MAYOR ANAR NOVRUZOVUN XATİRƏSİ ANILIB
Region

MAYOR ANAR NOVRUZOVUN XATİRƏSİ ANILIB

Şanlı ordumuzun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən üç il ötdü. 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub. Ordumuzun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası, canlı qüvvəsi məhv edilib. İyulun 14-də düşmənin növbəti dəfə təxribat xarakterli hücumu nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və daha 4 hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəlib.

Ordumuzun şəhid mayoru Anar Novruzov Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açmışdı. Milli Ordu sıralarında nümunəvi, şərəfli xidməti ilə tanınırdı. Peşəkar hərbçi, "Akula" ləqəbli kəşfiyyatçı, "AQS-17"nin atası kimi ad-san, nüfuz qazanmışdı. Əfsanəvi "Mixaylo" kimi düşmənin qəniminə çevrilmişdi. Müdafiə Nazirliyi tərəfindən "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli Silahlı Qüvvələrin yubiley medalları, çoxlu Fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, yüksək peşəkarlığına görə Anar Gülverdi oğlu Novruzov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Ərkivan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Ata ocağındakı evin qarşısında büstü qoyulub, ömür yolu haqqında kitab nəşr olunub, sənədli film çəkilib.

Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin qəhrəmanı Anar Novruzovun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar "Zəfərin başlanğıcı - Tovuz döyüşləri" adlı tədbir keçirilib. Mərasimdə şəhid mayor Anar Novruzovun Vətən sevgisindən, Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətlərdən ətraflı söhbət açılıb.

Anar Novruzovun uyuduğu Ərkivan qəsəbə qəbiristanlığında da anım mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, doğmaları, müharibə iştirakçıları, qəsəbə sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Anar kimi qəhrəman oğulların cəbhədə göstərdiyi fədakarlıqlardan, şücaətlərdən danışıb. İyul döyüşlərini şanlı qələbəmizin başlanğıcı kimi dəyərləndirib.

Şəhidin qardaşı Sücəddin Novruzov illər, əsrlər keçsə də şəhidlərin əziz və parlaq xatirələrinin heç zaman unudulmayacağını vurğulayıb. Şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".