Nəriman Nərimanov irsinin tədqiqi tarixindən
Tarixi şəxsiyyətlər

Nəriman Nərimanov irsinin tədqiqi tarixindən

Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur… Tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir. Onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz”.

Heydər ƏLİYEV,

ümummilli lider.

Azərbaycan tarixində öz xidmətləri olan Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti və bədii yaradıcılığı  bir çox tədqiqatçıların təhlil, araşdırma obyekti olmuşdur. “Respublika” qəzetinin sabiq baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov da Nəriman Nərimanov ədəbi irsinə, ədəbi-ictimai mühitinə və mübarizəsinə aid arxiv sənədləri əsasında elmi araşdırmalar aparmış, sanballı əsərlər araya-ərsəyə gətirmişdir.

Aprelin 14-ü dramaturq, nasir, publisist, ictimai xadim N.Nərimanovun doğum günüdür. Bu münasibətlə Nərimanşünas alim Teymur Əhmədovun “Nəriman Nərimanov irsinin tədqiqi tarixindən” adlı elmi məqaləsini təqdim edirik:

1925-ci ildə Nəriman Nərimanovun qəflətən vəfatı böyük əks-səda doğurdu. Ucsuz-bucaqsız Sovetlər birliyində onun ölümü dərin hüznlə qarşılandı. Nəriman Nərimanov Kremlin divarları önündə ehtiramla dəfn olundu. Uzaq Sibirdə, Uralda, Volqa boyunda, Orta Asiyada və Zaqafqaziya respublikalarında Nəriman Nərimanovun adının əbədiləşdirilməsi tədbirləri görüldü. Şəhər, kənd və qəsəbələr, məktəb və institutlar, mədəniyyət evləri kitabxanalar, küçə və prospektlər Nəriman Nərimanov adını daşıdı. Onların əksəriyyəti indiyədək dəyişilməz qalıb. Lakin Azərbaycanda millətçi-təmayülçü adlandırılan Nəriman Nərimanovun adının çəkilməsi belə qadağan olundu.

XX yüzilliyin 50-ci illərində repressiya dövrünün sıxıntılı, vahiməli dumanı çəkilər-çəkilməz qədirbilən xalqın qəlbində yaşayan Nəriman Nərimanova ictimai maraq oyandı. Gənc nəslin Nəriman Nərimanovu yaxından tanıması üçün vətənpərvər tədqiqatçıların «ilk qaranquş» əsərləri bahar ab-havası kimi Azərbaycana yayıldı.

Akademik, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Cəmil Quliyev, professor Məmməd Qazıyev, yazıçı Qılman İlkin, ədəbiyyatşünas alim Mikayıl Rəfili, filologiya elmləri doktoru, professor, yazıçı Mir Cəlal, professor Cəfər Xəndan, professor Hidayət Əfəndiyev, aspirant Vəli Məmmədov ictimai-siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovun həyat yolu, çoxcəhətli fəaliyyəti və mübarizəsi barədə məqalələr yazır, onun bədii əsərlərini toplayıb kütləvi tirajla nəşr etdirir, dövri mətbuatda çıxışları ilə milyon-milyon insanların qəlbində böyük şəxsiyyətin canlı obrazını bərqərar edirdilər. İctimai-siyasi xadim Vəli Məmmədov aspiranturada təhsil aldığı illər yazdığı «Nəriman Nərimanov» (1957) kitabı ilə Nərimanovşünaslığa doğru açdığı ilk cığırla böyük tədqiqatlara yol açdı.

O, Moskva, Leninqrad, Bakı, Tiflis, İrəvan arxivlərində Nəriman Nərimanov sorağı ilə axtarışlar aparan ilk fədakar elmi işçi idi. Onun 1957-ci ildə çap etdirdiyi Nəriman Nərimanov kitabı bu gün də Nərimanovşünasların «kompası», masaüstü «bələdçisi»dir.

Akademik Firudin Köçərli «Nəriman Nərimanov» (1965) adlı tədqiqat əsərində N.Nərimanovun zəngin publisist irsini – məktublarını, məqalə, nitq və çıxışlarını, rəsmi sənədləri tədqiqata cəlb edərək onun ictimai həyatı, fəaliyyəti və dünyagörüşü haqqında ilk sanballı monoqrafik əsərini yaratdı. Burada mütəfəkkir ictimai xadimin siyasi portreti dolğun əks olunmuşdur.

Nəriman Nərimanovun müsəlman Şərqi, doğma vətəni və xalqı qarşısında xidmətlərini yüksək qiymətləndirən dövlət başçısı Heydər Əliyev öz böyük nüfuzundan və səlahiyyətindən istifadə edərək mütəfəkkir yazıçı, publisist və ictimai xadimin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın paytaxtı Bakıda əzəmətli heykəlini yüksəltmək istəyirdi. Bu xəbərdən pərişan olan «köhnə kommunist» libaslı erməni daşnakları və onlara dəm tutan manqurt müsəlman və qartımış rus veteran bolşevikləri «millətçi» Nərimanova heykəl qoyulmasına qarşı «torba-torba» etiraz məktubları ilə Moskvanı topa tutdular. Oradan da Bakıya aramsız sorğu məktubları göndərilirdi: Bir il «məktub dueli» davam etdi, yubiley ili heykəl qoyulmadı, yubiley şənliyi gecikdi. İrtica qaragüruhun hücumu böyük əsəb gərginliyi, səbir və inadlı mübarizə bahasına dəf etdikdən sonra həqiqəti ortaya qoyan millətin qeyrətli sərkərdəsi Heydər Əliyev Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdı, onun təntənəli yubileyini keçirtdi, perik salınmış vətən oğlunu doğma xalqla əbədi qovuşdurdu. Misli görünməmiş bu hadisə Nərimanovun böyük şəxsiyyətinə alim, rəssam, heykəltəraş, kinomatoqrafiya xadimləri və müxtəlif sənət sahiblərinin diqqətini cəlb etdi. Onlar öz yaradıcılıqları ilə bir əsrə yaxın qəflətdə saxlanan, «millətçi təmayülçü» böhtanı ilə xalqın nəzərindən gizlədilən Nəriman Nərimanovun real obrazını canlandırmağa səy göstərdilər.

Tarix elmləri doktoru, tarixşünas Məmməd Qazıyev «Nəriman Nərimanov – həyat və fəaliyyəti» (1970), filologiya elmləri namizədi Teymur Əhmədov «Nəriman Nərimanovun dramaturgiyası» (1971), Müseyib Məmmədov «Nərimanov və ana dili» (1971) tədqiqatları ilə öz töhfələrini verdilər.

1970-ci illərdə Fərman Bayramov «Nəriman Nərimanov» albom-kitabını (1870-1925), Hüseyn Əhmədov «Nəriman Nərimanov»un biblioqrafik göstəricisini (1870-1970), Teymur Əhmədov «Nəriman Nərimanovun pedaqoji fikirləri» əsərini (1979) nəşr etdirdi. Bu dövrdə Nəriman Nərimanov məqalələr və nitqlər» (1971), «Nəriman Nərimanov. Seçilmiş əsərləri» (1973) kitabları kütləvi tirajla buraxıldı.

Azərbaycan dövri mətbuatında Nəriman Nərimanovun həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə kütləvi maraq, senzura olmasına baxmayaraq, sovet hakim dairələrində narahatçılıq yaratmışdı.

Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) öz çıxışlarının birində «gənclik nərimanlaşır» ifadəsini işlətməsi Moskva rus şovinistlərinin ikiqat ciddi nəzarət tədbirləri görmələrinə səbəb oldu. Marksizm-Leninizm Tədqiqat İnstitutunda nəzarətdən keçirilmədən Nəriman Nərimanov haqqında heç bir məqalə dövri mətbuatda və ya heç bir elmi-kütləvi əsər nəşriyyatda dərc oluna bilməzdi.

Hətta iş o dərəcədə ciddiləşmişdi ki, «Nərimanov V.İ.Lenin haqqında» yazılmış məqalə Azərbaycan Dövlət Universitetinin «Elmi əsərlər» məcmuəsinin və «Literaturnıy Azerbaydjan» jurnalının siqnal nömrəsindən sökülüb çıxarılmışdı. Senzorun bəhanəsi bu olmuşdu: «Nərimanov kimdir ki, dahi Lenin haqqında fikir desin». Bu senzorun sadəcə nadanlığı deyildi. O, Nəriman Nərimanovun 1924-cü ildə V.İ.Leninin vəfatı münasibətilə Moskva mətbuatında dərc olunmuş xatirələrinin milli dildə şərhinin narahatçılıq doğuracağından ehtiyat edirdi.

Nəriman Nərimanovun geniş təbliğinə imkan verilmirdi. «Ədəbiyyat və İncəsənət» qəzetinin bir nömrəsi bütövlükdə Nərimanova həsr olunduğuna görə qəzetin məsul katibi işdən çıxarılmışdı.

1980-1990-cı illərdə Nəriman Nərimanov irsinə maraq səngimir. Teymur Əhmədovun «Nəriman Nərimanov – həyatı, mühiti yaradıcılığı» (1982), «Nəriman Nərimanovun yaradıcılıq yolu» (1991), Müseyib Məmmədovun «Nəriman Nərimanovun publisist üslubu» (1985), Nəzər Paşayevin «Nəriman Nərimanov və Azərbaycan mədəniyyəti» (1986), Qulam Məmmədlinin «Nəriman Nərimanov. Həyat və yaradıcılığının salnaməsi» (1937), Cəmil Həsənovun «Ağ ləkələrin qara kölgəsi» (1991), Firdovsiyyə Əhmədovanın «Nəriman Nərimanov—ideal və gerçəklik» (1998), Arzu Hacıyevanın «Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələri» (1999) monoqrafik elmi əsərləri kütləvi tirajla nəşr olunmuşdu.

Tədqiqatçıların əsərlərində Nəriman Nərimanovun həyatı, ictimai-siyasi fəaliyyəti və mübarizəsi ilə bağlı həqiqətlər müxtəlif yöndən danılmaz tarixi faktlar əsasında ortaya qoyulmuşdur. Bu kitablar öz məzmunu, elmi dəyəri baxımından zənnimcə, nərimanovşünaslığın öyrənilməsində ən uğurlu addım idi.

Azərbaycanda milli müstəqilliyin bərpa edilməsi tədqiqatçı alimlərin axtarışlarına vüsət verdi. Senzorun ləğv edilməsi, məhdudiyyət və digər qadağaların aradan götürülməsi milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsinə, yeni metodologiya əsasında işlənməsinə, tarixi həqiqətlərə doğru, dürüst qiymət verilməsinə geniş imkanlar yaratdı.

Müstəqilliyin ilk onilliyində N.Nərimanovun çoxcəhətli yaradıcılığı və fəaliyyətinin araşdırılmasında onun 1920-1925-ci illər gərgin ictimai-siyasi həyatı, mühiti və mübarizəsi diqqət mərkəzində olmuş, başqa sözlə desək, tədqiqat obyektinə çevrilmişdir. Bütövlükdə dövri mətbuatda və monoqrafik nəşrlərdə Nəriman Nərimanova həsr edilmiş siyasi məzmunlu kitablarda ictimai-siyasi xadimin yeni tipli, demokratik qurum yaratmaq, Azərbaycanı azad və müstəqil, xalqı xoşbəxt və firavan görmək arzularını həyata keçirmək uğrunda inadlı mübarizəsi təsvir olunmuşdur.

Firdovsiyyə Əhmədovanın «Şəxsiyyətlərarası münasibətlər tarixindən: N.Nərimanov və V.İ.Lenin», «Onu xalqdan təcrid edirdilər», «N.Nərimanov şəxsiyyəti əsr ayrıcında», «Bolşevizmin Şərq siyasətində N.Nərimanovun mövqeyi», «Siyasi portret: Nəriman Nərimanov» məqalələri bu cəhətdən diqqəti cəlb edir.

Ədəbiyyatşünas - alim Şamil Qurbanov 1991-2001-ci illərdə dövri mətbuatda dərc etdirdiyi məqalə və müsahibələrini «Nəriman Nərimanov dünyası» (2001) kitabında toplu halda nəşr etdirmişdir. Bu kitab da N.Nərimanov irsini təftiş edən səbatsızların tənqid və ifşasına həsr olunmuşdur. O, 2003-cü ildə «Azərbaycan» nəşriyyatında kütləvi tirajla buraxılan «Nəriman Nərimanov ömrünün son illəri» kitabında isə siyasi xadim kimi böhranlı illərdə keçirdiyi iztirab və faciənin mahiyyətini açmağa çalışmışdır.

Gənc tədqiqatçı Akif Aşırlı «Nəriman Nərimanovun Kremldə qətli» (2006) kitabında görkəmli ictimai-siyasi fəaliyyəti ilə sıx əlaqəli bir sıra mübhəm məsələlərə inandırıcı dəlillərlə aydınlıq gətirmiş, beləliklə, onun qətl olunmasını əsaslandırmağa çalışmışdır.

İctimai xadim Həsən Həsənov öz elmi araşdırmasını N.Nərimanovun Azərbaycan dövlətçiliyi qarşısında tarixi roluna həsr etmişdir.  O, zəngin arxiv sənədləri əsasında yazdığı dissertasiyasının elmi nəticələrini «Nəriman Nərimanov – Milli təmayüllü kommunist» (2004) və «Nəriman Nərimanovun Milli dövlətçilik baxışları və fəaliyyəti» (2005) kitablarında kütləvi tirajla çap etdirmişdir.

Nəriman Nərimanovun həyatı, ictimai-siyasi fəaliyyəti və publisistikası ilə Türkiyə ictimaiyyətini yaxından tanıtmaqda tədqiqatçı Hüseyn Adıgözəlin xidməti danılmazdır. O, «Nərimanov» (2004), «Atatürk, Nərimanov və kurtuluş savaşımız» (2004), «Nərimanov. Məktublar» (2005) kitablarını kütləvi tirajla nəşr etdirmişdir.

Hüseyn Adıgözəl öz tədqiqat xarakterli, ciddi kitablarında Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində Türkiyə ilə sıx əməkdaşlığın yaradılmasına, Mustafa Kamal Atatürklə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi diqqət yetirmişdir.

Azərbaycanda müstəqilliyin bərpasının ilk illərindən Nəriman Nərimanov irsinə qayğı və həssaslıqla yanaşılmışdır. Bu dövrdə ölkəmizdə, istərsə də xarici ölkələrdə nəşr olunan kitablarda səciyyəvi cəhət onların tədqiqat xarakterli olmalarıdır ki, bu da xalq kütlələrinin böyük şəxsiyyətə marağı ilə bağlıdır. Nəriman Nərimanovun çoxcəhətli yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin dərindən öyrənilməsi onu xalqa daha yaxın, daha doğma edir. Tədqiqatçı - alim Hüseyn Əhmədov «Nəriman Nərimanov» (2004), Əmir Teymuroğlu «Nəriman Nərimanov və türk xalqları» (2006), T.Əhmədov «Nəriman Nərimanov – həyatı, mühiti, ədəbi yaradıcılığı» (2006), Rəfayət Əlimirzəyeva «Nəriman Nərimanovun yaradıcılığında maarifçi ziyalı problemi» (2010) kitabları müdrik yazıçı və ictimai-siyasi xadimin vətəninin və doğma xalqının azadlığa, müstəqilliyə və firavan həyata qovuşması uğrunda necə fədakarlıqla mübarizə aparmasını göstərir. Nəriman Nərimanov irsinin zaman keçdikcə tədqiqatçı alimlərin dərindən tədqiq etməsi milli ictimai mübarizə tariximizi zənginləşdirmişdir.

“Respublika”.