Laçının dirçəliş dövrü
Region

Laçının dirçəliş dövrü

Otuz il ərzində işğalçı  Ermənistanın zülmətə qərq etdiyi və viranəyə çevirdiyi Qarabağda və Şərqi Zəngəzurda indi işıqlar yanır, haqqın, ədalətin, qələbənin təntənəsi yaşanır, hayların törətdikləri xarabalıqlar cənnətə dönür, orada yeni həyat başlayır, yurd həsrəti yaşayan insanların qayıdışı baş verir, torpaqların üzərinə çökən sükutun ağır nəfəsini indi uşaq gülüşləri əvəz edir, ellərimiz toy-büsata bürünür.

Ermənilərin cəhənnəmə çevirdikləri torpaqlarımızda çəkilən geniş yollar bizi əsl  cənnətə aparır,  yaralı torpaqlarımıza məlhəm qoyulur. Daş da, torpaq da sevinir, bu büsatı bizə bəxş edən şəhidlərin ruhu dinclik tapır, yaralıların yarası daha sızıldamır, qazilərin çöhrəsindən fərəh süzülür. Cənnəti görmək istəyənlər təkcə Laçına baxsalar kifayətdir, dağların sinəsində bir inci kimi modern şəhər bərq vurur, tarixin qaranlıq səhifələri aydınlığa, qürura, iftixara, qələbəyə, zəfərə çevrilir, yeni bir quruculuq və gələcək uğurların dastanı yaradılır.

Şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tariximizin yeni və şərəfli səhifəsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Müharibədən dərhal sonra İkinci Qarabağ müharibəsi zamanı geri alınan ərazilərimizdə bərpa və yenidənqurma işlərinə başlanıldı və bu gün uğurla davam edir. Yurd yerlərinə qayıdışı əhatə edən ən iddialı layihələrdən biri də "Ağıllı kənd"lərin qurulması idi. Ermənilər tərəfindən  yandırılan və evləri uçurulan ərazilərdə yüz minlərlə  insanın yaşayacağı ultra müasir kəndlər salınır. Həmin kəndlərdə uşaq bağçası, məktəb, supermarket, bank, xəstəxana var, iş yerləri yaradılır, parklar salınır. Amma hər şey o qədər də sadə deyil. Bir il əvvəl indiki yerli sakinlərin böyük əksəriyyəti məcburi köçkünlər idi və onlar indi öz doğma yurdlarına qayıdırlar. Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri modern üslubda qurulur. Bu kəndlərdə səliqəli yaşıl örtüklü evlər, təzə qazon, günəş enerjisi ilə işləyən küçə işıqları ideal kəndin görkəmindən xəbər verir. Bu kəndlər ermənilərin törətdiyi xarabalıqların yerində salınıb. Özü də qısa müddət ərzində. Azərbaycan qurur, yaradır, bölgəyə sülh və tərəqqi gətirir, öz vətəndaşlarının, keçmiş məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırır, işğaldan azad edilən torpaqlara həyat qaytarır. Məğlub Ermənistan isə ötən iki il yeddi ay ərzində sülhü möhkəmləndirmək üçün heç bir iş görməyib, əksinə, vaxtaşırı hərbi diversiyalar törədilir, şərti sərhəddə atəşkəs tez-tez pozulur, bölgədə gərginlik yaratmağa cəhd edilir. Ermənilər odla oynadıqlarının fərqində deyillər, yenidən ölüm və qan bataqlığına düşmək istəyirlər. Hər halda sağlam düşüncə, sülh və əməkdaşlıq  mövqeyində dayanan rəsmi Bakının səbri tükənməz olmayacaq, ermənilərin ağlı köhnə əyyamlara getməsin, nə qədər gec deyil, gəlib bayrağımızın altından keçsinlər. Kor deyillər ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini görürlər, hiss edirlər, ən müasir şəhərsalma üslubunda tikilən şəhərlərə qayıdan keçmiş məcburi köçkünlərə yaradılan şərait haqqında eşidib görürlər. Azərbaycan Laçın şəhərini yenidən tikməklə bütün dünyaya göstərdi ki, bu torpaqların sahibi odur, cəmi 8-9 ay ərzində, heç bir il keçməmiş sıfırdan və xarabalıqların arasında yeni bir şəhər tikildi. Artıq bu gün  Laçına keçmiş məcburi köçkünlər qayıdır, hər cür şəraiti olan modern evlərdə yaşayırlar, gələn qonaqları qəbul edirlər. Avqustun 26-da Laçın Şəhəri gününün keçirilməsi ilə bağlı təntənələrdə iştirak edən dövlətimizin başçısı İlham Əliyev şəhər haqqında danışarkən bildirdi ki, bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır. Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.

Sözün həqiqi mənasında, xarabalıq və viranəlik arasından qılınc kimi sıyrılıb çıxan Laçının dirçəliş dövrü başlayıb. Hazırda 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər də hazır olacaq. Böyük qayıdış qürurla, uğurla, toy-bayramla davam edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz, Qalib Ali Baş Komandandır. Şəhidlərin  qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün Laçındayıq, Füzulidəyik, gələcək günlərdə Ağdama, Kəlbəcərə, Qubadlıya, Zəngilana, Cəbrayıla, Xankəndiyə, Ağdərəyə qayıdacağıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Zabux kəndinə köçən keçmiş məcburi köçkünlərlə görüşən, onların yeni evlərinə xeyir-dua verən, uşaqlarla söhbət edən dövlətimizin başçısı bir daha verdiyi vədi yerinə yetirdiyi üçün qürurla bildirdi ki, əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhər Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Qeyd edək ki, Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilib.

Qeyd edək ki, artıq avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qayıdıb. Hər bir sakinlə söhbət edən dövlətimizin başçısı bildirdi: "Bu gün buradayam. Buranı ermənilər zəbt etmişdilər, burada qanunsuz məskunlaşma aparmışdılar, xaricdən erməniləri gətirmişdilər və burada özləri üçün evlər tikmişdilər. Onların heç biri də qalmayıb. Mən dedim, buraya gələn zabuxlular Azərbaycan dövləti tərəfindən tikilən evlərdə qalmalıdırlar. Bu gecə öz ana torpağımızda, öz yerimizdə çox rahat olmuşuq, xoşbəxt yaşayın, qurun, yaradın". Əsas odur ki, insan öz doğma torpağında yaşayır, azad edilmiş torpaqda yaşayır və qürurla yaşayır. Zabux təntənəsi onu göstərdi ki, Prezident-vətəndaş dialoqunun əsas xarakteri birlik, həmrəylik, səmimi münasibət, doğmalıqdan ibarətdir, polad kimi əyilməzdir. Bu, Azərbaycan modelidir, bu, milli birlik düsturudur, bu, monolit bağlardır, gələcəyin özüdür, Qarabağın və Şərqi Zəngəzurun əbədi qayıdışıdır!

Salman ALIOĞLU,

"Respublika".