Laçın: həsrət vüsala qovuşur, kədər sevincə çevrilir
Sosial həyat

Laçın: həsrət vüsala qovuşur, kədər sevincə çevrilir

30 ildən sonra ilk ezamiyyət

Laçın Böyük Qayıdışın təntənəsini yaşayır. Bu dağlar diyarında gözoxşayan, qəlbə sevinc gətirən yeniliklər anbaan baş verir. Yeni Laçının ən böyük sərvəti onun sakinləridir. Yurd həsrəti yaşayan, didərgin taleyin gərdişinə səbirlə dözən, torpaq, el-oba sözləri dilindən düşməyən, qəmini, kədərini bələk kimi bələyib qəlbində ovudan, danışanda kəlmələri göz yaşına qarışan, Laçın şəhər sakini Zemfira Fətəliyeva doğma yurda qayıtdığı üçün göydə Tanrıya, yerdə isə Qalib Ali Baş Komandan İlham Əliyevə duaçıdır, şükranlığı sözlərə sığmır, ürəyindən qopub gələn duyğular düşməni diz çökdürən əsgərlərimizin, zabitlərimizin hünərini vəsf edir, öyünür, qürur keçirir.

Zemfira xanımı danışdıran kimi elə ilk kəlməsi də, bütün hissləri də Laçınla bağlı olur, keçmiş məcburi köçkünlüyün möhnəti qəlbində alovlanır, sel kimi axan göz yaşları da bu atəşi söndürə bilmir. Danışır ki, öz evimizdə, öz torpağımızda asudə yaşayırdıq, taleyimizi müharibə tufanı, döyüş qasırğası, köçkünlük möhnəti dəyişdi, çox tənələr eşitdik, söz yarası aldıq. Gücüm ağlamağa çatırdı, Laçından götürə bildiyim bir-iki əşyanı əziz yadigar kimi sinəmə sıxıb oxşayırdım, onları gözlərimin üstündə saxlayırdım. Qarabağ müharibəsində laçınlılar çox əziyyət çəkdilər, ölüb-itənimiz çox oldu, çətinliklə, üzüntü ilə, kədərlə, göynərti ilə ailəmiz Bakı şəhərinə pənah apardı. Məcburi köçkünlüyün gətirdiyi ağrılara dözmək çox çətin idi, gecələr səssiz ağlayırdım, heç Laçınsız dözə bilmirdim. Xəyallarım hər gecə Laçına gedirdi, gəzdiyim ormanları, su içdiyim bulaqları, hər daşına nəfəsimiz hopmuş evimizi unuda bilmirdim. Gecələr pıçıltı ilə Laçınla söhbət edirdim, deyirdim ki, özgə laylasına yata bilmirəm, ay Laçın, al qoynuna, mənə layla de, layla. Bəlkə küskün qəlbim dinclik tapa, göz yaşlarım quruya. Bax beləcə dözümlü, inamlı, ağrısından çox sevincindən pay umduğu bir ömür yaşayan Zemfira xanımın ömür hekayəsi çox mənalı və ibrətamizdir, əsl örnəkdir. Ermənistanın, Xankəndi separatçılarının, dünya erməni lobbisinin, ermənipərəst qüvvələrin və daşnakların uzun illər ərzində maliyyə yardımı ilə hayları qələbəyə inandırmaq cəhdlərini və amansız işğalı müzəffər Azərbaycan Ordusunun bölmələri II Qarabağ müharibəsində tamamilə məhv etdi və bu tarixi qələbə yüz minlərlə məcburi köçkün kimi, Zemfira xanımın da yurd həsrətinə son qoydu.

Qurulu evimiz, var-dövlətimiz Laçında qaldı

Zemfira Fətəliyeva 1949-cu ildə Laçın şəhərində anadan olub, orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub. Tələbəlik illərini uğurla başa vurandan sonra 1 il həmin universitetdə çalışıb, sonra Bakı şəhərində 6 nömrəli uşaq xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirib. Tale elə gətirib ki, Zemfira xanım 1975-ci ildə doğulub boya başa çatdığı Laçın rayonuna qayıdıb və burada uşaqların sağlamlığı keşiyində dayanıb. Özünün danışdığına görə, o vaxt Laçında həkim, xüsusilə uşaq həkimi az olub. Uşaq xəstəxanasında onunla birlikdə 2 həkim işləyirdi. Zemfira xanım həmin günləri xatırlayaraq deyir:

- İndi yaşadığım evdə qardaş Türkiyədən olan jurnalistlər məndən müsahibə götürürdülər. "Laçın Abadlıq Xidməti" ASC-nin direktor müavini Elnur Abdullayev də həmin vaxt burada idi. Elnur da zarafatla dedi ki, Zemfira həkimin əlləri çox şəfalıdır, həmin peyvəndlərin nəticəsidir ki, "başım çox yaxşı işləyir". Həyat yoldaşım Aydın rayonumuzda ticarət sektorunda işlədiyi üçün tez-tez Bakıya gedirdi. O vaxtı ərzaq sarıdan hər kəs korluq çəkirdi. Aydın keçmiş sovet ordusunun hərbi texnikasının müşayiətilə Laçına ərzaq daşıyırdı. 1992-ci ilin əvvəllərində Laçında vəziyyət gərgin və ziddiyyətli idi. Ermənistan tərəfdən Laçın demək olar ki, şiddətli atəşə tutulurdu. Buna baxmayaraq, uşaqlar məktəbə, mən isə işə gedirdim. Ara bir qədər sakitləşmişdi, ona görə də Aydın Bakıya ərzaq dalınca getmişdi. Amma şəhərdə söz-söhbət gəzirdi ki, bəzi adamlar evləri tərk edib gedirlər. Bir müddətdən sonra ermənilər şəhəri yenidən atəşə tutdular. Bilmədim nə edim. Bakıda yaşayan qardaşım Azərə zəng vurdum ki, Aydına desin ki, biz neyləyək? Azər də dedi ki, bacı, evinizi tərk etməyin, ölsəniz də, qalsanız da Laçından çıxmayın. Sonra qaynım bizə gəlib iki kiçik yaşlı uşağımı apardı. Mərmilər şəhəri alt-üst edirdi, məcbur olub böyük oğluma dedim ki, gəl evin zirzəmisinə düşək. Oğlum dedi ki, yox ana, birdən ev uçar, atam gəlib bizi tapa bilməz. Heç zirzəmidə də dayanmaq mümkün deyildi. Pəncərənin şüşələri çiliklənib tökülürdü. Elə bu vaxt rayon yol polisində işləyən qardaşım bizə gəldi. Dedi ki, bacı, sizi Horadizə aparım, oralar nisbətən sakitçilikdi. "Niva" markalı maşınımız qapıda idi, birtəhər onun qapısını açıb, bizi Horadizə qədər apardı. Sən demə, bu zaman yoldaşım Aydın Bakıdan evimizə gəlib. Ancaq bir-birimizi görə bilmədik. Sonralar Aydın danışırdı ki, laçınlıları elə qırmışdılar ki, onları bükməyə anbarda ağ qalmamışdı. Aydın son günə qədər şəhəri tərk etmək istəmirdi. Onda biz Bakıdaydıq. Onun bir sürücüsü var idi, Oruc adında, o, yoldaşıma təkidlə deyib ki, gəl biz də çıxaq. Aydın bununla razılaşmadıqda, o, deyib ki, ailən Bakıda küçədə dilənsə, ac qalsa neyniyəssən? Çox mübahisədən sonra onlar da şəhəri tərk edirlər. Həyəcandan Bakıda qaldığımız qardaşımın evini gəlib tapa bilmir. Ağır günlər yaşadıq. Hər şeyimizi - qurulu evimizi, var-dövlətimizi Laçında qoyub çıxmışdıq. Allah haqqı, yemək yeməyə belə boşqab götürə bilmədik. Təkcə əynimizdəki paltarla çıxmışdıq. Beləliklə, Laçın işğal olunandan sonra məcburi köçkün həyatımız başlandı. Bakıda ixtisasım üzrə işə düzəldim.

Bir xatirə...

Bir gün otaqda oturmuşdum, dedilər ki, professor Ədilə xanım Qurbanova səni işlədiyi xəstəxanaya çağırır. Öz-özümə dedim ki, bu məni niyə çağırır? Ədilə xanım əslən Şuşadan idi. Vaxtilə ailələri Şuşadan sürgün olunub. Sonralar Anası Əzət xanım danışırdı ki, sürgün illərində ərəb ölkələrinin birində məskunlaşıblar. Ədilə xanım elə orada ali tibb təhsili alır. Ədilə xanım bir dəfə Moskvaya gəlir və təsadüf elə gətirir ki, ulu öndər Heydər Əliyevlə burada görüşür. Ulu öndər deyir ki, nə işdə işləyirsən? Ədilə xanım deyir ki, mama-ginekoloq işləyirəm. Heydər Əliyev ona belə bir təklif edir, mən sənə Bakıda yaxşı şərait düzəltsəm, xəstəxana tikdirsəm, sən ora gələrsən?! Fikirləşir, deyir niyə gəlmirəm. Ancaq tək deyiləm. Anam və xalamla birlikdə yaşayıram. Ulu öndər də deyir ki, eybi yoxdur, birlikdə gələrsiniz. Beləcə razılaşırlar. Hətta Heydər Əliyev ona keçmiş Bakı univermağı tərəfdə ev də vermişdi. İnanın ki, ona elə müasir xəstəxana tikdirmişdi ki, içində hər bir şərait var idi. Ədilə xanım da məni həmin xəstəxanaya çağırmışdı. Dedi ki, istəyirəm səninlə bir yerdə işləyəm. Ona dedim ki, axı mən rus dilini yadımdan çıxarmışam. Ədilə xanım da bildirdi ki, heç bir problem olmayacaq. Beləliklə, məni reanimasiya şöbəsinə işə götürdü. Hətta sizə bir xatirəmi də danışım. Bir gün yoldaşımla Ədilə xamımgilə qonaq getmişdik. Özümüzlə bir quzu, bir də pendir motalı aparmışdıq. Ədilə xanım motala baxdı, bir az çimçəşdi. Onda anası dedi ki, qızım, sən onun dadını bilmirsən. Biz uşaq olanda Şuşadakı evimizdə əlimi salıb motaldan pendir çıxarırdım.

O qədər ağlamışdım ki...

Hə, reanimasiya şöbəsində uşaqlara yaxşı baxırdım. Bir gün tibb bacısından soruşdum ki, niyə uşaqların peyvəndi gecikir? Dedi ki, Zemfira həkim, bu peyvəndləri yalnız baş tibb bacısı vura bilir, başqa heç kəs bu işi bacarmır. Məndə bu işi bacardığım üçün bütün uşaqların peyvəndini elədim. Bunu Ədilə xanıma çatdırmışdılar, ona görə bir şöbə verdi. Həmin şöbədə işlədiyim zaman laçınlı xəstələr tez-tez yanıma gəlirdilər, onları müalicə edirdim. Bir gün Laçından yaşlı kişi - Böyük Vətən müharibəsi iştirakçısı Əli kişi gəlib məni axtarır. Oradakı tibb bacısı da deyir ki, ay qardaş, hansı Zemfira həkimi deyirsən, burada dörd Zemfira var. Bəlkə qaçqını deyirsən? Mən də həmin vaxt oradan keçirdim, bu söhbəti eşitdim, məni bir ağlamaq tutdu. Otağıma qayıdandan sonra da göz yaşlarımı saxlaya bilmədim. O qədər ağlamışdım ki... O qaçqın sözü inanın ki, mənim ürəyimə güllə kimi dəydi, özümə gələ bilmirdim. Sinəmdəki hıçqırıqlar ara vermirdi. İlk dəfə idi ki, bu qaçqın sözünün bütün ağırlığını öz üzərimdə hiss etdim, mənən qırıldım. Köməkçim dedi ki, həkim niyə ağlayırsan? Bəlkə bir hadisə olub? Özümü toxdadıb otaqdan çıxdım. Əli kişi dedi ki, bir nəvəm olub, onu sənin yanına müayinə üçün gətirmişəm. Beləcə onun nəvəsini müalicə edirdim, hər gün də Laçından, keçmiş günlərdən onunla söhbət edirdik. Vaxtilə müalicə etdiyim laçınlı uşaqlar indi bir çox vəzifələrdə çalışırlar, məni də yaddan çıxarmırlar. Yoldaşım Aydın dönə-dönə mənə tapşırmışdı ki, birdən kimsə sənin cibinə pul qoysa, onu sənə haram edirəm. O sözləri heç zaman unutmadıq, bütün xəstələrə təmannasız xidmət göstərmişəm. Təəssüf ki, həyat yoldaşım 61 yaşında Laçını görmədən, Laçın həsrətilə bu dünyadan köçdü. Kaş ki, bu günləri görəydi. Təsəllim odur ki, özü görməsə də, adını daşıdığı nəvəsi Laçını gördü. Hətta babasının həyətində ağacları da suvardı. Üç övladım var. Hər biri ali savadlıdır, rus, ingilis dillərini yaxşı bilirlər. İki oğlum ali təhsilli iqtisadçıdır, işləyirlər. Qızım Sabir adına texnikumda dərs deyir. Beş nəvəm var. Biri oğlan, dördü qızdır. Qızlardan biri mənim, digəri qaynanamın adını, oğlan isə babası Aydının adını daşıyır.

Sazını divardan asılı qoydu getdi...

Laçına köç başlayanda qızımla birlikdə gəldik. Məni yenidən Laçına doğma yurdun həsrəti, bir də həyat yoldaşım Aydınla yaşadığımız ömrün xatirələri qaytardı. Biz laçınlılar sanki yenidən doğulmuşuq, yenidən həyata başlamışıq. Bunu bizə bəxş edən Prezidentimiz, Qalib Ali Baş Komandanımız, Müzəffər Ordumuzdur. Hər dəfə Prezidentimizi televizorda görəndə deyirəm ki, can, sənə qurban olum, Allah səni qorusun. Ona görə ki, sən bizim köçkün adımızı üstümüzdən götürdün. Prezidentimiz harasa səfər edəndə ay Allah, necə qorxuram, həyəcanlanıram?! Elə bil ki, öz övladımı harasa yola salıram. O gün yenə televizorda danışırdı. Deyirəm, can, qadan alım, nə qədər ziyalı olsam da, evim, işim də olsa deyirdilər ki, köçkündür, bu söz məni üzürdü. Möhtərəm Prezidentimiz İlham Əliyev bizim qürurumuzu, şərəfimizi, yurdumuzu, evimizi, ocağımızı, xatirələrimizi, xoşbəxt günlərimizi özümüzə qaytardı.

Deyilənə görə, bizim evimizdə bir erməni hərbiçisi yaşayıb. Ona görə də dağılmayıb. Amma indi çox yaxşı təmir edilib. Evimizin köhnə əşyalarından təkcə pianino qalıb. Ustalar dedilər ki, onu aparıb başqa yerə qoyublar. Deyəsən, Laçında qalmış köhnə əşyalardan muzey düzəldəcəklər. Zemfira xanıma sual verdik ki, yəqin, həmin pianino ilə bağlı xatirələriniz var? Cavab verdi ki, əlbəttə var. O pianinoya rəhmətlik yoldaşımın barmaq izləri hopub. O, həm tar, həm də saz çalırdı. Sazını divardan asılı qoydu getdi...

Bu açar adi açar deyil...

Xəbər tutandakı Laçına gedirəm, həyəcandan hazırlaşa bilmirdim. İkinci köçlə Laçına qayıtdım. Söhbətin bu yerində Zemfira xanım bizi qonşu otağa dəvət etdi. Orada köhnə bir mebel diqqətimizi cəlb etdi. Dedi ki, onu Bakıdan gətirmişəm, təzəsini almağa gücüm çatır, ancaq o mebelə baxanda köhnə xatirələrim yada düşür. Elə bu zaman müsahibimiz evinin təzə açarını bizə göstərib dedi: Gör necə gözəl bir dövlətdə yaşayırıq, Qəhrəman Ali Baş Komandanımız var. Allah onun və Mehriban xanımı başımızın üstündən əskik eləməsin. Hər qüdrətli kişinin arxasında gözəl, bacarıqlı, güclü bir qadın olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Onların sayəsində biz torpaqlarımza, evimizə, yurdumuza qayıtdıq.

Göz yaşlarını saxlaya bilməyən Zemfira xanım dedi ki, övladlarıma vəsiyyət etmişəm ki, evimin bu açarını mənim qəbrimə qoyarsınız. Çünki bu açar adi açar deyil, bu, bizim tale açarımızdır, həyat açarımızdır. Yatsaq yuxumuza da girməzdi ki, biz nə vaxtsa Laçına qayıda bilərik. Bu ləyaqətli qayıdış böyük bir epopeyanı, şərəfli tarixi, dərin mənəviyyatı əks etdirir. Bura qayıtdıqdan sonra ermənilər atəşkəsi pozdular. Onda qonşular gəlib dedilər ki, Zemfria xanım, nəsə olsa, sizi özümüzlə aparacağıq. Mən də dedim ki, heç hara getməyəcəyəm, ölsəm də burda qalacam. Mən bir dəfə köçkün olmuşam. Çünki bura qayıdandan sonra gəncliyim özümə qayıtdı. Mən bura gələndə yıxılırdım, çəliksiz yeriyə bilmirdim. İndi maşallah, buranın havası, suyu məni sağaldıb.

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

İsmayıl SƏFƏRZADƏ (FOTO),

"Respublika".

Bakı-Laçın-Bakı.