Mahrızlının qəhrəman övladları
Region

Mahrızlının qəhrəman övladları

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rəhman Əliyevin xatirəsi anılıb. Şəhidin ailə üzvlərinin, mədəniyyət işçilərinin, Birinci Qarabağ müharibəsi veteranlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə Birinci Qarabağ müharibəsi iştirakçısı Saleh Cabbarov və şəhidin qardaşı Bəhmən Əliyev çıxış edərək, Rəhmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan, I və II Qarabağ müharibəsində Azərbaycan oğullarının müstəqilliyimizin və torpaqlarımızın müdafiəsi üçün apardıqları mübarizədən, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi qələbədən danışıblar.

Anım mərasimində məlumat verilib ki, Rəhman Zakir oğlu Əliyev 1970-ci il yanvarın 15-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü başlayanda Rəhman da könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb. Ağdam-Əsgəran istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralansa da, sağalandan sonra yenidən döyüşlərə qatılıb. 1992-ci il noyabrın 1-də Xramord kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İllər ötüb keçsə də, Birinci Qarabağ müharibəsinin şəhidləri unudulmur, onların adları əbədiləşdirilir, xatirələri uca tutulur, ailələrinə dövlət dəstəyi göstərilir. Mərasim iştirakçıları sonra şəhid Rəhman Əliyev haqqında hazırlanmış videoçarxı izləyiblər.

Salman ALIOĞLU,

“Respublika”.