Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri, adət ənənələri yaşadır
Sosial həyat

Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri, adət ənənələri yaşadır

1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Bu əlamətdar tarixi gün gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Hələ ötən əsrin 70-ci illərindən sağlam gənc nəslin yetişdirilməsini diqqətdə saxlayan dahi şəxsiyyət onların hərtərəfli təhsil almasının, hərbi sahədə ixtisaslı kadr kimi yetişməsinin qayğısına qalıb. Bu dövrdə şəhər, rayon və kəndlərdə məktəb binaları, idman obyektləri tikilib, gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində ardıcıl tədbirlər görülüb.

Bu gün gənc nəslin cəmiyyətdə layiqincə iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Son illərdə ölkədə aparılan kadr islahatları dövlət strukturlarında məsul vəzifələrə dərin bilikli və yüksək bacarıqlı gənc kadrların təyin edilməsi, əsasən xaricdə təhsil almış və ya təcrübə keçmiş gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə "Gənclər siyasəti haqqında", "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" və s. qanunlar, mühüm dövlət proqramları qəbul olunub, bir sıra fərman və sərəncamlar imzalanıb. Bütün bunlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərin həlli və məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb. 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı", 2019-cu ildə isə "Yüksəliş" müsabiqəsi təsis edilib. 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq olunub.

"Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq" - deyən ulu öndərin bu fikirləri gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması, vahid amal uğrunda birləşməsinə təkan oldu. Qürurverici haldır ki, müasir Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda, vətəninə və dövlətinə bağlı, milli-mənəvi dəyərləri daim uca tutan nəsildir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. 44 gün davam edən haqq savaşımızda milli ruhlu gənclərimiz torpaqlarımızı işğaldan azad edərək 30 illik həsrətə son qoydular. Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi xalqımıza qələbə sevinci yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz bütün dünyaya nəyə qadir olduqlarını nümayiş etdirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.

Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

M.MİRZƏ,

"Respublika".