Növbəti ikili standart
Digər xəbərlər

Növbəti ikili standart

Martın 31-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının 866 nömrəli otağında, Ukraynada Rusiya Federasiyasının cinayətlərinə həsr olunmuş "Ukrayna. Çarmıxa çəkilmə. Tribunal" adlı beynəlxalq sərginin açılışı olub. Sərgidə 1000-dən çox eksponat nümayiş olunur.

Ukrayna - XXI əsr Fondunun sədri Bogdan Qubskinin sözlərinə görə, iki həftə davam edəcək sərgi BMT-nin nümayəndə heyətlərinə "Rusiyanın Ukraynaya qarşı cinayətləri və Rusiya imperiyasının 2014-cü ildən bəri ölkəmizdə etdiyi hər şeyi" göstərmək məqsədi daşıyır. Ukrayna - XXI əsr Fondu təşkilati xərcləri öz üzərinə götürüb. Sərginin açılışında BMT-nin Danimarka, Litva, Polşa və ABŞ-dakı missiya rəhbərləri, müxtəlif ölkələrin diplomatları, Rusiya-Ukrayna müharibəsində ağır yaralanan və ABŞ-da müalicə və reabilitasiya keçən Ukrayna döyüşçüləri iştirak ediblər.

İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının yaradılmasına etirazını bildirən ABŞ və bəzi Qərb ölkələri bu gün Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə forumlar təşkil edir, döyüş bölgəsindən gətirilən eksponatları təntənəli şəkildə nümayiş etdirir. Bu, ermənipərəst mövqedən çıxış edən qlobal güclərin ikili standartını bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə salınan parkın hərbi cinayət olmasını dilə gətirənlər nədənsə yekdilliklə Nyu-Yorkda həyata keçirilən tədbiri dəstəkləyirlər.

Müzəffər ordumuzun Vətən müharibəsi zamanı əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. Bununla yanaşı, regional liderə çevrilən Azərbaycanın Ermənistan silahlı dəstələrini öz ərazilərindən çıxarması Avropa və Amerika kimi iki nəhəng qitənin bəzi hakim dairələrini narahat etdi. Vətən müharibəsi ilə bağlı həqiqətləri, müharibənin gedişatını, Azərbaycan əsgərinin gücünü, mübarizliyini gələcək nəsillərə çatdırmaq baxımından Hərbi Qənimətlər Parkı çox böyük əhəmiyyətə malikdir. Bu parkda mövcud mənzərə gələcək nəsillər üçün gözəl bir nümunədir.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı məhv edilən və hərbi qənimət qismində götürülən düşmən texnikası ilə bağlı müəyyən düşüncələri və xüsusi planı olduğunu Zəfər paradından sonra hərbçilərlə baş tutan görüşündə bildirmişdi. Bunun nəticəsi kimi, aprelin 12-də ölkə başçısı verdiyi vədi Hərbi Qənimətlər Parkının açılışı ilə gerçəkləşdirdi. Tarixi cinayətlərin və illər boyu sürmüş erməni təcavüzünün beynəlxalq aləmdə unudulmaması və nümayiş etdirilməsi baxımından Hərbi Qənimətlər Parkı "sülhsevər" ölkələr üçün tarixi yaddaş olmalıdır. Ölkə başçısı 2021-ci il aprelin 13-də ADA Universitetində keçirilən beynəlxalq konfransda açıq şəkildə bəyan etmişdir ki, Xocalı soyqırımını, 44 günlük Vətən müharibəsində Gəncənin, Bərdənin, Tərtərin, Naftalanın, Mingəçevirin və digər rayonlarımızın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilən müharibə cinayətlərini və 30 ilə yaxın müddətdə milyona yaxın insanımızın qaçqın-köçkün vəziyyətində mənəvi iztirablar içində yaşamasını heç kim xalqımıza unutdura bilməz. Torpaq-yurd həsrəti ilə bağlı mənəvi iztirabdan xəbəri olmayan erməni lobbisinin nə ədalətdən, nə beynəlxalq hüquqdan, nə də bu illər ərzində xalqımızın çəkdiyi əzab-əziyyətdən xəbəri yoxdur. Parkda sərgilənən elə həmin döyüş texnikasını Ermənistan soydaşlarımıza qarşı bir sıra hərbi cinayətlərin törədilməsində istifadə etmişdir. Bəzi Qərb ölkələri və ABŞ-ın etirazına gəldikdə isə məgər onlar Qarabağın necə viran edildiyini, tarixi və mədəni irsimizin necə məhv olunduğunu, məscidlərimizin, hətta qəbirlərimizin necə dağıdıldığını bilmirlərmi? Bəs Azərbaycanın Ermənistana qarşı etiraz səsi niyə eşidilmir?! Bununla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşən dörd mindən çox uşaq, qadın, ahıl azərbaycanlının pozulmuş hüquqları nəyə görə müdafiə edilməyib? Nəyə görə məhz beynəlxalq nəzər minalanmış ərazilərin xəritəsini yarımçıq Azərbaycana verməklə növbəti müharibə cinayəti törədən Ermənistana qarşı heç bir tədbir görmür? Axı, müharibə bitdikdən sonra neçə-neçə əsgərimiz, 200-dən çox mülki azərbaycanlı minaya düşərək həyat və sağlamlığını itirib.

Unutmamalıyıq ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlılara məxsus şəxsi avtomobillərin nömrə nişanlarından xüsusi lövhə düzəldib xarici turistlərə nümayiş etdirən zaman dünya birliyi buna heç bir reaksiya vermədi. Bakıdakı Parkda sərgilənən lövhəyə isə ermənilərin döyüş meydanında məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının nömrə nişanları vurulub. Həmin dövrdə Qərb dünyasının və ABŞ-ın etiraz dalğasına ən tutarlı cavabı Xarici İşlər Nazirliyi vermişdi. Cavabda qeyd olunduğu kimi, Bakıda Park-muzeyin açılışına etiraz edənlər məgər İrəvanın mərkəzində faşist cəlladı Qareginin şərəfinə ucaldılan heykəldən, beynəlxalq səviyyəli terrorçu Melkonyanın qəhrəmanlaşdırılmasından, digər terrorçu Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə ucaldılan abidədən xəbərsizdirlərmi?

Ümumiyyətlə, bir çox dünya ölkələrində belə təcrübə mövcuddur və hərbi muzeylər onilliklərdir ki, fəaliyyət göstərir. Bunun nümunəsi kimi, Danimarkadakı müharibə muzeyini göstərə bilərik. Orada İkinci Dünya müharibəsində qəddarlıq törətmiş nasistlərin uniformaları nümayiş olunur. Belə muzeylər Böyük Britaniyada, Polşada da fəaliyyət göstərir. Bununla yanaşı, Seulda da hərbi muzey mövcuddur. Humanizm və beynəlxalq hüququn "beşiyi" sayılan Fransanın paytaxtı Parisdə yerləşən Katakomba muzeyində isə milyonlarla insanın kəllə sümüyü sərgilənir.

Hərbi Qənimətlər Parkı tarixi yaddaşımızın şanlı və ləyaqətli səhifəsini əks etdirən bir məkandır. Elə buna görə Ermənistandan və dünya ictimaiyyətinin Azərbaycanı qısqanan hakim dairələrindən keçmişdə olduğu kimi, günümüzdə də anti-Azərbaycan siyasətinin təbliğini açıq şəkildə görürük.

Nurlan ABDALOV,

"Respublika".