Pafoslu Avropa dəyərlərinin arxasında gizlənən neoimperialist siyasət
Siyasət

Pafoslu Avropa dəyərlərinin arxasında gizlənən neoimperialist siyasət

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bildirilib ki, AŞPA-nın əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir. Amma hazırda bu qurum bəzi üzv dövlətləri hədəf almaq üçün səhnə kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. Sözügedən təşkilatda siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm ənənəyə çevrilib. Ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü də bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndirə bilərik. Eyni zamanda bu hazırda Azərbaycanda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhddir. Bəyanatda o da vurğulanıb ki, dünyada heç kim rəsmi Bakı ilə təhdid və şantaj dilində danışa bilməz: "AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. Avropa Şurası Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib".

Nümayəndə heyətimiz bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Bu xalqımıza xas qürur hissindən qaynaqlanır. Azərbaycan suveren, demokratik və multikultural bir dövlətdir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmiz insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olub. 2001-ci ildə AŞPA-ya qəbul olunmağımız da bu proseslərin məntiqi davamı idi. Çünki həmin dövrdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ, insan haqları və demokratiyanı isə təşviq etməsindən irəli gəlirdi. Həmin illərdə torpaqlarının 20%-i işğal edilən və etnik təmizlənməyə məruz qalan, 1 milyona yaxın qaçqın və köçkünü olan Azərbaycan da Avropa Şurası Parlament Assambleyasının bəyan etdiyi dəyərlərin həyatda real tətbiqinə, dolayısı ilə beynəlxalq ədalətin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Lakin üzv olduğumuz təqribi 20 illik dövrdə heç nə dəyişmədi. Diplomatlarımızın həqiqətləri geniş auditoriyaya çatdırmaq cəhdlərinin qarşısı alındı. Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçı siyasəti ilə bağlı irəli sürülən təkliflərin və qətnamə layihələrinin müzakirəyə çıxarılmasına süni maneələr yaradıldı. Əvəzində əli minlərlə günahsız insanın qanına batan Robert Köçəryan plenar sessiyalarda ayaq üstə alqışlandı. Həmin vaxt anlamışdıq ki, AŞPA da Qərbin digər beynəlxalq təşkilatları kimi bəşəri maraqlardan çıxış etmir və bəzi dairələrin sifarişi altında fəaliyyət göstərir. Bu fikrin özünü daha qabarıq formada göstərməsi isə Vətən müharibəsindən sonraya təsadüf edir. Belə ki, torpaqlarımızın işğaldan azad olunması və 2023-cü ildə separatçıların təslim olması ilə suverenliyimizin bərpa edilməsi regiondan kənar güclərin Cənubi Qafqaza təsir imkanlarını xeyli dərəcədə məhdudlaşdırdı. Bundan sonra Fransa, ABŞ, Almaniya kimi dövlətlər yeni təzyiq mexanizmləri axtarışına çıxdılar. Bu müstəvidə əvvəlcə, Avropa Parlamentindən istifadə olundu, Qranada, Brüssel, Vaşinqton formatlarında ölkəmizə qarşı qərəz nümayiş etdirildi, bəzi Qərb siyasətçiləri yalanlara alət oldu, indi də Avropa Şurası Parlament Assambleyası məkrli dairələrin tapşırıqlarını yerinə yetirir. Buradan aydın olur ki, özünü demokratiyanın beşiyi, hətta tanrısı adlandıran "qoca qitə"nin təbliğ etdiyi dəyərlər boş imiş, arxasında isə səlibçi zehniyyət və yeni növ imperializm siyasəti dayanır.

AŞPA-nın qərarının əsasında dayanan səbəblər və Azərbaycanın bu quruma mövqeyi artıq bəllidir. İndiki məqamda əsas sual sözügedən təşkilatla əməkdaşlığımızı dayandırmağımızın ölkəmizə nə kimi təsirləri olacağı barədədir. Buna cavab tapmaq üçün əvvəlcə, Avropa Şurası Parlament Assambleyasının vəzifə və öhdəliklərinə, eləcə də təsir imkanlarına nəzər yetirmək gərəkdir.

AŞPA Avropa Şurasına üzv olan 46 dövlətin parlamentləri tərəfindən göndərilmiş nümayəndə heyətlərindən ibarət olan Assambleyadır. Onlar ildə dörd dəfə Fransanın Strasburq şəhərində yerləşən Avropa sarayında bir həftəlik plenar iclaslar keçirirlər. Assambleyanın doqquz daimi komitəsi var və onların hər biri öz səlahiyyətləri üzrə hesabatlar, eləcə də qərar layihələri hazırlamaqla məşğul olur. Qurumda ən çox yer sahibinə malik olan ölkələr Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Türkiyədir ki, onların hər biri 18 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Avropa Şurası Parlament Assambleyası üzv dövlətlərin icraedici orqanları üçün məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Yəni o, sadəcə məşvərətçi orqandır. Avropa İttifaqı Şurası və Avropa Komissiyasının müəyyən etdiyi siyasəti icra edir. Bir çox hallarda o qədər geri planda qalır ki, özünü nüfuzlu assambleya hesab edən AŞPA Avropa ölkələrində tanınmır, ən yaxşı halda Avropa İttifaqının alt qurumu kimi təqdim olunur. Yəni ikili standartların yuvasına çevrilmiş təşkilatla əməkdaşlığımızı qeyri-müəyyən müddətə dayandırmağımız ölkəmiz üçün heç bir şey ifadə etmir. Rəsmi Bakı bu qərardan peşman olmayacaq. Çünki hökumətimiz lazım olan yerdə zəruri addımı atıb. Amma Avropa Şurası Parlament Assambleyası barədə eyni şeyi demək mümkün deyil. Səhv siyasətinə görə üzv ölkələrin bu təşkilatdan uzaqlaşması onun reputasiyasına mənfi təsir edir. Bu məsələyə Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyasındakı çıxışında da toxunub: "Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var".

Jalə QASIMZADƏ,

"Respublika".