Mədəniyyətimizin ən böyük hamisi
Siyasət

Mədəniyyətimizin ən böyük hamisi

"Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Bu il mayın 10-da Azərbaycan xalqının   ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Bu, cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünyamiqyaslı siyasi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərini, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

"Heydər Əliyev İli" çərçivəsində 24-27 aprel tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Milli Muğam Müsabiqəsinin keçirilməsinə start veriləcək. Bu layihə milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır. Milli Muğam Müsabiqəsi şərq dünyasının ayrılmaz parçası olan Azərbaycanda bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərindən olan muğam sənətinin dünyada təbliği baxımdan əvəzedilməz rola malikdir. Təbii ki, müsabiqənin əsas məqsədi iştirakçılar arasından ən istedadlılarını seçməkdən və qaliblərə Beynəlxalq Muğam Müsabiqəsində iştirak hüququ verməkdən ibarətdir. Qeyd edim ki, Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi "Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Təbii ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərlərini dünyada tanıtmasıdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Dahi lider deyirdi: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Danılmaz faktdır ki, müstəqilliyinin bərpasının ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublikamız son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçirdi. Həmin illərdə mədəniyyətdə də qarışıqlıq və qeyri-müəyyənlik, müxtəlif xoşagəlməz hadisələr baş alıb gedirdi. Bu da çağdaş Azərbaycan mədəniyyətinin inkişafına böyük zərbələr vururdu.

Təbii ki, ulu öndərin rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşılırdı. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

1993-2003-cü illərdə ulu öndər yüksək liderlik keyfiyyətləri, bacarığı, zəngin idarəçilik təcrübəsi ilə müstəqil dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq birlikdə layiqli yer qazanması üçün əlindən gələni əsirgəmədi. Ümummilli liderin rəhbərliyi ilə 1993-cü ilin ortalarından təşəkkül tapan Azərbaycan-UNESCO əlaqələri mühüm inkişaf yolu keçərək mədəni irsimizin dünyada tanıdılması və təbliğinə də geniş zəmin yaratmışdır. Dahi şair Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileylərinin UNESCO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi.

Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.

Sonda əminliklə qeyd etmək istərdim ki, bu gün müasir, çağdaş Azərbaycan dövlətinin idarəçiliyini şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də Heydər Əliyev kursunu uğurla davam etdirir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı Dövlət proqramları təsdiq olunmuşdur.

Siyavuş KƏRİMİ,

Azərbaycan Milli Konservatoriyasının rektoru,

Xalq artisti, professor.