MİNGƏÇEVİRİN QIŞ QAYĞILARI
Region

MİNGƏÇEVİRİN QIŞ QAYĞILARI

Artıq qış qapını döyməkdədir... Bu baxımdan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iş planına uyğun olaraq şəhər təsərrüfatının müəssisə, idarə və təşkilatlarının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. Mövsümə hazırlığın yerinə yetirilməsi göstərdi ki, bəzi məqamlarda çatışmazlıq və nöqsanlar da mövcuddur.

Azərbaycan İstilik Elektrik Stansiyasında nəzərdə tutulan işlər əsasən icra olunmuş və stansiya mövsümə hazır vəziyyətə gətirilmişdir. Stansiyanın 2100 MVt elektrik gücünün təmin edilməsi üçün 7 və 8-ci bloklarında əsaslı, 1, 2, 3, 4 və 5 saylı enerji bloklarında cari təmir işləri aparılmış, 6-cı enerji bloku isə orta təmir olunmuşdur. Ümumilikdə "Azərbaycan İES" MMC üzrə payız-qış mövsümünə hazırlıq tədbirləri ilə bağlı 39 bənddən ibarət tədbirlər planı hazırlanmış və işlər vaxtında icra olunmuşdur.

"Aztelekom" MMC-nin Mərkəzi Aran Regional Filialının Mingəçevir şöbəsinin 2023-2024-cü illərdə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına uyğun olaraq, mövcud EATS-lərin rekonstruksiya, yeni nəsil rabitə qurğuları şəbəkəsinin qurulması işləri görülür. Dizel generatorları yanacaq və yağ ehtiyatları ilə təmin olunub, elektrik avadanlıqlarının bütün sabit və dəyişən cərəyan paylayıcılarının birləşmələrində profilaktik işlər aparılmış, birləşdirici xətt kabellərinin hava təzyiqi altında saxlanılması təmin edilir. Rabitə avadanlıqlarının və hava rabitə xətlərinin qış şəraitində normal işləməsi üçün lazım olan ehtiyat hissələri və mal-materialla təmin edilib.

Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsi tərəfindən Natəvan, Samux, 20 Yanvar küçələrində, 412 adlanan qəsəbədə ŞQTM quraşdırılmışdır. Qaçqın yaşayış massivində və Samux küçəsində qaz xətləri üzərində quraşdırılmış 480 ədəd siyirtmə yağlanmış, 6 ədəd RDUK tənzimlənmişdir. Əhalinin payız-qış aylarında fasiləsiz qazla təminatı üçün tədbirlər planına uyğun icra edilən işlər yekunlaşdırılmışdır.

 

Şəhər "Sukanal" idarəsi tərəfindən tərtib edilmiş tədbirlər planında qrafik üzrə sutəmizləyici qurğuda 200 kVt-lıq 3 ədəd nasos aqreqatı cari təmir olunmuşdur. Magistral xətlər üzərində yerləşən siyirtmələr mövsümə uyğun tənzimlənmiş, şəbəkəyə ötürülən suyun dezinfeksiya edilməsi üçün 20 ton maye xlor alınmışdır.

Şəhərin İstilik sistemlərinin istismarı sahəsi tərəfindən idarənin balansında olan istilik qazanxanalarında 2023-2024-cü illərin mövsümə hazırlıqla əlaqədar bütün təmir işləri yerinə yetirilmişdir.

Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı hazırlanmış tədbirlər planı icra edilmişdir. Şəhər ərazisində Ekologiya İdarəsinin rəyi əsasında 468 ədəd qurumuş ağac kəsilib götürülmüş, 380 ədəd ağacın təhlükə törədən budaqları budanmışdır. Şəhər ərazisində məişət tullantılarının toplanması üçün 37 ədəd böyüktutumlu, 40 ədəd kiçiktutumlu yeni zibilqabı tələb olunan yerlərə qoyulmuşdur. İdarənin balansında olan transformatorlar təftiş edilmiş, onların izolyasiyası, torpaqlanması və yağının ölçüsü yoxlanılaraq digər müvafiq təmir işləri görülmüşdür. Şəhərin işıqlandırma sistemində profilaktik xarakterli işlər aparılmaqdadır.

Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı 26 binanın metalkirəmit dam örtüyündə və 58 binanın yağış su novlarında cari təmir işləri aparılmışdır. 392 binanın zirzəmi və giriş hissələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. 67 yaşayış binasında tüstü bacaları və 199 binanın yağışötürücü boruları təmizlənmişdir. İdarə tərəfindən 16 yaşayış binasının 65 girişində əsaslı təmir işlərinə başlanılmış və bunlardan 6 bina tam təmir olunmuşdur. Şəhər Təhsil şöbəsində təhsil müəssisələrinin 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığı məqsədilə müəyyən işlər nəzərdə tutulmuşdur. 21 ümumtəhsil məktəbindən 18-də, 21 məktəbəqədər təhsil müəssisələrindən 13-də istilik sistemi mövcuddur. Şəhər Təhsil şöbəsinin nəzdində olan məktəbdənkənar müəssisələrdə, 2, 19 №-li tam orta məktəblərdə, 2, 3, 5, 9, 15, 18, 20, 21 saylı məktəbəqədər təhsil müəssisəsində istilik sistemi mövcud olmadığı üçün bu müəssisələrdə elektrik qızdırıcılarından istifadə etmək üçün tədbirlər nəzərdə tutulmuşdur.

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına uyğun olaraq "Şəhər Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxs tərəfindən tabeliyində olan müəssisələrdə, elektrik xətlərində, dam örtüklərində olan nasazlıqlar aradan qaldırılmış, sınmış pəncərə şüşələri yeniləri ilə əvəz olunmuş, istilik sistemi quraşdırılmışdır.

Zabit XƏLİLOV,

"Respublika".