Müsbət impulslar sülh sazişinin imzalanmasına gətirib çıxara bilər
Siyasət

Müsbət impulslar sülh sazişinin imzalanmasına gətirib çıxara bilər

Sülh müqaviləsi ilə bağlı həqiqətən də mühüm addımlar atılıb. Əslində ilin əvvəlindən bəri danışıqlar masasında Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında və növbəti mərhələlərdə tərəflərin əlavələri, düzəlişləri ilə formalaşan bir sülh sənədi var. Sülh sənədinin olması özlüyündə iki tərəf arasında danışıqların getdiyinin və sülh müqaviləsinin imzalanacağının müsbət göstəricisidir.

İndiki məqamda Ermənistan tərəfinin də istəkli davranış sərgiləməsi qısa zamanda sülh müqaviləsinin imzalanacağına dair ümidləri artırır. Lakin burada ən önəmli məsələ sülh müqaviləsinin hansı formatda olacağıdır, yəni ilkin və yekun sülh müqaviləsi tamam fərqlidir. Ermənistanla Azərbaycan arasında ilin sonuna qədər imzalanması ehtimal olunan saziş yalnız ilkin sülh müqaviləsi ola bilər.

Lakin yekun sülh müqaviləsinin imzalanması kifayət qədər vaxt tələb edir. Burada önəmli faktorlardan biri tərəflər arasında sülh sənədində hələ də razılaşdırılmayan maddələrdir. Bunlar sərhədlərin delimitasiya, demarkasiyasının hansı xəritələr və hansı reallıqlar əsasında aparılacağı, kommunikasiya xətlərinin, yeni yol infrastrukturunun açılması və təbii ki, ərazi bütövlüyünün tanınması məsələləridir.

Əslində Azərbaycan və Ermənistan bu istiqamətdə bəyanatlar veriblər, yəni burada qeyri-adi heç nə yoxdur, amma ümumilikdə bütün bu proseslərin həlli yekun sülh müqaviləsində öz əksini tapacaq. Yekun sülh müqaviləsinin ilin sonuna qədər imzalanması real görünmür. Amma ümumilikdə, prosesin bu kontekstdə davam etməsi yekun sülh sazişinin gec-tez imzalanmasına gətirib çıxara bilər.

Turan RZAYEV,

politoloq.