1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir
Tarix sübut edib ki, hər bir xalqın, millətin həyatında baş verən mühüm tarixi hadisələr onun böyük şəxsiyyətlərinin işıqlı ideyaları ilə öz məcrasına, axarına düşür. Ən çətin məqamlarında ehtiyac duyduğu xilaskarını, siyasi liderini isə xalq özü müəyyənləşdirir, taleyini ona həvalə edir. XX əsrin sonu Azərbaycan xalqının həyatında məhz belə bir dövr idi. Ulu öndər Heydər Əliyev 1987-ci ildə Sovetlər Birliyinin siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın ağrılı, problemli günləri başlamışdı. Belə ki, 1988-ci ildə erməni təxribatı - Sumqayıt hadisələri baş vermiş, 1990-cı ildə Qanlı Yanvar, 1992-ci ildə Xocalı soyqırımı törədilmiş, həmin il Şuşa və Laçın, 1993-cü ildə Kəlbəcər rayonu işğal olunmuşdur. Dünyada baş verən mürəkkəb hadisələr, Azərbaycanın daxilində yaranan siyasi vəziyyət - hərc-mərclik, özbaşınalıq, o cümlədən Ermənistanın ölkəmizə təcavüzü, ölkəni idarə edənlərin səriştəsizliyi 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına almışdı. Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan hökuməti ölkədə siyasi sabitliyin təmin olunması, bu kontekstdə xaos və özbaşınalığın, eyni zamanda ölkəyə edilən təcavüzün qarşısının alınması istiqamətində heç bir müsbət nəticəyə nail ola bilmədi.
Ölkədə hökm sürən siyasi hərc-mərclik, respublikanın həddindən artıq gərgin və çətin vəziyyəti başına bəlalar açılan, müsibətlər gətirilən xalqı bu problemləri uğurla həll etmək iqtidarında olan rəhbər seçmək zərurətində qoymuşdu. 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə xalqın həyatının bütün sahələrində sürətli yüksəlişə, istehsalın, elmin, mədəniyyətin tərəqqisinə nail olan dahi lider Heydər Əliyev xalqın milli ruhunu, milli şüurunu inkişaf etdirməyə, milli qüruru yüksəltməyə, ölkəni ağır vəziyyətdən çıxarmağa qadir yeganə namizədi idi. Ümidini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə bağlayan xalqımız ümummilli liderin ətrafında sıx birləşərək onun dərin zəkası, müdrik siyasəti ilə yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə qalxmışdı. Azərbaycan xalqının üzləşdiyi ağır vəziyyəti, ölkənin məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürəkağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli lider Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi. Xalqın öz dahi oğluna olan inam və etibarı tez bir zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında əsaslarının yaradılmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərinə ümumxalq səsverməsində 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qədirbilən xalqı tərəfindən prezidentliyinə yekdilliklə səs alan Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması xalqımızın ulu öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı.
Xalqın təkidli xahişi ilə 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə ulu öndər ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin, diplomatik münasibətlərin qurulmasında ciddi dönüş yaradaraq dövlət quruculuğu prosesində uğurlu islahatlar həyata keçirdi. Milli dövlətin təşəkkülündə və inkişafında, xalqın milli birliyinin yaranmasında Heydər Əliyev əvəzsiz rol oynadı. Dahi siyasətçi ölkəni bu ağır durumdan - vətəndaş qarşıdurmasından, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa nail oldu. 1993-2003-cü illər ərzində Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin müdrik liderlik məharəti, geniş dünyagörüşə, hərtərəfli biliyə malik olması Azərbaycanı düşdüyü girdabdan xilas etdi. Ümummilli liderin vaxtında qəbul etdiyi qərarlar dövlətçiliyin bərqərar olmasına, müstəqilliyin qorunub saxlanmasına zəmin yaratdı. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitlik fonunda demokratik idarəçilik təsisatlarının yaranması, demokratik cəmiyyətin formalaşdırılması təmin olundu. 1994-cü ildən etibarən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Müstəqil dövlətimizin uğurlu neft strategiyası - "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan regionda enerji sahəsində mühüm aktora çevrildi. "Böyük İpək Yolu" layihəsində ölkəmiz Cənubi Qafqazda logistik mərkəz rolunu oynadı. Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi sayəsində Azərbaycanın daxili və xarici siyasət xətti formalaşdı. Ölkəmizdə ordu quruculuğu prosesi başlandı. Müstəqil ölkə üçün milli ordunun olmasının nə qədər vacib olduğunu yaxşı bilən ulu öndər bu məsələni elə prezidentliyinin ilk günlərindən dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə demişdir: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".
Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən ulu öndər Heydər Əliyev ana dili məsələsinə xüsusi diqqət və qayğı göstərərək "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunların qəbul edilməsinə dair fərman imzalamaqla dilimizin inkişafı istiqamətində mühüm addımlar atdı. Bütün fəaliyyətinin, dövləti və xalqı qarşısında xidmətinin hər məqamında Azərbaycanı möhkəm təməllər üzərində inkişaf etdirmək, dövlətin dayaqlarını möhkəmləndirmək missiyasını həyata keçirən ulu öndər Azərbaycan xalqını bir amal uğrunda səfərbər edərək azərbaycançılıq ideologiyasının əsasını qoydu, milliliklə dövlətçiliyin vəhdətini yaratdı.
1993-2003-cü illərdə Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə baş verən proseslər köklü surətdə dəyişdi, müstəqil Azərbaycan tarixinin növbəti mərhələsində yaşamaq və suverenliyini, müstəqilliyini əbədiləşdirmək gücü əldə etdi. Azərbaycan özünün müasir, dünyəvi, beynəlxalq aləmə inteqrasiya edən ölkə imicini yaratdı. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hərtərəfli inkişaf mərhələsinə yüksələrək dünya birliyində nüfuz qazandı. 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, həyata keçirilən islahatlar, irəli sürülmüş təşəbbüslər bütün dünyada nüfuz qazanan, regionda söz sahibi olan Azərbaycanın bugünkü reallığını səciyyələndirir.
Azərbaycana rəhbərliyinin hər iki dövründə xalqına sədaqətlə xidmət edən, ölkəmizin hərtərəfli tərəqqisinə nail olan, ona ən ağır və böhranlı günlərdə sahib çıxan ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının xilaskarı, Azərbaycan dövlətinin qurucusu kimi tariximizə yazılıb.
Mehparə ƏLİYEVA,
"Respublika".