Makronun hiyləsi: Ukraynanın bəyənmədiyi silahlar İrəvanda
Siyasət

Makronun hiyləsi: Ukraynanın bəyənmədiyi silahlar İrəvanda

Oktyabrın 3-də İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Katrin Kolonna hərbi yardım haqqında saziş imzalamağa hazır olduqlarını bəyan etmişdi. Bundan sonra bildirilmişdi ki, Fransa 155 mm-lik artilleriya qurğularını, eləcə də tank əleyhinə raket sistemləri olan "Javelin"ləri Ermənistana satmaqda maraqlı olacaq. Piyada döyüş maşınları və 50 ədəd "SHERPA LİGHT", "VAB MK3" və zirehli transpartyorlar da İrəvana ötürüləcək. Hətta Fransa koordinasiyanı təmin etmək üçün yüksək rütbəli zabitlərini də Ermənistan Müdafiə Nazirliyinə ezam edəcək. Artıq Fransa Ermənistana hərbi müşavir göndərəcəyi və onların erməni xüsusi təyinatlılarına təlim keçəcəyini də açıqlayıb. 

Ermənilər, həmçinin qərarlıdırlar ki, quru qoşunlarının, xüsusən də daimi heyətin zabitlərinin hazırlanmasında da Fransa ordusu ilə əməkdaşlıq etsinlər. Artıq proses nəticəsini verməyə başlayıb. Parisdə keçirilən Sülh Forumu  çərçivəsində Fransa Ermənistana "Bastion" çoxməqsədli hücum zirehli texnikası göndərib və üç hava hücumundan müdafiə radarı tədarük etmək niyyətində olduğunu da açıqlayıb. Bu məsələ ilə bağlı "Ouest-France" xəbər portalı maraqlı iddia ilə çıxış edib. "Fransa Ermənistana "Bastion" tipli maşınlar çatdırıb" sərlövhəli məqalədə bildirilib ki, "Arquus" şirkəti tərəfindən istehsal olunan "Bastion" tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulub. Lakin Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib.

Bu məqamda sözügedən texnikanın xüsusiyyətlərinə nəzər salmaq lazım gəlir. "Bastion" "Acmat" şirkətinin istehsalı olan VLRA zirehli avtomobilinin şassisi üzərində yığılıb və ilk dəfə 2010-cu ildə Britaniyada keçirilən sərgidə nümayiş etdirilib. Zirehli transpartyor sinfinə aid olan bu hərbi maşın əsasən Fransa ordusunun Afrikadakı xüsusi təyinatlı dəstələrinə dəstək məqsədilə yaradılıb. Buna görə də texnikanın Ermənistanda, xüsusilə də yüksək dağlıq və sərt iqlim şəraitində istifadəsi kifayət qədər problemlərlə müşahidə olunacaq. Zirehli maşınların Ermənistanda istifadəsi üçün müəyyən modernləşmə və konfiqurasiyada dəyişiliklər lazımdır. Bundan başqa, "Bastion" qorunma səviyyəsinə görə də zəif hesab olunur. Bu maşınlar yalnız 7.62 mm-lik mərmilərdən qorunmanı təmin edir. Yəni 12.7 iriçaplı pulemyot və ya əl qumbaraatanları, tank əleyhinə idarə olunan komplekslərin sursatları effektiv atəş məsafəsində bu texnikaları rahatlıqla sıradan çıxarır. Onların yükgötürmə qabiliyyəti də zəifdir. Maşın asfalt yollarda 2 tona, yolsuzluq şəraitində isə cəmi 1 tona qədər yük daşıya bilir. Bu maşınların döyüşlərdə tətbiqinə dair kifayət qədər mənfi rəylər də mövcuddur. Odur ki, mümkün döyüş şəraitində "Bastion"lar effektiv fəaliyyət göstərə bilməyəcək.

Görünür, Fransa anlayır ki, İrəvanın yeganə çıxış yolu Azərbaycanla sülhə imza atmaqdır. Amma bu, Yelisey Sarayının regiondan "siyasi caynaqlarını" birdəfəlik çəkməsi deməkdir. Təbii ki, Paris bununla razı deyil və yeni mərhələdə Ermənistanın silahlandırılması da sülh prosesinin qarşısının alınması, başqa sözlə, Cənubi Qafqazda sülhə nail olunmaması cəhdi kimi qiymətləndirilməlidir. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bu isə birmənalı şəkildə qəbuledilməzdir. Bu səbəbdən, məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi reaksiya verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Ermənistan və Fransa bölgədə silahlanmaya, hərbiləşmə siyasətinə son qoymalı, sülhün, əməkdaşlığın alternativinin olmadığını anlamalıdırlar.

Paşinyan hökuməti dərk etməlidir ki, çoxvektorlu əks-qütbdə dayanan güclərin bölgəyə gətirilməsi Ermənistan üçün ciddi problemə çevrilə bilər. Yəni Avropa təmsilçilərinin Cənubi Qafqaza daxil olması və burada varlığını sürdürməsi Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Paşinyan hökuməti bu prosesdə qərbə ümid etməməlidir. İrəvanın təhlükəsizliyi Azərbaycanla sülhə imza atmaqdan və qonşuluq münasibətlərini bərpa etməkdən asılıdır. Əgər Ermənistan regional sabitliyi deyil, qərbin təhrikçi yolunu tutsa, ağır nəticələrilə üzləşməli olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".