Ədalətsizlik cavabsız qalmayacaq
Siyasət

Ədalətsizlik cavabsız qalmayacaq

Oktyabrın 20-də Azərbaycanda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda çıxışında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edirlər.

Ombudsman bildirib ki, BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyini özündə ehtiva edir: "Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən, heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd olunduğu müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur".

Tədbirdə 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak ediblər. "Corsica Libera" partiyasının nümayəndəsi Fransua Benedetti bildirib ki, Fransa korsikalıların hüquqlarını pozur, onlara ədalətsiz davranır. Bunun ən bariz nümunəsi isə Korsikada hələ də insan haqlarına riayət olunmamasıdır. Hətta indi belə Korsika sakinləri normal tibbi xidmət almaq üçün Fransanın böyük şəhərlərinə getməli olurlar. Polineziya müstəqilliyi uğrunda mübarizə aparan "Tavini huiraatira" partiyasının nümayəndəsi Heynui Le Kai də Fransanın dənizaşırı ərazilərin müstəqillik əldə etməsinə mane olmağa çalışdığını vurğulayıb. Onun sözlərinə görə, Fransa Polineziyasının dekolonizasiya prosesi 40 ildir ki, davam edir. Bu müddətdə isə Fransa polineziyalıların milli şüurunu, ana dilini məhv etməyə çalışıb. Hətta tam müstəmləkəçilik üçün Paris bu ərazilərdə fransız cəmiyyət modelini tətbiq etməyə çalışıb: "Tarix boyu Fransa bizim ərazimizdə təxminən 200 dəfə nüvə silahı sınaqdan keçirib. Onlar özlərini qorumaq üçün bizi qurban veriblər".

Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep də Bakıda keçirilən konfransda deyib ki, Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır: "Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Qəraib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Qəraibdə sülh yenidən bərqərar olmalıdır".

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol da tədbirdə səsləndirilən ümumi fikirlərə qoşulub, eyni zamanda Azərbaycan dövlətinə səslərinin eşidilməsinə dəstək verdiyinə görə də təşəkkür edib: "Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günlərdə Afrikadakı neokolonializm haqqında danışmaq imkanına sahibik. Onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən Fransa tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib. Bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir. Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa dövləti isə problemimizin həlli ilə məşğul olmaq istəmir".

Fransa özünü hər nə qədər demokratik ölkə kimi göstərmək istəsə də, tarixdə daima müstəmləkəçilik siyasətini həyata keçirən bir dövlət kimi mövcud olub. Bu ölkə hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikib. Fransa ölkələrin hərbi, iqtisadi, siyasi və mədəni varlıqlarını məhv edərək onları müstəmləkəsinə çevirib, nəticədə öz torpaqlarını genişləndirib. Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kamboca da müstəmləkəçilik siyasətinin həyata keçirildiyi yerlər olub. Parisin hiyləsini anlayıb onun hegemonluğundan uzaqlaşmağa çalışan ölkələri isə Yelisey sarayı güc yolu ilə bu fikirlərindən daşınmağa məcbur edib. Amansız müstəmləkəçilik siyasətinin əsl mahiyyətini pərdələməyə çalışan Fransa zəbt etdiyi əraziləri 1946-cı ildən Fransız ittifaqı, 1958-ci ildən isə Fransız birliyi adlandırıb. Bu ölkənin Əlcəzairdə törətdiyi hadisələr də unudulmamalıdır. Fransa 1830-cu ildə Əlcəzairi işğal edib, bu prosesdə isə 45 min əlcəzairli həyatını itirib.

Amma görünən odur ki, ədalət gec də olsa, yerini tapacaq. Artıq Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxanların fikirlərini yüksək səslə ifadə etməsi, eləcə də mötəbər tədbirlərin təşkil olunması bunu deməyə əsas verir.

Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Jalə QASIMZADƏ,

"Respublika".