Lobbiçilərin korrupsiya çirkabı AP-ni bulandırır
Siyasət

Lobbiçilərin korrupsiya çirkabı AP-ni bulandırır

Avropada anti-Azərbaycan blokunun fəaliyyəti əslində bir ovuc fransız, erməni əsilli, korrupsiya bataqlığına batmış rəsmilərin böhtan və təxribatlarından ibarətdir. Saxta ictimai rəy formalaşdırmaq, ölkəmizin artan nüfuzuna xələl gətirmək, əssasız və böhdan dolu iddialarla ittiham etmək sözügedən blokun vərdişinə çevrilib.

Xüsusilə Avropa Parlamentində cəmlənən bu qruplar vahid mərkəzdən idarə olunur, Yelisey sarayının tezisləri əsasında parlamentdə ölkəmizə qarşı mənfi imic formalaşdırılır. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi də elə sözügedən rüşvətxorların ideyasıdır. Bu qərarın ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı yeni qətnamə də qəbul edib. Qətnamədə Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer alıb.

Kağız parçasından başqa bir şey olmayan bu qətnamələr ayrı-ayrılıqda anti-Azərbaycan blokunun üzvlərini ifşa edir. Məlumdur ki, parlamentin təzadlarla dolu mövqeyi reallığa uyğun deyil. Azərbaycan bir çox Avropa ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təminatında da ölkəmiz liderliyi ilə seçilir. Bütün bunlara rəğmən, "qoca qitə"dəki yaramazlar bir növ panika yaratmağa çalışırlar. Şübhəsiz ki, bu işdə onların aləti məhz haylardır. Ortaya qoyulan arqumentlərdən də göründüyü kimi, Azərbaycan "etnik təmizləmə", "soyqırımı", "gərginlik yaratma" kimi əsassız ittihamlarla qarşılaşır. Anti-Azərbaycan blokunun "təzyiq aparatı" kimi Avropa Parlamentinin bu yanaşması heç şübhəsiz, Makron, Şvabe, Borrel, Karapetyan kimilərinə yalnız təsəlli ola bilər.

Xüsusi vurğulamaq lazımdır ki, bir neçə qərəzli qruplaşmanın parlamentdə yaratdığı şouya heç də bütün iştirakçılar qoşulmur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzuna güvənən, arxalananlar da var. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səy göstərən Fransanın qonşusu Almaniya bu siyahıya daxildir. Təsadüfi deyil ki, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bu məsələlərə bir daha toxundu. Ölkə başçısı Azərbaycanın guya Ermənistan üzərinə hücum planı olduğunu deyənlərə, anti-Azərbaycan siyasəti sərgiləyənlərə tutarlı cavab verdi: "Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir".

Avropa Parlamentində artan anti qüvvələr görünür, erməni lobbisinin "əli bol" vaxtına düşüblər. Kollektiv qaydada yürüdülən bu siyasətin pərdəarxasında şübhəsiz ki, qərəzli qüvvələr dayanır. AP-nin keçmişi bu tip korrupsiya qalmaqalları, satınalınan deputatların ifşa olunması faktları ilə doludur. Belə ki, 2022-ci ildə qurumun vitse-spikeri Eva Kaylinin rüşvət aldığına görə həbs olunması buna əyani misaldır. Təsadüfi deyil ki, korrupsiya çirkabına bulaşmış bu qadın həm də anti-türk meyilləri ilə seçilir. İllərdir ki, Türkiyənin Ermənistana təhdid olduğunu bildirən də elə Kaylindir. Bu yolla keçmiş avropalı rəsmi haylara yardım toplamaqla regionda mövqeyini möhkəmlətməyə çalışıb.

Sözsüz ki, korrupsiya qalmaqalları bununla da bitmir. Əvvəla qeyd edək ki, lobbiçilərin pulu orada oturanların bəziləri üçün şərəf və ləyaqətdən daha çox önəmlidir. Diqqət yetirsək görərik ki, Avropa Parlamentindəki hər seçki öncəsi Azərbaycana qarşı cəbhə açılır, "əli cibində olan" deputatlar saxta arqumentlərlə ölkəmizi ləkələməyə cəhd edirlər. Bütün bunlar erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa xidmət edir. Bəs, bu "ələkçiyə qıl verən"lər kimlərdir?

Qeyd edək ki, adı çirkli pulların yuyulmasında və maliyyə fırıldaqlarında dəfələrlə hallanan, Brüsseldə yaşayan erməni əsilli Yunanıstan vətəndaşı Kaspar Karapetyan, xüsusilə antiterror tədbirlərindən sonra fəallaşıb. Almaz biznesi ilə məşğul olan Karapetyan ələ aldığı bir qrup deputatdan istifadə edərək hətta Avropa İttifaqının ümumi gündəliyinə müdaxilə etməyə, öz biznes maraqlarına uyğun olmadığı üçün Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiya paketinə almaz biznesinin daxil edilməməsinə çalışır. Heç şübhəsiz, bu gün brilyant və almazların parıltısına kor olan siyasətçilər anti-Azərbaycan blokunun fəal iştirakçısı kimi çıxış edirlər. Bir məqamı da qeyd edək ki, Karapetyan erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq nəticəsində bir çox nüfuzlu siyasi lideri öz tələsinə salıb, "marionetka"sına çevirməyi bacaran bu cinayətkar hələ də azadlıqdadır.

Cənubi Qafqazda və beynəlxalq məkanda hər bir oyunçu bilməlidir ki, Azərbaycan öz haqq işinə sadiqdir. Ölkəmiz müstəqil iqtisadiyyatı, daxili və xarici siyasəti ilə heç bir koalisiya, güc və təsir mexanizmindən asılı deyil. Yaxşı bilirik ki, bütün bunlar hayların sülhdən yayınma manevrləridir. Hansı ki, bunun sonu haylar üçün yaxşı heç nə vəd etmir. O ki qaldı Avropa İttifaqı, həmçinin Avropa Parlamentinə, qərəzli güclərin boyunduruğu altında iş görənlərin səriştəsi 30 ildir ki, Azərbaycana bələddir. Tarixi ədaləti təkbaşına bərpa edən qüdrətli dövlətimizi spekulyasiya və manipulyasiyalarla zəiflətməyə çalışanlar sonda yenə məğlub olacaqlar.

Nurlan ABDALOV,

"Respublika".