Məqsədyönlü siyasətin nəticəsi
Siyasət

Məqsədyönlü siyasətin nəticəsi

Məlum olduğu kimi, artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. 10 noyabr sazişində sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi.

Qarabağla bağlı aparılan uğurlu siyasət nəticəsində Rusiya sülhməramlılarının ölkə ərazisindən çıxarılması əlamətdar hadisədir.

Həmçinin Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına ABŞ-ın reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq” olduğunu bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını mənfi tərzdə şərh etməsi rəsmi Vaşinqtonun riyakarlığının göstəricisidir.

Bu, bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar və onun bitməsini istəmirlər.

İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu.

Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu nümayiş etdirdi.

Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, rəsmi Vaşinqton regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

2023-cü ilin antiterror tədbirlərindən bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli Amerika-Rusiya-Aİ görüşünü də yaxşı xatırlayırıq. Bu görüş Amerika və Qərbin Azərbaycanın suverenliyinin tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə sövdələşməyə hazır olduğunu göstərdi.

Heç şübhəsiz ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq.

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin deputatı.