Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib
Siyasət

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib

Martın 15-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

İclası açan spiker ötən iclasdan bəri Milli Məclisdə görülmüş işlər haqqında məlumat verərək bildirib ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib, bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilib və plenar iclasda baxılmasına dair rəy verilib.

Sonra iclasın gündəliyi təsdiq olunub. Spiker bildirib ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir Milli Məclisin iclasında iştirak edirlər.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Ötən ilin Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olduğunu qeyd edən Baş nazir ötən il bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinin tarixi əhəmiyyətindən söz açıb. Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyev suverenliyimizin tam təmin edilməsini müasir tariximizin yeni dövrünün başlanğıcı kimi dəyərləndirib.

Əli Əsədov ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. O, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2023-cü ildə də Azərbaycanda məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatların davam etdirildiyini, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğunu bildirib.

Belə ki, hesabat ilində ölkədə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hər nəfərə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7 faiz artıb. Bildirilib ki, hesabat ilində xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10,3 milyard dollar olub. Qeyri-neft ixracı 9,8 faiz artaraq 3,3 milyard dolları üstələyib.

2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17 faiz artaraq 68,5 milyard dollar təşkil edib ki, bu da xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2023-cü ilin sonuna isə xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları səviyyəsinə enib.

Baş nazir diqqətə çatdırıb ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat (və ya 16 faiz) çoxdur.

2023-cü ildə hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə işçi qrup və qiymətlərin artım dinamikasını izləməyə, çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub.

Hesabat dövründə həyata keçirilən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən söz açan Baş nazir 2023-cü ildə əməkhaqlarının, pensiya məbləğlərinin, minimum əməkhaqqının, yaşayış minimumu və ehtiyac meyarının həddinin artımından bəhs edib.

Əli Əsədov hesabat ilində ölkəmizdə insanların həyat və sağlamlığının qorunması, səhiyyə xidmətlərinə çıxışın, dərmanlarla təminatın daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatələnən şəhid ailələrinin, müharibə əlillərinin, hərbi qulluqçuların və həssas təbəqədən olan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsaitin ayrıldığını, 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin daha 3 il müddətinə uzadıldığını deyən Əli Əsədov bildirib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Vurğulanıb ki, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək.

Baş nazir deyib ki, Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri davam etdirilib. O, işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. Məlumat verilib ki, azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya istismar edilməkdədir, həmin ərazilərdə "yaşıl enerji" potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 SES-in tikintisi davam etdirilib. 2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.

Əli Əsədov deyib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib və Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı artıq 8-ə çatıb. Eyni zamanda, ölkəmizdə bərpaolunan enerjinin istehsalı, beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür.

Baş nazir çıxışının yekununda hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələri və çağırışları açıqlayıb.

O bildirib ki, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi tədbirləri davam etdiriləcək. 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıtması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.

İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi, Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsi istiqamətində zəruri işlər davam etdiriləcək. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək. Baş nazir bildirib ki, Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz "Qara Dəniz yaşıl kabel" layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır. Baş nazir vurğulayıb ki, məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu yaşıl enerji siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınıb.

Əli Əsədov bildirib ki, bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir. Heç şübhəsiz ki, müasir inkişafın Azərbaycan modelini yaratmış cənab Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da inamla, uğurla inkişaf edəcək və qarşıya çıxan bütün çağırışların və vəzifələrin öhdəsindən layiqincə gələcək.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Tahir Mirkişili, Əhliman Əmiraslanov, deputatlar Nurlan Həsənov, Soltan Məmmədov, Elnur Allahverdiyev, Kamran Bayramov, Vüqar Bayramov, Müşfiq Məmmədli, Elşad Mirbəşir oğlu, Musa Qasımlı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Eldar Quliyev çıxış ediblər. Deputatlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa vurduğu 2023-cü ilin əlamətdar və tarixi hadisələrlə yadda qaldığını söyləyiblər. Ötən il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin, Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümünün qeyd olunduğunu, ərazi bütövlüyümüzün tam bərpa edildiyini, dövlət başçısı tərəfindən bayrağımızın Xankəndində, Xocalıda ucaldıldığını, Qarabağda quruculuq işlərinin davam etdirildiyini, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində uğurlu nəticələrin əldə edildiyini, ölkənin hərbi potensialının, müdafiə qabiliyyətinin daha da gücləndirildiyini vurğulayıblar.

Bildirilib ki, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət, apardığı ardıcıl islahatlar, müvəffəqiyyətlə reallaşdırdığı iqtisadi strategiya ötən ildə də ölkəmizin hərtərəfli inkişafının davamlılığını təmin edib, bütün sahələrdə irəliləyişin əldə edilməsinə şərait yaradıb. Təqdirəlayiq haldır ki, bu inkişaf Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını da tam əhatə edir. Həmin bölgələrdə təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə sənaye, infrastruktur, aqrar, ekologiya, tikinti, şəhərsalma və xidmət sahələrində xeyli işlər görülüb.

Hesabatı müsbət qiymətləndirən deputatlar onun struktur və məzmun baxımından əhatəli olduğu bildiriblər.

Fasilədən sonra Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.

Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Sadiq Qurbanov, Musa Quliyev, deputatlar Azər Badamov, Razi Nurullayev, Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Azay Quliyev, Emin Hacıyev, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Sevil Mikayılova, Səbinə Xasayeva, Naqif Həmzyev, Əli Məsimli, Sabir Rüstəmxanlı, Əziz Ələkbərov, Fəzail Ağamalı Nazirlər Kabinetinin hesabatında 2023-cü ildə qarşıya qoyulmuş vəzifələrin, onların uğurlu həlli istiqamətində görülmüş işlərin dolğun şəkildə əks olunduğunu qeyd ediblər.

Deputatlar hökumətin 2023-cü ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Müzakirələrin sonunda Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.

Spiker Sahibə Qafarova Nazirlər Kabinetinin hesabatı ilə bağlı 35 deputatın çıxış etdiyini və onların əksəriyyətinin hökumətin hesabatı haqqında müsbət rəy söylədiyini bildirib.

İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın nəzərə alınması haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova Baş nazirə, hökumət üzvlərinə, deputatlara bayram münasibətilə təbriklərini çatdırıb.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.