Kütləvi məzarlıqlar: vandallığın pik həddi
Sosial həyat

Kütləvi məzarlıqlar: vandallığın pik həddi

Bu əməlləri qeyri-insani məxluqlar törədə bilər

"Azad edilmiş ərazilərdə biz nəyi gördük? Tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur".

Vətən müharibəsində tarixi qələbəmizin birinci ildönümü ilə bağlı çıxışında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər ermənilərin insanlıqdan kənar əməllərini çox dəqiq ifadə edir. Bəli, ermənilərin barbarlığının, vandallığının həddi-hüdudu yoxdur. Bu günlərdə Xocalının mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı zamanı kütləvi məzarlığın aşkar edilməsi də deyilənləri bir daha təsdiqləyir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir ki, indiyədək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Bu, nə ilk, nə də son deyil. İşğaldan azad edilmiş ərazilərdə hər dəfə kütləvi məzarlıqlar aşkar ediləndə fikirlər haçalanır. O məzarlıqlarda ermənilərin vaxtilə əsir götürdüyü soydaşlarımızı işgəncələrlə öldürüb kütləvi şəkildə basdırması ürəkləri ağrıdır. Basdırılanların kimliyi müəyyənləşəndə 30 ildən artıq bir müddətdə itirdiyinin sorağında olanların, onların bir gün qayıdacaqlarına hələ də ümidlərini itirməyənlərin intizarına son qoyulmasından bir qədər təsəlli tapırsan. Düşünürsən, heç olmasa o doğmaların, əzizlərin başı üstündə ağlanılacaq bir məzarları olacaq.

2021-ci ilin sentyabrında Azərbaycan tərəfi 5 nəfər hərbçini azad edərək Ermənistana təhvil vermişdi. O zaman Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, ABŞ dövlət katibi Antoni Blinken də daxil olmaqla bir çoxları Azərbaycanın bu addımını alqışlamışdı. Maraqlıdır, 2021-ci ilin aprel ayında Azərbaycan ərazisinə Kəlbəcər-Laçın istiqamətindən keçib, diversiya hərəkətləri törətmək istəyərkən yaxalanan terrorçuların azad edilməsindən bu qədər məmnun qalanlar, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar nədənsə Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər vətəndaşımızın qaytarılması barədə heç bir təşəbbüs göstərməyiblər. Axı, Azərbaycan tərəfi bununla bağlı dəfələrlə beynəlxalq səviyyəli toplantılarda, Ermənistanın baş naziri ilə iki və çoxtərəfli görüşlərdə məsələ qaldırmışdı. Ancaq Ermənistan tərəfi susmuş, heç bir açıqlama verməmişdi. Beynəlxalq birlik də bu məsələyə biganə qalmışdı.

Ermənistan isə sülh müqaviləsinin bağlanıb bağlanmamasından asılı olmayaraq itkin düşmüşlərin taleyinə açıqlıq gətirməli, buna görə işğalçı ölkə hüquqi müstəvidə məsuliyyət daşımalıdır.

Ermənistan minalanmış ərazilərin xəritələrini vermədiyi kimi, itkin düşmüş, əsir götürülmüş soydaşlarımızın basdırıldıqları kütləvi məzarlıqların da yerini bildirmir. Beləcə, o ərazilərdə qazma işləri nəticəsində aşkar edilən kütləvi məzarlıqların sayı da durmadan artır.

Onu da qeyd edək ki, ötən illərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxmışdı. Məlumatlara əsasən, aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olması ehtimal edilirdi.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində məzarlıq aşkarlanmışdı. Lakin ərazi minalandığından orada qazıntı işləri aparmaq mümkün olmamışdı. Çox güman ki, ermənilər bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin etdiklərindən və daha çox insan ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalamışdılar.

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində də kütləvi məzarlıq aşkar edilmişdi. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkarlanan məzarlıqda dörd insanın qalığının olduğu bildirildi.

Aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Qeyd edək ki, bundan əvvəl də Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq tapılmışdı. Kəlbəcər şəhərində yenidənqurma və bərpa işləri ilə bağlı aparılan qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkarlanmışdı. İlkin məlumatlara görə burada bir neçə insana aid edilən sümüklər tapılıb. Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərdə bir çox qırğınlar törədilmişdi ki, onların ən dəhşətlisi Başlıbel kəndində olub. Başlıbelin işğalı zamanı erməni quldurları 27 nəfəri güllələmişdilər. Aşkarlanan insan qalıqlarının da o qırğınların qurbanlarına aid olduğu ehtimal edilirdi.

2022-ci ilin oktyabrında Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən 12 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bu ərazidə bir qədər əvvəl daha 2 kütləvi məzarlığın da aşkarlandığı bildirilirdi.

Ümumiyyətlə, indiyədək aşkarlanan kütləvi məzarlıqlardan 400-dən artıq insanın qalıqları tapılıb ki, onlardan 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. 4 minədək itkinin müqabilində isə bu, çox kiçik rəqəmdir. Təbii ki, bu hələ başlanğıcdır, proses davam etdirilir. Doğrudur, itkin düşmüş soydaşlarımızın indi sağ qalması ehtimalı çox azdır, ancaq kim bilir? Dünyanın işini bilmək olmaz...

Bütün bunları adi fakt kimi sadalayıb ötüb keçmək mümkün deyil. Burada insan taleyindən söhbət gedir. Və onu göstərir ki, ermənilərdə ürək yoxdur. Elə sözün hər mənasında. Əks təqdirdə, Tanrının yaratdığı insanı belə qəddarcasına öldürən o qaniçənlər döyüş meydanında dəfələrlə ağ bayraq qaldırmaz, sonadək döyüşər, belə alçaqlıqları etməz, vəhşiliklər törətməzdilər. Bir də ki, vəhşi qəbilədən bundan artıq nə gözləmək olar ki?..

Zümrüd QURBANQIZI,

"Respublika".