Növbəti azad iqtisadi zona Naxçıvanda yaradıla bilər
Gündəm

Növbəti azad iqtisadi zona Naxçıvanda yaradıla bilər

Son zamanlarda dünya bazarlarında neftin qiymətinin qeyri-stabil olması Azərbaycanda qeyri-neft sektoruna olan tələbatı getdikcə artırır. Bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılan “Araz Vadisi İqtisadi Zonası” və “Ələt Azad İqtisadi Zonası” bu sektorun hədsiz dərəcədə inkişafına və Azərbaycanın xarici dövlətlər ilə ticarət əlaqələrinin genişlənməsinə mühüm təkan verir

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov “Respublika”ya öz fikirlərini bildirib:

"Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə bir sıra silsiləvi tədbirlər həyata keçirildi, müəyyən qanunvericilik aktları , o cümlədən də iqtisadi zona haqqında qanun qəbul edildi, onun detalları müəyyən edildi, mexanizmlər yaradıldı. Nəticədə Azərbaycanda bir sıra iqtisadi zonalar, sənaye parkları istifadəyə verildi və hazırda işğaldan azad olunmuş ərazilərdə də tətbiq edilməyə başlandı. Bütün bunlar sahibkarlığın inkişafı üçün, eyni zamanda dördüncü sənaye inqilabının tələblərinə cavab verən şərtlər daxilində bir modern konyukturanın yaradılmasına xidmət edirdi ki, nəticədə bu gün sahibkarlar artıq bu mövqe şəraitindən yararlanmağa başlayıblar.”

Ekspert həmçinin qeyd edib ki, iqtisadi zonalar qeyri-neft sektorunun inkişafına, eyni zamanda da bu modelin ölkə üzrə paylanmasına ciddi töhfə verəcək: 

"İqtisadi zonalar arasında özünü dünya təcrübəsində daha çox doğrultmuş və effektivliyi yuxarı olan isə azad iqtisadi zonalardır ki, Ələt Azad İqtisadi Zonası yaradılıb və bununla bağlı da ayrıca qanunvericilik aktı təsbit edilib. İkinci azad iqtisadi zonanın Naxçıvan ərazisində yaradılması planlaşdırılır. Çünki Naxçıvanın 2023-2027-ci illər üzrə olan sosial iqtisadi inkişaf planında kifayət qədər tədbir öz əksini tapıb. Bu tədbirlərdən biri də məhz burada azad iqtisadi zonaların yaradılmasıdır. Zəngəzur dəhlizi işə düşdükdən sonra hesab edirəm ki, bu zona effektiv fəaliyyət göstərə biləcək. Ona görə ki, adətən azad iqtisadi zonalar liman şəhərlərində və onlara bitişik yaradılır. Ələt də bu tip zonadır. Amma Naxçıvanda liman və dəniz olmasa da, mövcud coğrafi koordinatlar bu ərazini azad iqtisadi zona daxilində bir populyar yerə çevirə biləcək. Çünki həm “3+3” formatında Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlığı, eyni zamanda Şərq-Qərb dəhlizinin bir qolunun buradan keçmə ehtimalı, Türkiyənin Orta Asiyaya inteqrasiyası zamanı Naxçıvanın və azad iqtisadi zonanın bundan faydalanması və digər aspektlərdə hesab edirəm ki, bu zona burada uğur qazana biləcəkdir.”

Tacir SADIQOV,

“Respublika”.