istiqamətində hərəkət edirmiş. Ancaq onun saxlanıldığı yerlə dediyi yer arasında 13-15 kilometr məsafə var. Burada Ermənistan silahlı qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında ərazilər minalanıb. O, həm erməni postlarını, həm də minalanmış əraziləri maneəsiz keçib.

"Alpinist"in sözlərinə görə, alpinizmlə məşğul olmaq məqsədilə o, Meksika, Tailand, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfərlər edib. Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. Sonra Ermənistan paytaxtına qayıtmaq qərarına gəlib. Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etməyərək nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsəyə piyada yola düşüb. Lakin tezliklə özünü Azərbaycan Silahlı Qüvvələrinin mövqelərində görüb. Onun bel çantasından iki pasport, mobil telefon, şarj cihazı, klips, kəndir, gün eynəyi, tibbi eynək və peşəkar fotoaparat tapılıb. Görünür, Çexiya vətəndaşı "alpinist" kimi görünməsi üçün əməlli-başlı hazırlanıb. Lakin kompasını "unutduğundan" özünü Azərbaycan ərazisində tapıb. Onu göndərən Qərb qüvvələrinin də "kompas"ı itib. Belə ki, Qərbə tərəf baxıb Avropada böyüyən fermer üsyanlarını həll etmək yerinə, daxili işlərimizə qarışırlar.

Bir müddət əvvəl Bakıda həbs olunan fransalı casus Martin Rayanı xatırlayaq. Martinin valideynlərindən geniş məlumat almış erməni əsilli aktivist-jurnalist Leo Nikolyanın müsahibəsində deyilirdi ki, guya Martin sadə adamdır, restoranlara sous satan "məsum biznesmen"dir. Sadəcə "biznesmen"imiz kiçik məlumatlar alırmış.

İndi də Azərbaycanda növbəti peşə sahibi peyda olub. Bu səfər də "alpinist"imiz var. Nə səbəbdənsə avropalı "sadə" insanlar öz işlərini icra edərkən birdən-birə özlərini Azərbaycanda tapırlar.

Bütün bunlar göstərir ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarının nümayəndəsidir və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışıb.

Məlumdur ki, artıq Ermənistan tərəfində şərti sərhəddə Aİ-nin kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir. Son aylarda bəzi Avropa ölkələrinin, əsasən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində olurlar. "Alpinist"imiz də nədənsə Qafan rayonuna səfər edib. Hansı ki, bura ötən ilin avqustundan Aİ kəşfiyyat və müşahidə missiyasının ofislərindən birinin fəaliyyət göstərdiyi ərazidir. Qeyd edək ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer də Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub. Əsrlərdir yürüdülən yanlış siyasətini düzəltmək, ölkəsinin problemlərini həll etmək yerinə, rəsmi Paris müstəqil xarici siyasət yürüdən ölkələri hədəf alır. Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərindən bezməyən Yelisey sarayı indi də Meyeri göndərib. O, Avropa İttifaqının Ermənistandakı "mülki müşahidə missiyasını ziyarət" adı ilə əlində binoklla Azərbaycanın ərazilərinə baxıb. Bəli, onlar Azərbaycana ancaq uzaqdan baxa bilərlər. Nə qədər yaxınlaşsalar da, doğruları görmələri mümkün deyil. Çünki qərəz onların gözünü bürüyüb. Belə olan halda yaxşı olar ki, general binoklunu Fransaya tərəf çevirib ölkəsinin bitmək bilməyən problemlərini görsün.

N.SÜLEYMANOVA,

"Respublika".