Makronun uğursuz siyasəti Fransanı zəiflədir
Siyasət

Makronun uğursuz siyasəti Fransanı zəiflədir

"Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubunda vurğulanıb. Ölkə başçımız Fransanın işğal etdiyi ölkələrdə insanlıq əleyhinə saysız-hesabsız cinayətlər törətdiyini, milyonlarla günahsız insanın həyatına son qoyduğunu bir daha diqqətə çatdırıb.

Ötən əsrdə müstəmləkəçiliyin davamı olan neokolonializm siyasəti Fransa ilə bir çox Afrika ölkələri arasındakı münasibətlərdə özünü daha qabarıq şəkildə büruzə verdi. Belə ki, XX əsrin 60-cı illərində köhnə müstəmləkəçilik sistemi tədricən dağılmağa başladı. Neokolonializm sisteminə qoşulan Paris Afrika ölkələrində keçmiş müstəmləkələrinin daxili işlərinə qarışmaqdan əl çəkmədi, bu ölkələrin yeraltı-yerüstü sərvətlərini və onun satış bazarlarını öz əlində saxladı. Fransa yüz illər boyu Afrika qitəsinin böyük bir hissəsini nəzarəti altına alıb. Seneqalı, Benini, Kot-d'İvuarı qul ticarəti mərkəzinə çevirib, qitənin sərvətlərini talayıb, insanlarını qul kimi satıb, xalq üsyanlarının qarşısı amansız şəkildə alınıb. Fransız mədəniyyəti Afrika cəmiyyətində dərin kök salıb, idarəetmədə, təhsildə və kütləvi informasiya vasitələrində fransız dilindən geniş istifadə yerli dillərin və identikliyin qorunub saxlanmasına problemlər yaradaraq neokolonial siyasətə xidmət edib. Böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, Afrika xalqları əsrlər boyu iqtisadi istismara, siyasi müdaxiləyə və mədəni hökmranlığa müqavimət göstərib, mübarizə aparıb. Lakin müstəqilliyinə nail olmayan xalq iqtisadi və siyasi asılılıqlar səbəbindən neokolonializmdən qurtula bilməyib. Bu gün Parisin İnsan Muzeyində azadlıq uğrunda müharibələrdə qətlə yetirilən 18 min döyüşçünün kəllə sümüyünün saxlanılması bu ölkənin müstəmləkə keçmişinin əyani göstəricisidir.

Tarix boyu Fransa Afrikada öz hakimiyyətini fərqli nəzarət mexanizmləri ilə saxlayıb. Belə ki, Parisin keçmiş müstəmləkələri onu ucuz resurslar, işçi qüvvəsi ilə təmin edib. Digər tərəfdən, üsyanlardan, milli-azadlıq mübarizələrindən sonra Afrikada nüfuzunu saxlamaq üçün bu ölkə keçmiş müstəmləkələrinə iqtisadi, mədəni və hərbi-siyasi təsir göstərib, hətta siyasi qətllərdən, hərbi təcavüzlərdən belə çəkinməyib. Həmçinin müstəmləkələri üzərində öz təsir gücünü möhkəmləndirmək, iqtisadi asılılığı dərinləşdirmək üçün fransız frankından, sonralar isə avrodan ciddi şəkildə asılı olan regionlararası "Afrika frankı"nı tətbiq edib. Fransa müstəmləkəsi altında saxladığı Afrika ölkələrinə iqtisadi təsirlə yanaşı, hərbi-siyasi mexanizmlərdən də istifadə edib. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr Fransa ordusunun keçirdiyi hərbi əməliyyatların ağır fəsadlarını yaşayıb.

Bu gün Fransa Afrikada nüfuzunu itirib. Afrika dövlətləri fransız idarəçiliyinə, müstəmləkə siyasətinə artıq son verməkdə qərarlıdırlar. Mali, Niger və Burkina-Fasodan Fransa qoşunlarının qovulması rəsmi Parisin Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu əyani olaraq göstərir. Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir, ölkədə anti-Fransa nümayişləri keçirilir. Bu il sentyabr ayının 24-də prezident Emmanuel Makron Fransa qoşunlarının Nigerdən çıxarılacağını və ölkədəki səfirin geri çağırılacağını elan etmişdir. Avropada nüfuzunu itirən rəsmi Parisin indi də Afrikadan qovulması bu ölkənin yanlış siyasətinin nəticəsidir. Vaxtilə Fransa prezidenti olmuş Fransua Mitteranın "Afrika olmadan Fransanın XXI əsrdə tarixi olmayacaq", Jak Şirakın isə "Afrika olmadan Fransa üçüncü dünya ölkələri səviyyəsinə düşəcək" fikirləri öz təsdiqini tapır.

Neokolonializm meyilləri ilə yanaşı, Fransada irqçilik və islamofobiya da geniş vüsət alıb. Emmanuel Makronun siyasətində müsəlmanlara qarşı nifrət və irqçilik xüsusilə dəstəklənir. Belə ki, 2021-ci il 21 avqust tarixində "Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında" Qanunun qəbul olunması və qanuna uyğun olaraq müsəlmanlara aid təşkilatların, məktəblərin, məscidlərin, müxtəlif təyinatlı müəssisələrin bağlanması rəsmi Parisin islamofob siyasətinin göstəricisidir. Bu gün Emmanuel Makronun erməni lobbisinin təsiri altında Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qalibiyyətini qəbul edə bilməməsi, Ermənistanı silahlandırmaqla yeni münaqişələr yaratmaq cəhdi Fransanın islamofob, türkofob siyasətinin tərkib hissəsidir. Oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə respublikamızda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransda da uzun illərdir beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirən Fransanın insan haqlarını kobud şəkildə pozaraq xalqlar arasında birgəyaşayışa, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olduğu bir daha vurğulanmışdı.

Mehparə ƏLİYEVA,

"Respublika".