Media muzdlularına növbəti zərbə
Siyasət

Media muzdlularına növbəti zərbə

Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra qlobal güclər anti-Azərbaycan fəaliyyətlərini intensivləşdirib. Reallıq budur ki, regional təsirlərə müxtəlif don geyindirilir, rıçaqların çoxaldılması üçün anti-Azərbaycan qüvvələri maliyyələşdirilir, cəmiyyət institutuna destruktiv zərbələr endirilir, "qrant" vasitəsilə muzdlu media "qatilləri" yetişdirilir.

Əgər keçmişdə işğalçılıq siyasəti yürüdən aktorlar nəhəng ordulara, öldürücü silahlara ehtiyac duyurdularsa, müasir dövrümüzdə agentura şəbəkələrinə, satınalınmışlara, ikili standartlar əsasında işləyən beynəlxalq qurumlara daha çox meydan verirlər. Qısası, ideoloji savaşın gündəmdə olduğu bir dövrdə okeanın o tayındakı ABŞ, digər tərəfdən Qərb bloku hücum traektoriyalarını bu istiqamətə dəyişiblər.

Anti-Azərbaycan dairələrinin bu çərçivədə bir neçə istinad nöqtəsi mövcuddur: həssas dəyərlərə müdaxilə, xaos yaratma cəhdləri və fikir ayrılığının geniş yayılması. Əlbəttə ki, bunun üçün daxildə "maşa"lara, "sapı özümüzdən olan balta"lara ehtiyac yaranır. Sözügedən fiqurlar əsasən radikal feminizm, LGBT kimi cəmiyyət institutuna, milli-mənəvi dəyərlərimizə açıq-aşkar zidd olan manipulyasiya və spekulyasiları yaymaqla təlimatlandırılır. Lakin bu, təkcə müəyyən yaş qrupunu "hipnoz" etmək üçün seçilən vasitədir. Digər tərəfdən saxta iddiaların arqumentləşdirilməsi, ölkə daxilində müxaliflikdən daha çox xainliyə əl atılması prosesi qətiyyən yolverilməzdir.

Yaxın keçmişə nəzər salsaq görərik ki, antiterror tədbirlərindən sonra ilk "daş" üstümüzə məhz ABŞ-dan gəldi. Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn ötən il noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmiz əleyhinə əsassız fikirlər səsləndirməsindən sonra qərəzli media qurumları anti-Azərbaycan materiallar dərc etməyə başladılar. Təbii ki, vahid mərkəzdən gələn bu kimi əsassız tezislər ölkəmizdəki "maşa"lara da ötürüldü. USAID-in, Corc Sorosun əli ilə saxta ictimai rəy formalaşdırılmasına başlandı. Heç şübhəsiz, bu addım Amerika Birləşmiş Ştatlarının uzun müddətdir ki, başladığı yeni inqilab strategiyasının davamı idi. Qeyd edək ki, sözügedən rıçaqlar Şərqdə "Ərəb Baharı", Ukrayna və Gürcüstanın daxilində gerçəkləşən "rəngli inqilab"ların müəllifləridirlər. Elə Azərbaycanda da bu "inqilab" dalğasının növbəti mərhələsini reallaşdırmaq üçün cəhdlər edilir. "Abzas media", "Toplum TV", "Azadlıq radiosu" və "Amerikanın səsi"nin Azərbaycan filialı, "Demokratik Təşəbbüslər İnstitutu" (IDI) və digərlərinin "USAID" tərəfindən "dəstəklənməsi" məhz buna işarədir. "Demokratiya", "azadlıq" kimi ali məfhumların arxasında gizlənən cinayətkarlar ölkəmizdə sifarişlər əsasında hədəf bəlirləyir, "qrant" vəsaitləri ilə bu muzdluları maliyyələşirlər.

Bütün bunlara baxmayaraq, qərəzli dairələrin sifarişlərini xüsusi canfəşanlıqla icra edənlər Azərbaycanın ədalətindən yayına bilmirlər. Media "hoqqabaz"ları noyabrın 21-də güclü zərbə aldılar. "Abzas media" xəbər saytının "direktoru" Ülvi Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Daha sonra "direktorun müavini" Məhəmməd Kekalov və "baş redaktor" Sevinc Vaqifqızı da şübhəli şəxs kimi istintaqa cəlb edildi. Müxtəlif donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq edən Ülvi Həsənov və komandası ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED) olmaqla digər təşkilatlar tərəfindən maliyyələşdirilməsi ifşa edildi. Bununla bir daha ölkə daxilində xaos yaratmağa, cəmiyyəti bölməyə çalışanlara hüquq-mühafizə orqanları tərəfindən əsaslı zərbə endirildi.

Qeyd etmək lazımdır ki, muzdluların məsuliyyətə cəlb edilməsi ilə birlikdə sözügedən güc mərkəzləri media vasitəsilə anti-Azərbaycan məzmunlu məlumatların dərcini sürətləndirdi. Bu azmış kimi, "qrantçı"ların azadlığa buraxılmaması insan hüquqlarının pozulması aktı kimi dəyərləndirildi. Hadisələrin pərdəarxası məqamlarına nəzər salsaq görərik ki, Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov qərbin muzdlu "maşaları" kimi fəaliyyət istiqamətlərini genişləndirmişdilər. Onlar "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda ətraflı müzakirələr aparırdılar. Sözügedən "Aleks" (Aleksandra Kirbi) və "Daisy"nin Avropanın müxtəlif təsisatlarından təyinat alması və "azad media"çıları ilə əlaqəyə keçməsi ifşa edildi. Diqqətçəkən məqam isə "Abzas Media"nın timsalında digər media təsisatlarının əldə etdikləri "qrant" vəsaitlərinin məbləğidir. Aralarında Almaniyanın, Fransanın Azərbaycandakı səfirliklərinin olduğu bu kampaniyada, ümumilikdə 113.910 avro və 210.794 ABŞ dolları həcmində vəsait transferi mövcuddur.

Qüdrətli Azərbaycan dövləti isə qeyd edilən dövrdə marionetlərin sahiblərini dəqiqliklə müəyyən etdi. Təsadüfi deyil ki, 2023-cü il noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırıldılar. Görüş zamanı bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "Abzas media" xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırıldı. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, "FreedomNow", "New Democracy Fund" və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "Abzas media"nın fəaliyyətinə qanundan kənar "töhfə"lər verdikləri qeyd olundu.

Sözügedən proseslərdən sonra anti-Azərbaycan bloku anlamalı idi ki, spekulyasiyalara ölkəmizdə yer yoxdur. Qarışıqlıq yaratmaq, cəmiyyətin həssas nöqtələrinə ardıcıl ideoloji hücumlar etmək qəti şəkildə qəbuledilməzdir. Lakin "ağıllanmadılar". "Qrant" vəsaiti adı altında pul axışını daha da artırdılar. Martın 6-da "Toplum TV"nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi məhz bununla bağlı idi. Anti-Azərbaycan blokunun qanunlara zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlillər müəyyən edildi. Qeyd edək ki, faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Əlbəttə ki, proseslər yenə vahid ssenari ətrafında cərəyan etdi. Keçirilən tədbirlərdən sonra hazırda xarici medianın hədəfi məhz Azərbaycandır. Bunun ardınca daha qlobal şəkildə Qərb blokunun rəsmilərinin açıqlamaları gözlənilir ki, bu da sözügedən saxta ictimai rəy formalaşdırma cəhdlərindən sadəcə biridir. Bütün bunların heç biri Azərbaycanda qanunun aliliyinə təsir göstərə bilməz. Aparılan tədbirlərdən sonra həmin şəxslər haqqında cinayət işi də başlanılıb. Bu iş çərçivəsində saxlanılan şəxslərdən bəzilərinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Şübhəsiz ki, qərəzli dairələr Azərbaycanın bu çərçivədəki haqq işinə kölgə salaraq öz çirkin niyyətlərini daha da genişləndirmək istəyirlər. Özlərini "Ədalət qoruyucuları" kimi təqdim edənlərin daxildə insan hüquq və azadlıqlarını necə və hansı formada pozduqlarına bütün dünya şahidlik edir. Yeri gəlmişkən, 2010-cu ildə İsveç tərəfindən həbs edilən "WikiLeaks"in yaradıcısı Culian Assancın taleyi hələ də sual altındadır. Ümumilikdə qeyd edək ki, Assanc üçün 175 il müddətinə həbs cəzası istənilir. Bu səbəbdəndir ki, ölkə daxilində sözügedən şəxsin azadlığı üçün aksiyalar keçirilir, ABŞ-ın qərəzli yanaşması xaosu dərinləşdirir.

Kollektiv Qərb anlamalıdır ki, bu cür mexanizmlərlə vahid və bütöv olan Azərbaycanı parçalamaq, xaosa sürükləmək mümkün olmayacaq. Regional lider dövlət kimi Azərbaycan Cənubi Qafqazda gərginliyi artırmağa çalışanlara imkan verməyəcək.

Nurlan ABDALOV,

"Respublika".