Mürəkkəb xarakterli obrazlar yaradan sənətkar
Mədəniyyət

Mürəkkəb xarakterli obrazlar yaradan sənətkar

Kino tariximizdə bir-birindən bənzərsiz rollar yaradan Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində dünyaya gəlib. Evin sonbeşiyi olan Nəcibənin atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov 1938-ci ildə həbs olunduqdan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə "xalq düşməninin ailəsi" adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Nəcibə Məlikovanın uşaqlıqdan arzusu həkim olmaq idi. Lakin "xalq düşməni"nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Nəcibə Məlikova orta məktəbi bitirdikdən sonra sənədlərini Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olunur. Burada təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrında işləməyə başlayır. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. "Yaşar" tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında qazandığı ən böyük uğuru hesab olunur.

 Nəcibə xanımın sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağı ilə bağlandı. Gəncənin tanınmış iş adamı olan Nüsrəddin bəy tamaşaların birində Nəcibə xanımı görür və ona aşiq olur. Həmin gündən Nəcibə xanımın oynadığı bütün tamaşaların izləyicisinə çevrilir. Zamanla Nəcibə xanım da hər tamaşadan əvvəl pərdə arxasından daimi seyircisinə baxıb sonra səhnəyə çıxmağa vərdiş edir. Bir gün Nüsrəddin bəy tamaşaya gəlmir. Həmin gün gənc aktrisa içindəki təlatümü rəfiqələrindən gizlədə bilmir. Beləcə, bir sevgi hekayəsi də onun sənət tarixçəsi ilə birgə yazılır. Aktrisa əvvəlki evliliyindən bir oğul atası Nüsrəddin bəylə evlənməyə razılıq verir. Həyatının bu dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Burada Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.

Bu yolda Nüsrəddin bəy Nəcibə xanımın ən böyük dəstəkçisinə çevrilir. Ona ikinci dəfə ata olmaq sevincini yaşadan Nəcibə xanım oğluna atasının adını verir. Nəcibə xanımın oğulluğu Fuad əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir, sonradan isə doğmalaşırlar.

Fuad Əsədov (AFFA-nın sabiq baş katibi) xatirələrində Nəcibə xanımdan heç vaxt narazı olmadığını deyib: "Məni Gəncədə nənəmlə babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu, onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam".

Deyilənlərə görə, "Ögey ana" filmindəki Dilarə rolu Nəcibə xanımın öz taleyinə bənzəyir. Film ekranlara çıxandan sonra keçmiş SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanıb. Aktrisanın canlandırdığı ögey ana rolu yaxşı mənada bəyənilib.

Gözəl bir ailə quran aktrisanın təəssüf ki, xoşbəxtliyi uzun çəkmir və 1951-ci ildə Nüsrəddin bəy vəfat edir. 29 yaşında dul qalan aktrisa bir daha heç kimə könül vermir. O, bütün sevgisini Fuadla Saqibə, bir də hələ uğurları qabaqda olan sənətinə həsr edir.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rolları aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın komediyalarda oynadığı obrazlarda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Aktrisa teatra nə qədər çox bağlı olsa da, onun kino yaradıcılığı tamam fərqli bir xətt üzrə inkişaf edib. Kino onun həyatının mühüm bir hissəsinə çevrilib. Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Nəcibə Məlikova Azərbaycan teatr və kino sənətinə adını əbədi yazıb. Ömrünün sonuna qədər Milli Dram Teatrında və "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Aiza ŞABANOVA.