Məhkəmə orqanlarında mütərəqqi yeniliklərin müəllifi
Siyasət

Məhkəmə orqanlarında mütərəqqi yeniliklərin müəllifi

Müstəqil Azərbaycan tarixinin bütöv bir mərhələsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Mənsub olduğu xalqın və dövlət müstəqilliyimizin tarixində və taleyində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Azərbaycan xalqının ümummilli lideri miqyası və şöhrəti qazanmış Heydər Əliyev xalqımızın və dövlətimizin tarixində şərəfli yer tutmuşdur. Tərəddüd etmədən demək olar ki, respublikamıza 30 ildən çox müddətdə rəhbərlik etmiş Heydər Əliyev Azərbaycan xalqının əbədiyyət rəmzidir. Müasir Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun parlaq səhifələri ulu öndərin adı ilə bağlıdır.

Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyevin öz dövləti və xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Hələ sovet hakimiyyəti illərində Azərbaycanın tərəqqisinə, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına və cəmiyyətin firavanlığına nail olan Heydər Əliyev ikinci rəhbərliyi dövründə respublikamızın müstəqilliyini təmin etmiş, müasir Azərbaycan dövlətinin banisinə çevrilmiş və bugünkü inkişafın təməlini qoymuşdur.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə, ilk növbədə, uğurlu dövlət-vətəndaş birliyi platformasına söykənərək ictimai nizam-intizamı, siyasi sabitliyi təmin etmiş, milli təhlükəsizliyin sarsılmaz əsaslarını yaratmışdır. O, "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!" tezisi ilə əsl vətəndaş mövqeyi ortaya qoyaraq milli təəssübkeşliyin nümunəsini göstərmişdir. Böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan qorumuş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı xahişi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müasir Azərbaycan dövlətinin qurulması prosesi, onun uğurlu inkişafı konsepsiyası kimi respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları məhz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz dövlətçilik məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı da dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz onun sayəsində əbədi xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə məhz ulu öndərin müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Bugünkü müstəqil Azərbaycan Respublikasında cəmiyyət həyatının istənilən sahəsindəki tərəqqiyə nəzər salarkən mütləq həmin uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun prinsiplərini görürük. İslahatlar aparılmış, müasirləşdirilmiş və dünya təcrübəsi əsasında yenidən qurulmuş ədliyyə və məhkəmə sistemimiz də məhz öz inkişafına Heydər Əliyev siyasi müdrikliyi sayəsində başlamışdır. Bu, bir tarixi faktdır. Ancaq o da faktdır ki, ədliyyə sistemimiz həm ötən əsrin 70-80-ci illərində, həm də ulu öndərin siyasi hakimiyyətə qayıtdığı 1993-cü ilin yayından 2003-cü ilin payızına qədər məhz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində inkişaf etmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev ədliyyə orqanlarının və məhkəmə hakimiyyətinin inkişafına xüsusi diqqət göstərir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir. Zaman keçdikcə ideyaları qəlbimizdə əbədi yer alan Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, təcrübəsi, siyasi irsi Azərbaycanı daha parlaq gələcəyə aparır. Heydər Əliyev irsi dövləti idarəetmə nümunəsi olmaqla yanaşı, həm də nəsillərə mənəviyyat örnəyidir. Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin fiziki yoxluğundan illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur və onu daim qəlbində yaşadır.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və geniş məzmunda, konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir!

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın tarixində də, sabahında da iştirak edən, xalqımızın və ölkəmizin yollarına daim işıq salan tarixi şəxsiyyətdir. Möhkəm müstəqil dövlətçilik mövqeyi, dönməz iradə və ümummilli ideallar Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri mövqeyinə çatdırmışdır. Heydər Əliyevin qazandığı ümummilli liderlik ucalığı Azərbaycan xalqının siyasi və mənəvi ucalığının rəmzidir.

Azərbaycanın demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşdırılmışdır. Ulu öndərin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur. Həmçinin sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi konseptual qərarlar qəbul olunmuş, sağlam hüquqi bünövrə yaradılmışdır.

1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin demokratik dəyərlərə sadiq dövlət kimi inkişafına geniş yol açdı. Konstitusiyada əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1998-ci ilin fevralın 10-da ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ümummilli lider ölüm hökmünü ləğv etməklə beynəlxalq aləmə humanizmliyini bir daha nümayiş etdirdi.

1995-ci ildən başlayaraq mühüm hadisələr və bayramlar ərəfəsində əfv fərmanları və sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul edilməsi sistemli xarakter aldı. Səhvini anlayan, əməllərindən peşmançılıq keçirənlər ulu öndər Heydər Əliyev tərəfindən əfv edilir və onların yenidən normal həyata qayıtmalarına imkan yaradılırdı.

Bu gün biz məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olmağı, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünyaya günəş kimi doğur.

Fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də təkmilləşdirilməsini tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır və sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Respublikada inamla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qısa müddətdə mühüm nəticələr verməsi isə müəyyən mənada ədliyyə sisteminin mütərəqqi mahiyyəti ilə bağlıdır. Azərbaycanda yeni dövrün tələblərinə adekvat olaraq həyata keçirilən ədliyyə islahatları ölkənin hüquq sisteminin müasirləşdirilməsinə, habelə ədliyyə orqanlarının cəmiyyətdəki nüfuz və mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu insan hüquq və azadlıqlarının təmin olunması siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəlib. Respublikamızda həyata keçirilən bütün hüquqi islahatların mərkəzində də hüquq sisteminin zamanın çağırışlarına uyğun formalaşdırılması ilə yanaşı, məhz vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı dayanır.

Hələ sağlığında əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünyaşöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan əmin əllərdədir və ulu öndərin ideyalarını hər zaman rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan xalqı və dövləti var dünyamiqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.

Müstəqil Azərbaycan dövlətinin keçirdiyi ağır sınaq illərində, dövlətçiliyimizin ən çətin günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır.

Bu gün  Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə inamla adlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.

 

Babək QASIMOV,

Ağsu Rayon Məhkəməsinin sədri.