Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir
Digər xəbərlər

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir

18 oktyabr tarixi hamı üçün əziz bir gündür. Müstəqilliyin Bərpası Günüdür.

Azərbaycan qədim dövlətçilik ənənəsinə malikdir. Eradan əvvəl 3-cü minillikdən başlayaraq Azərbaycanda dövlətçiliyin təməli qoyulubdur. Müxtəlif dövrlərdə xarici qüvvələr rəhbərliyi ələ alıb hakimiyyəti dəyişiblər. Amma Azərbaycan dövlətinin mahiyyətini dəyişə bilməyiblər, Azərbaycan dövlətçiliyi öz mövcudluğunu qoruyub saxlayıb. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. Bütün keşməkeşlərdən sonra Azərbaycan yenidən özündə güc tapdı və SSRİ-nin dağılmasında aparıcı rol oynayan xalqlardan birinə çevrildi.

Öz azadlığı uğrunda mübarizə aparan xalq qanından da, canından da keçməlidir. Onun ayrı bir yolu yoxdur. Yəni deyilmiş ifadələr var ki, azadlıq ağacı qanla suvarılır, bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa Vətəndir. Bu ifadələr elə-belə deyilməyib və Azərbaycan xalqının həyat yolunu, mübarizə ruhunu əks etdirir. Ümummilli liderimiz deyirdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Buna görə də bu tarixi günü müqəddəs, ən əziz bayram kimi qeyd etməliyik. Hesab edirəm ki, bundan sonra müstəqilliyimizin bünövrəsi daha da möhkəmləndirildi və ərazi bütövlüyü ilə bağlı məsələ də öz həllini tapdı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm daxildə, həm xaricdə apardığı uğurlu siyasət nəticəsində şəhidlərimizin qanı bahasına, qazilərimizin fədakarlığı, ordumuzun, xalqımızın qəhrəmanlığı ilə torpaqlarımız işğaldan azad olundu və tam şəkildə müstəqilliyimizə qovuşduq. Bu gün həm müstəqillik gününü, həm də böyük qələbələrimizi qeyd edirik. Azərbaycan xalqına belə sevincli günlər yaraşır. Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz əbədi olsun.

Akif NAĞI,

tarix elmləri namizədi.