“Miatsum
Siyasət

“Miatsum" kitabı əbədi bağlandı

Zəfər bayramına sayılı günlər qaldığı vaxtda Azərbaycan torpaqları öz doğma sahiblərinə qovuşub. Belə ki, Ali Baş Komandanımız Xankəndidə Azərbaycan bayrağını ucaldıb. Ölkə başçımız bu münasibətlə Azərbaycan xalqını təbrik edib. Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu illərdən və postmüharibə dövrünün reallıqlarından söz açıb. Xüsusi vurğulanıb ki, zəfərə aparan bu şərəfli yolda Azərbaycan xalqının, Ordusunun xüsusi yeri, əməyi var. Onların qanı bahasına alınan bu torpaqlarda Azərbaycan bayrağı qürurla dalğalanır.

3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi dönəmində əsgərlərimiz torpaqlarımızı azad etdikcə bayrağımızı sancmaq üçün salamat yer tapmırdılar. Bu gün isə şanlı bayrağımız ölkəmizin bütün guşələrində dalğalanır. Özləri kimi qondarma olan separatçıların "bayrağı" isə ayaqlar altında tapdalanır.

Ölkə başçımız antiterror tədbirlərindən və onların vacibliyindən danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, 30 il ərzində ölkəmizə hədə-qorxu gələn, "Bakıya qədər gəlib çıxacağıq", - deyən qondarma liderlər 23 saat ərzində başa çatan antiterror tədbirlərini yaddan çıxarmasınlar. Əgər unudarlarsa, qondarma liderlərin tutulma kadrlarına və Azərbaycan Ordusunun 44 gün ərzində nail olduğu qələbəyə yaxşı baxsınlar.

Prezident İlham Əliyev səfər çərçivəsində separatçıların "prezident sarayı" kimi istifadə etdiyi binaya baxış keçirib. Bu zaman ölkə başçımız otaqların birində "böyük Ermənistan xəritəsi"nə rast gəlib və reaksiya verib: "Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur". Xəritəyə diqqətlə nəzər salsaq görərik ki, Azərbaycanın Cənub, Cənub-qərb, o cümlədən Cənub-şərq hissəsi, həmçinin İran, Türkiyə, İraq və Suriya ölkələrinin böyük bir hissəsini "Böyük Ermənistan" xülyası altında birləşdirib. Buradakı sərhədlər gülünc mənzərə yaradıb. Lakin bir neçə məqam var ki, burada xüsusi nəzərə çarpır. Belə ki, Ermənistan uzun müddətdir İranla "qardaş" olduqlarını vurğulayırdı. İran isə artıq yavaş-yavaş hayların riyakarlığı ilə üzləşir.

Bundan başqa, türk dünyasını özünə düşmən seçən Qərb qonşumuz Türkiyənin şimal-şərq hissəsini "Böyük Ermənistan"a daxil edib. Lakin buna inamı olan haylar nədənsə, Qara dənizə çatmamış sərhədlərin genişlənməsini dayandırıb. "Gözütox" Ermənistan 630 mindən çox nəfərə mənsub hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi gücə malik Türkiyə Silahlı Qüvvələrinin qarşısını alacağını düşünür. Həmçinin Ermənistan unudur ki, Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş ölkədən biri olan Türkiyənin proqrama uyğun olaraq 90 ədəd B61 nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Öz iştahına qalib gələ bilməyən qondarma liderlər Suriya və İraq torpaqlarına yiyələnməyi də niyyət ediblər. Lakin bunlar hamısı xülya olaraq tarixin tozlu vərəqləri arasına qarışıb itəcək. Çünki Azərbaycanın Müzəffər Ali Baş Komandanının uğurlu siyasəti, şanlı Ordusunun əzmkarlığı nəticəsində separatizmin "Miatsum" kitabı əbədi bağlandı.

Töhfə SƏMƏDOVA,

"Respublika".