Mübahisələrinin həlli zəruridir
İQTİSADİYYAT

Mübahisələrinin həlli zəruridir

İyulun 10-da Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "Bank mübahisələrinin uğurlu həll yolları" adlı konfrans keçirilib. Maliyyə-bank sistemi və vətəndaşların mənafelərinin birgə qorunmasına həsr olunan toplantıda müxtəlif hakimiyyət institutları-parlament, hökumət, 3-cü sektor və maliyyə-bank sisteminin təmsilçiləri iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc açılış nitqində bildirib ki, 2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, onun tərkib hissəsi olan maliyyə-bank sisteminə mənfi təsir etdi. Devalvasiya - manatın xarici valyutalar qarşısında dəyər itirməsi vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmənatlərin banklardan geri çəkilməsi qarşısında 2016-cı ildə "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və institusional-hüquqi islahatlara təkan verdi. Ölkə rəhbərinin siyasi iradəsi və prosesə müdaxiləsi son nəticədə, bank sektorunun tənzimlənməsinə dair mövcud qanunvericiliyə - "Bankın kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na və "Bir borcalan və ya bir-biri ilə bağlı borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları"na mühüm dəyişikliklərə, biznes kreditləri üzrə risk dərəcələrinin aşağı salınmasına, artan istehlak borclarının qarşısının alınmasına və hüquqlarının qorunmasına, klassik maliyyə alətləri ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətlərinin meydana çıxmasına səbəb oldu… Qeyd olundu ki, Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə bövlət büdcəsindən 323 milyon manatı bilavasitə vətəndaşlara verilmiş kreditlərin ödənilməsinə, 310 milyon manatı isə 10 gündən çox gecikdirilmiş kreditlərin bağlanmasına, bütövlükdə isə 494 milyon manat vəsait problemli kreditlərin restruktizasiyasına yönəldildi.

Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev işğaldan azad edilmiş ərazilərdə banklar filial şəbəkəsinin yaradılması, maliyyə əlçatanlığının artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən təhlillər aparıldığını vurğulayıb. O bildirib ki, bununla bağlı banklar, mikromaliyyə təşkilatları, sığorta şirkətləri sorğular keçirib. Onların böyük qayıdışa hazırlığı diqqət mərkəzindədir. Bununla bağlı detallı təhlillər aparılır.

Daha sonra konfrans millət vəkillərinin, QHT nümayəndələrinin, iqtisadçı ekspertlərin və bank nümayəndələrinin çıxışları ilə davam etdi. Onlar problemli kreditlərin həll olunması ilə bağlı təklif və fikirlərini səsləndirdilər.

Musa BAĞIRLI,

"Respublika".