“Könül yolçuluğu”: Türkiyəli yazıçılar Gəncədə
Region

“Könül yolçuluğu”: Türkiyəli yazıçılar Gəncədə

Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün “Könül yolçuluğu” platforması ilə Azərbaycana səfərə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində onlar Gəncə şəhərində dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Türkiyəli yazarlara məqbərə haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla cəbhə xəttindən xeyli aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Yazıçı Seval Beyazgül Azərbaycana səfərin məhz Gəncə şəhərindən başlamasının dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə onun məqbərəsini ziyarət etmək məqsədi daşıdığını deyib: “Tarixi bir müharibədə Gəncə xalqının çəkdiyi əzab və acıları gözümüzlə gördük. Erməni vandalizminin və cinayətinin canlı şahidi olduq. Burada baş verənləri, gördüklərimizi bütün dünya mediasında yayımlayacağıq”.

Türkiyənin Kütahya şəhərindən olan yazıçı, şair İsmayıl Başpınar gördüklərindən dəhşətə gəldiyini bildirib. “Könlümüzün yandığı, ağrılarımızın baş qaldırdığı yerdəyik. Mənim də övladlarım var. Burada şəhid olan azyaşlı uşaqları görəndə ürəyim yandı. Biz Türkiyə dövləti və milləti olaraq hər zaman sizin yanınızdayıq. Şəhidlərimizi dərin hörmətlə anırıq,” - deyə türkiyəli yazıçı erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü və böyük dağıntıların yarandığı əraziyə baş çəkərkən deyib.

AZƏRTAC