Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal tədbirlərin nüfuzlu təşkilatçılarından biridir
Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal tədbirlərin nüfuzlu təşkilatçılarından biridir

"Xəmsə"si ilə xalqımızın mənəvi sərvətlərinin fövqündə dayanan, əsərləri dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutan Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan poeziyası səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Şairin yaradıcılığı ümumilikdə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş zirvəyə qaldırmışdır.

Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yeri olan Nizami Gəncəvi irsinin qorunub saxlanması, təbliğ edilməsi hər zaman ulu öndər Heydər Əliyevin diqqətində olmuşdur. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar" - deyən Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yaradılmışdır. Əsas fəaliyyət istiqamətləri Nizami Gəncəvi irsinin araşdırılması, nizamişünaslığın aktual problemlərinin, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiq olunması, beynəlxalq əlaqələrin təşkili və əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanması olan Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq bu istiqamətdə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu gün bir çox ölkələrin sabiq prezidentləri ilə yanaşı, UNESCO-nun sülhməramlı səfirləri və dünyanın müxtəlif universitetlərinin əməkdaşları da fəaliyyət göstərir.

Mməqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən keçirdiyi 7 Qlobal Forum, 42 yüksək səviyyəli toplantı ilə dünyada dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsində ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində xeyli iş görmüş, torpaqlarımız işğalda olduğu müddətdə, 44 günlük Vətən müharibəsi günlərində, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin ərazi bütövlüyünə və haqq işinə güclü dəstək vermiş və bu gün də fəaliyyətini uğurla davam etdirir.

Oktyabr ayında VIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə ofisi ilə birgə "Sülh, müxtəliflik və bəşəri dəyərlərimiz" mövzusunda XXII Ali Səviyyəli toplantı keçirmişdir. Toplantıda dəyişən dünyada sülh və təhlükəsizlik, ətraf mühit və iqlimin dəyişilməsi problemləri, davamlı inkişaf proqramında bərabərlik kimi mövzular müzakirə edilmiş, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunmuşdur.

Bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri keçirilib. Müzakirələrdə iştirak edən 19 sabiq prezident və 12 sabiq baş nazir, tanınmış siyasətçilər, ictimai-siyasi xadimlər, nüfuzlu ekspert və politoloqlar Vətən müharibəsində tarixi qələbə münasibətilə Azərbaycanı təbrik etmişlər. Prezident İlham Əliyev mühüm beynəlxalq platforma çərçivəsində bir daha dünya ictimaiyyətinə regionda baş verənlər, Azərbaycanın sülhsevər siyasəti haqqında obyektiv məlumat vermiş, beynəlxalq aləmin diqqətini regionda yaranan yeni reallığa yönəltmişdir.

Noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. VIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib: "Bu il keçirilən Forum bir sıra mövzulara yönəlib. Biz pandemiyanın üzə çıxardığı təcrübədən öyrənmək istəyirik, çalışırıq müəyyən edək ki, necə mübarizə aparmalıyıq. Lakin görüləcək işlər çoxdur... Əlbəttə ki, bununla bağlı qadınların müxtəlif hüquqları uğrunda mübarizə aparmış mühüm şəxslərin təcrübəsini də nəzərdən keçirəcəyik".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - Prezident Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzə mükəmməl rəhbərlik etdiklərinə görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onların rəhbərliyi sayəsində bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aparıcı beynəlxalq təsisat kimi formalaşdığını, qısa müddət ərzində ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, dövlət xadimlərinin və s. təcrübəsini özündə əks etdirən aparıcı beynəlxalq təsisatlardan biri olduğunu qeyd edib və bu ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunduğunu Forum iştirakçılarının nəzərinə çatdırıb.

Forumun gündəliyində əsas məsələ olan COVID-19 pandemiyasına diqqət çəkərək xəstəliyin başladığı gündən Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm addımlar atdığını bildirən ölkə başçısı Azərbaycan xalqının peyvəndləmənin vacibliyini anladığını və artıq əhalinin 60 faizindən çoxunun iki doza vaksin vurdurduğunu, ölkədə yeganə məhdudiyyətin yalnız daxili məkanlarda maska taxmaq olduğunu və vəziyyətin bundan sonra da nəzarət altında saxlanmasına ümid etdiyini bildirmişdir. Dövlət başçısı eyni zamanda, qlobal miqyasda da çox fəal addımlar atan Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri olaraq COVID-19-a həsr olunmuş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olduğunu da qeyd etmişdir.

Birinci Bakı Qlobal Forumundan başlayaraq hər Forumda haqqında danışılan Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan Azərbaycan Prezidenti 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamənin Azərbaycanın özü həll etdiyini və artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin edə biləcəkləri bir iş qalmadığını, Ermənistanın acınacaqlı vəziyyətə düşməsi üçün cəmi 44 günün lazım olduğunu forum iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının sonunda Prezident İlham Əliyev bütün region üçün böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin tikintisinin başa çatmasından da danışıb. Qeyd edib ki, 2020-ci il dekabrın 31-də istifadəyə verilən həmin layihənin sonuncu hissəsi Trans-Adriatik boru kəməri Azərbaycanla bərabər, bölgə və Avropa üçün də tarixi nailiyyətdir.

Forumda 44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulanıb, noyabrın 4-dən 6-dək "COVID-19-dan sonrakı dünya" adı altında keçirilən VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildiriblər.

Forumda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç ötən il Qarabağ bölgəsi ilə bağlı imzaladığı Bəyanatın Azərbaycanın işğal olunmuş ərazilərinin reinteqrasiyasında böyük rol oynayacağını söyləmişdir. O, dünyada 5 milyon insanın ölümünə səbəb olan COVID-19-un təkbaşına aradan qalxmayacağına da münasibət bildirmişdir.

Qlobal Bakı Forumunu dünyanı narahat edən məsələlərin həlli üçün mühüm platforma adlandıran Latviya Prezidenti Eglis Levits hazırkı vəziyyətdə dünyanın dəqiq nizam-intizam və qlobal səfərbərlik tələb etdiyini vurğulamışdır.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım pandemiya dövründə Türkiyədə həyata keçirilən tədbirlərdən, regionda sabitliyin bərqərar olmasının vacibliyindən danışmış, Azərbaycanı möhtəşəm Zəfər münasibətilə təbrik etmiş və Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran başda olmaqla, Xəzərin şərqindəki ölkələrin regional əməkdaşlığının mümkünlüyündən danışmışdır.

VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayan Roma Papası Fransisk Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf edən bu mühüm tədbiri beynəlxalq birlik rəmzi kimi dəyərləndirmişdir.

Ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə ev sahibliyi edən, qlobal əhəmiyyətə malik platforma, güclü və nüfuzlu bir qurum olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumu bu gün Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrilməklə bərabər həm də problemlərin həllində vacib rol oynadığını bir daha isbat edir.

Mehparə ƏLİYEVA,

"Respublika".