Makrona gözlənilməz zərbə
Siyasət

Makrona gözlənilməz zərbə

Bir müddət əvvəl Parisdə keçirilən Ukraynaya dəstəklə əlaqədar sammitdən sonra Emmanuel Makronun verdiyi bəyanat mübahisəli məqamları ilə böyük rezonans doğurmuşdu. Fransa rəhbərinin bu təklifinə Kreml də sərt reaksiya vermişdi. Hətta Qərbin özündə də Makronun bəyanatı birmənalı qarşılanmadı və NATO-nun Ukraynaya qoşun yerləşdirmək kimi məqsədi olmadığı da tez bir zamanda aydınlaşdı.

NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmir və Makronun açıqlamasını dəstəkləmir. Lakin Makron Ukraynadakı müharibənin tezliklə bitməyəcəyini düşünərək fürsətdən istifadə edib, Fransanı gələcəkdə Avropa İttifaqının jandarmı səviyyəsinə qaldırmaq istəyir. Az sonra səhv etdiyini anlayan Makron əvvəlki fikrini təkzib edərək öz çıxışında NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı alyans üzvləri arasında konsensus yoxdur söyləmişdi. Yersiz canfəşanlıq və şöhrətpərəstlik sindromu Emmanuel Makronun nə qədər naşı və savadsız siyasətçi olduğunu bir daha sübut edir. Lakin o, baş verənlərdən heç də narahat deyil və bu niyyətində ciddi görünməyə çalışır. Məsələn, bir neçə həftə öncə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Terri Burkhard NATO-dakı həmkarlarına Ukraynada müdafiə sistemlərinin quraşdırılması, hərbi personalın hazırlığı, kiber əməliyyatların həyata keçirilməsi, minaların təmizlənməsi, hərbi təlimlər də daxil olmaqla bir sıra əməliyyatların aparılmasını öz boynuna götürmək istəyən ölkələrdən ibarət koalisiya yaratmaq təklifini irəli sürmüşdü. Görünən odur ki, Makron hakimiyyəti heç də Ukraynanın hazırkı durumundan narahat deyil, onun məqsədi tamamilə başqadır. O, özünü böyük güclər arasında lider kimi göstərməyə cəhd edir. Çünki statistik rəqəmlər göstərir ki, Parisdən Ukraynaya göndərilən hərbi dəstək, Almaniya ilə müqayisədə çox azdır. Fransa Ukraynaya indiyədək təxminən 6,8 milyard avro, o cümlədən 2024-cü il üçün vəd etdiyi 3 milyard avro, Almaniya isə son iki il ərzində 17,7 milyard avro civarında hərbi yardım göstərib. Buna baxmayaraq, Paris Berlindən daha çox hərbi resurslara malik olduğunu və Ukraynanı zaman-zaman hərbi vasitələrlə, o cümlədən uzaqmənzilli raketlərlə təmin edəcəyini bəyan etsə də əməli iş görməkdən çox mənasız bəyanatlara üstünlük verir.

Məsələ ilə bağlı yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində ölkəsinin Fransanın hərbi kontingentinə ehtiyacının olmadığını bildirib. Zelenski qeyd edib ki, nə qədər ki, Ukrayna müqavimət göstərir, Fransa ordusu Fransa ərazisində qala bilər. Sizin uşaqlarınız Ukraynada ölməyəcəklər. Zelenski Ukraynanın NATO üzvü olmadığını xatırladıb, eyni zamanda bildirib ki, Ukrayna əsgərlərinə təlim keçmək, silah istehsalı və təmirini öyrətmək üçün alyansın hərbi və texniki personalının gəlişinin əleyhinə deyil.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron sözügedən məsələdə müttəfiqlər arasında konsensus olmadığını qeyd etsə də, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edir. Ardınca isə rəsmi Paris açıqlama verib ki, söhbət hərbi əməliyyatlarda əcnəbi hərbçilərin iştirakından getmir. Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmiş, daha sonra ifadəsində düzəliş edərək bir şeyi istisna etməmək, onu etməklə eyni deyil.

Ukrayna Prezidenti Zelenskinin məsələ ilə bağlı çıxışını isə Makrona böyük zərbə hesab etmək olar. Yəni Fransa rəhbərliyinin növbəti süni canfəşanlığı fiaskoya uğradı. Zelenski açıq-aşkar onun bu təklifini rədd edərək, Makrona sözün əsl mənasında necə deyərlər, sağı göstərib, soldan zərbə vurdu.

Ramidə YAQUBQIZI,

"Respublika".