Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistanı mina terrorizmində ittiham edib
Digər xəbərlər

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistanı mina terrorizmində ittiham edib

Avropada yaşayan soydaşlarımız Azərbaycanın ərazisində Ermənistan tərəfindən törədilmiş mina terroruna növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini cəlb ediblər.

“Respublika” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda bu il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib. Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi kimi dəyərləndirilib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası mina problemi ilə bağlı Ermənistanın yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandırıb.

Avropa azərbaycanlıları beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıblar.