Molla rejiminin  Xoydakı xofu
Digər xəbərlər

Molla rejiminin  Xoydakı xofu

Son günlərin müzakirə obyektinə çevrilən hadisələrindən biri də İranın azərbaycanlılar yaşayan Xoy şəhərində baş verən zəlzələdir. Təbii fəlakətdən əziyyət çəkən, evləri dağılan və küçələrdə yaşamaq məcburiyyətində qalan insanlara olan laqeyd münasibət artıq pik həddə çatmışdır. Baş verən fəlakətdən xeyli vaxt keçsə də, hökumət hələ də bu insanlarla maraqlanmır və heç bir ciddi yardım göstərmir.

Bu gün Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Onlar bu yerlərdə sonradan məskunlaşmayıblar, köklü, yerli insanlardır. Öz tarixi torpaqlarında, öz vətənlərində yaşayırlar. Anamız Azərbaycanın bir qolu da Güney Azərbaycanıdır. Bu baxımdan, onların hər bir çətinliyi, acısı bizim acımızdır. Canımızdan bir parça, millətimizin bir hissəsidirlər. Bugünkü çətin günlərində əlimiz onlara çatmasa da, ruhumuz, sevgimiz çatır.

Prezident İlham Əliyev hər zaman Azərbaycandan kənarda yaşayan soydaşlarımızla bağlı çıxışlarında xüsusi olaraq vurğulayır ki, biz, dünyanın hər yerində yaşayan soydaşlarımıza qarşı diqqətliyik. Onların bütün problemləri ilə maraqlanırıq. Bu gün İranın Xoy şəhərində yaşayan minlərlə soydaşımız, azərbaycanlılar böyük çətinliklər yaşayırlar. Belə ki, yanvar ayının 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5.9 bal gücündə zəlzələ baş vermişdir. Təbii fəlakətin törətdiyi problemlər soydaşlarımızı acınacaqlı vəziyyətə salmışdır. Zəlzələ nəticəsində evləri dağılmış, qışın qarlı, şaxtalı havasında küçələrdə yaşamağa məcbur olmuşlar. Təbii fəlakət nəticəsində 13 min 200 evə ziyan dəymişdir. Sərt qanunların hökm sürdüyü İranda elə ən çox pozulan, əməl olunmayan da qanunlardır. Dövlətin, hökumətin biganə, saymaz münasibəti sayəsində bu insanların vətəndaş hüquqları pozulur. Diqqətsizlik artıq hörmətsizlik səviyyəsinə çatmışdır. Küçələrdə evsiz qalan, isti yemək tapa bilməyən soydaşlarımız İran hökumətinə yardım üçün müraciət edirlər. Hökumət tərəfindən yetərli qədər çadırlarla, lazımi avadanlıq və ərzaqla təmin olunmurlar. Azərbaycan dövləti soydaşlarımıza yardım etmək üçün müraciət etsə də, İran Azərbaycanın yardımını qəbul etməmişdir. Maraqlıdır, İranı narahat edən nədir? Niyə Azərbaycanın öz soydaşlarına göstərdiyi diqqətdən bu qədər xoflanır? Əgər bu zəlzələ İranın farslar yaşadığı ərazilərdə baş versəydi Azərbaycan yenə də öz yardım əlini uzadar, diqqətini əsirgəməzdi.

 Fars molla rejimi baş verən fəlakətlə bağlı heç bir tədbir görmür və zəlzələdən əziyyət çəkən soydaşlarımızı bu şaxtada taleyin ümidinə buraxıb. Küçələrdə gecələyən insanlara nə özləri sahib çıxır, nə də başqalarının yardım etməsinə şərait yaradır. Ölkəmizə qarşı qərəzli və düşmən mövqedə dayanan molla rejimi soydaşlarımıza zülm etməklə sanki bizdən qisas alır. Dövlətin yardım göstərməməsi ilə bağlı əhalinin etirazına isə əmmaməli molla cavab verir ki, "yəqin hansısa günahınız var imiş, o səbəbdən bu günə düşmüsünüz". Acınacaqlı olduğu qədər də, gülməlidir, əslində isə faciədir. İnsan təfəkkürü bu qədərmi "inkişaf" edib? Yüksək texnologiya əsri, inkişaf dövrü olduğu bir zamanda hələ də xurafatçı, yalançı mollalar meydan sulayır. Bəyəm, çətin vəziyyətə düşmüş, qışın soyuğunda küçədə qalan yüzlərlə insanın taleyi ilə maraqlanmağa İran hökumətində bir rəsmi şəxs tapılmadı ki, molla "proqnoz" verir?

Bütün bunlar ondan qaynaqlanır ki, onsuz da hüquqları pozulan azərbaycanlıların taleyi İran hökuməti üçün maraqlı deyil. Onlar baş verənlərdən, yaranmış çətin vəziyyətdən heç də narahat olmurlar. Əgər bir dövlət öz vətəndaşını qoruyub, onun problemlərini həll etmək iqtidarında deyilsə, mənən, ruhən məhvinə səbəb olursa, o zaman həmin dövlətin özünün məhvi labüddür. İran və onun hökuməti bir şeyi unudur ki, bu laqeydliyin ən böyük zərbəsi dönüb, dolaşıb onların özlərinə dəyəcək. İran əhalisinin farslardan sonra ən böyük hissəsini təşkil edən azərbaycanlılar çətinlik çəkə, hansısa təbii fəlakətlərlə üzləşə bilərlər. Ancaq onlar nə imiqrantdırlar, nə də mühacir. İstər Təbrizdə, Ərdəbildə, Urmiyada, istərsə də Xoyda yaşayan yerli əhali azərbaycanlılardır.

Ramidə YAQUBQIZI,

"Respublika".