Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib
Siyasət

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdikləri iclasda dünənki iclasın gündəliyində olan növbəti məsələlər müzakirə edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti - 8-ci məsələsinin "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, layihəyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxıldığını söyləyib.

 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Nağdsız hesablaşmalar haqqında" Qanuna təklif edilən dəyişikliyin texniki xarakter daşıdığını deyib.

T.Mirkişili "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Həmçinin "Banklar haqqında" Qanunda dəyişiklik olunması barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında" Qanunda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Sonra Tahir Mirkişili "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Milli Məclisin qərar layihələridir. Bu layihələr Milli Məclisin və Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası ilə bağlıdır.

Milli Məclisin sədri qeyd edib ki, gündəliyin 15-ci məsələsi Azərbaycan və Türkiyə qardaşlığının və dostluğunun növbəti nümunəsi olan bir sənəddir. S.Qafarova "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"in təsdiq edilməsi barədə qanun layihəsinin parlamentə təqdim edildiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

“Respublika”.