Bu dəyərlərə tapınan Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsl azərbaycanlı obrazını gerçəkləşdirir
"Hər kəsin həyatda yerini və taleyini tarix müəyyən edir", - deyir Mehriban xanım. - Öz rolunu, öz obrazını isə özü yaradır, insanların sevimlisinə çevrilir, mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına çalışır. Elə bu səbəbdən də Heydər Əliyev Fondunun fəaliyyətə başladığı ilk vaxtlardan xeyriyyəçilik missiyası ön planda olub. Ulu öndərin zəngin mənəvi irsini, onun azərbaycançılıq ideyalarını, bu ideyaların əsasında humanistliyin dayandığını bütün dünyaya sübut etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı ilk gündən dövlət başçısı İlham Əliyevlə birlikdə türk qardaşlarımızın yanında olması da söylədiklərimizin bariz nümunəsidir.
"Hər zaman birlik və həmrəylik nümayiş etdirmək, bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyimiz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin əbədiliyinin növbəti əyani sübutudur". Bu fikirləri Türkiyədə baş verən dəhşətli faciədən sonra rəsmi instaqram səhifəsində dəfələrlə paylaşımlar edən Mehriban xanım Əliyeva növbəti paylaşımında bildirib. O, özünün xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur.
Mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük təşəbbüs göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş ölkəyə yardım aparan Fond əməkdaşları ilə görüşündə Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ilə əlaqədar səfərbər olmasına görə təşəkkürünü ifadə edib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!". Bəli, bu fikirlərin səsləndirilməsi onu göstərir ki, Azərbaycan-Türkiyə həqiqətən eyni soykökə malik əsl dost, qardaş ölkədir.
Bəli, xoş əməllər heç zaman cavabsız qalmır. Mərhəmətlə, humanist duyğularla kiminsə sınıq qəlbini ovudan, insanlara sevgi bəxş edən hər bir kəs özü haqqında xoş, müsbət fikir formalaşdırır. Bəşəriyyətin humanizm, mərhəmət tərənnümçüsü olmaqla Mehriban xanım da təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir.
Bu gün təməl prinsiplərində ulu öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına, iki ölkə arasında birgə nümayiş olunan həmrəyliyə mühüm töhfələrini verməklə xeyirxahlıq missiyasını uğurla təbliğ edir.
Nurəngiz ADİLQIZI,
"Respublika".