Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 15-ci bəndlərinə uyğun olaraq ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. autentifikasiya – ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur;

1.1.2. avtorizə etmə – ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin ödəniş xidməti təchizatçısına verdiyi razılıq;

1.1.3. birbaşa debitləşmə – ödəyicinin vəsait alana, vəsait alanın və ya ödəyicinin ödəniş xidməti təchizatçısına əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan ödəyicinin ödəniş hesabının debitləşdirilməsi üçün istifadə olunan ödəniş aləti;

1.1.4. bloklaşdırma – ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması;

1.1.5. davamlı daşıyıcı – məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə;

1.1.6. dövri ödəniş – ödəyici tərəfindən əvvəlcədən müəyyən edilmiş məbləğdə və ya məbləğ limiti çərçivəsində dövri olaraq vəsait alanın xeyrinə həyata keçirilən ödəniş;

1.1.7. ekvayrinq – vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmət;

1.1.8. elektron pul – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti;

1.1.9. elektron pulun emissiyası – elektron pulun emitenti tərəfindən elektron pulun ödəniş xidməti istifadəçisinin sərəncamına verilməsi;

1.1.10. elektron pulun emitenti (bundan sonra – emitent) – bu Qanuna uyğun olaraq elektron pulun emissiyasını həyata keçirən şəxs;

1.1.11. elektron pulun qalıq dəyəri – elektron pul sahibinin ödəniş hesabında olan elektron pulun nominal dəyəri;

1.1.12. elektron pul sahibi – elektron pula sərəncam vermək hüququ olan ödəniş xidməti istifadəçisi;

1.1.13. elektron pul təşkilatı – bu Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxs;

1.1.14. əməliyyat günü – ödəniş xidməti təchizatçısının ödəniş sərəncamlarının qəbulu və ödəniş əməliyyatlarının aparılması üçün müəyyən etdiyi vaxt;

1.1.15. əməliyyat və ya təhlükəsizlik insidenti – ödəniş xidmətlərinin tamlığına, məxfiliyinə, etibarlılığına və (və ya) davamlılığına, ödəniş sistemlərində ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması prosesinin tamlığına və (və ya) davamlılığına, operatorun və ödəniş xidməti təchizatçısının təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunmasına mənfi təsir göstərən və ya göstərə biləcək operator və ödəniş xidməti təchizatçısı tərəfindən planlaşdırılmamış hadisə;

1.1.16. fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;

1.1.17. fövqəladə hallar – geoloji, təbiət yanğınları, meteoroloji partlayış, yanğın, bina və qurğuların uçması, elektroenergetika sistemlərində problem və digər xarakterli təbii və ya texnogen mənşəli qəzalar və fövqəladə xarakter daşıyan digər hallar;

1.1.18. gücləndirilmiş müştəri autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya;

1.1.19. hesablaşma agenti – ödəniş sistemində ödəniş sərəncamları üzrə hesablaşmaları iştirakçılara açdığı hesablar üzərindən həyata keçirən hüquqi şəxs;

1.1.20. hesab üzrə məlumat xidməti – ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidməti;

1.1.21. hesab üzrə məlumat xidməti təchizatçısı – ödəniş hesabı üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı;

1.1.22. hesaba xidmət edən ödəniş xidməti təchizatçısı – ödəyicinin ödəniş hesabı olan və ona ödəniş xidməti göstərən ödəniş xidməti təchizatçısı;

1.1.23. həssas ödəniş məlumatları – fırıldaqçılıq əməliyyatının aparılması üçün istifadə edilə bilən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının da daxil olduğu məlumatlar (bu Qanunun 3.1.6-cı və 3.1.7-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi zamanı ödəniş xidməti istifadəçisinin adı və hesab nömrəsi haqqında məlumat istisna olmaqla);

1.1.24. xarici ödəniş təşkilatının yerli filialı (xarici elektron pul təşkilatının yerli filialı, xarici operatorun yerli filialı) – Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və bu Qanunla müəyyən edilmiş qaydada aldığı lisenziya əsasında müvafiq fəaliyyəti Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış xarici ödəniş təşkilatının (xarici elektron pul təşkilatının, xarici operatorun) adından həyata keçirən filial;

1.1.25. klirinq – hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və bir neçə iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləği üzrə yaranan tələblərin və öhdəliklərin onların fərqi olan xalis bir tələb və ya xalis bir öhdəliyə çevrilməsi prosesi;

1.1.26. kredit köçürməsi (ödəniş tapşırığı) – ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, ödəyicinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti;

1.1.27. məcmu kapital – ödəniş təşkilatının və ya elektron pul təşkilatının davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna uyğun olaraq müəyyən olunmuş kapital;

1.1.28. mühüm iştirak payı – ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun nizamnamə kapitalının on və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;

1.1.29. nəzarət subyekti – bu Qanuna uyğun olaraq lisenziya və ya qeydiyyat əsasında fəaliyyət göstərən ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru;

1.1.30. operator – bu Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs;

1.1.31. ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs;

1.1.32. ödəniş aləti – ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu;

1.1.33. ödəniş əməliyyatı – ödəyici və vəsait alan arasında öhdəliyin mövcud olmasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;

1.1.34. ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti;

1.1.35. ödəniş hesabı – ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;

1.1.36. ödəniş xidməti – ödəniş xidməti təchizatçısı tərəfindən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlər;

1.1.37. ödəniş xidməti istifadəçisi – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;

1.1.38. ödəniş xidməti təchizatçısı – bu Qanuna uyğun olaraq ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən və bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan şəxslər;

1.1.39. ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıq;

1.1.40. ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemi;

1.1.41. ödəniş sistemi iştirakçısı – ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan və ödəniş sisteminə dair qaydalar əsasında iştirakçı kimi tanınan şəxs;

1.1.42. ödəniş terminalı – ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul vasitəsilə həyata keçirmək imkanı verən avadanlıq;

1.1.43. ödəniş təşkilatı – bu Qanuna uyğun olaraq lisenziya əsasında elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası istisna olmaqla, digər ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda göstərən hüquqi şəxs;

1.1.44. ödəyici – ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamını verən şəxs;

1.1.45. pul köçürməsi – ödəyici və (və ya) vəsait alanın adına ödəniş hesabı açılmadan pul vəsaitinin vəsait alanın xeyrinə köçürülməsi əməliyyatı;

1.1.46. rəqəmsal kontent – rəqəmsal formada istehsal və təqdim olunan, istifadəsi (istehlakı) yalnız texniki cihazların köməyi ilə mümkün olan və onlarla məhdudlaşan mal və ya xidmət;

1.1.47. unikal eyniləşdirici – ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisi üçün müəyyən edilən və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı ödəniş xidməti istifadəçisinin və (və ya) ödəniş hesabının eyniləşdirilməsi üçün istifadə edilən hərf, rəqəm və ya simvolların kombinasiyası;

1.1.48. vasitəçi – ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı;

1.1.49. vəsait alan – ödəniş əməliyyatı üzrə vəsaiti alması nəzərdə tutulan şəxs;

1.1.50. vətəndaş qüsursuzluğu – nəzarət subyektlərinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.

1.2. Bu Qanunun 7.5-ci, 7.6-cı, 48.12-ci, 52-ci, 53-cü, 54.2-ci, 57-ci, 58.2-ci, 60.1-ci, 60.3-cü maddələri və 7-ci fəsli nəzərə alınmaqla, bu Qanunun ödəniş təşkilatına, elektron pul təşkilatına və operatora dair tələbləri müvafiq olaraq xarici ödəniş təşkilatının, xarici elektron pul təşkilatının və xarici operatorun yerli filialına da şamil edilir.

1.3. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik

2.1. Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunları, bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) bunlara müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.

2.2. Ələt azad iqtisadi zonasında ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Ödəniş xidmətləri və ödəniş xidməti təchizatçıları

3.1. Ödəniş xidmətlərinə aşağıdakılar aiddir:

3.1.1. ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

3.1.2. kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

3.1.3. ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;

3.1.4. pul köçürməsi;

3.1.5. elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

3.1.6. ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

3.1.7. hesab üzrə məlumat xidməti.

3.2. Bu Qanunun məqsədləri üçün aşağıda qeyd olunanlar ödəniş xidməti hesab edilmir:

3.2.1. ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları;

3.2.2. ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;

3.2.3. ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları;

3.2.4. normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;

3.2.5. akkreditiv, inkasso, çek və veksellər ilə aparılan ödəniş əməliyyatları;

3.2.6. ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin Mərkəzi Bankda olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;

3.2.7. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödəniş əməliyyatları;

3.2.8. emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;

3.2.9. mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);

3.2.10. ödəniş xidməti təchizatçıları onların filialları və (və ya) ödəniş agentləri arasında aparılan ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamının icrası ilə bağlı olmayan ödəniş əməliyyatları;

3.2.11. müştəri əməliyyatları ilə bağlı olmayan əsas cəmiyyətlə onun törəmə cəmiyyətləri və ya əsas cəmiyyətin törəmə cəmiyyətləri arasında onlarla eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan ödəniş əməliyyatları;

3.2.12. bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlər göstərilməsi;

3.2.13. ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası, təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).

3.3. Ödəniş xidmətlərinin təchizatçıları aşağıdakılardır:

3.3.1. Mərkəzi Bank;

3.3.2. banklar və xarici bankların yerli filialları;

3.3.3. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən bank olmayan kredit təşkilatları;

3.3.4. poçt rabitəsinin milli operatoru;

3.3.5. ödəniş təşkilatları;

3.3.6. elektron pul təşkilatları.

3.4. Bu Qanunun 3.3.3-cü maddəsində nəzərdə tutulan ödəniş xidməti təchizatçıları yalnız “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödəniş xidmətlərini göstərə bilərlər.

2-ci fəsil

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər

Maddə 4. Ödəniş təşkilatının və elektron pul təşkilatının nizamnamə kapitalı və məcmu kapitalı

4.1. Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.

4.2. Ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

4.3. Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.

Maddə 5. Ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti

5.1. Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı aşağıdakı fəaliyyətləri də həyata keçirə bilər:

5.1.1. ödəniş sərəncamının icrası üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada valyuta mübadiləsi fəaliyyəti (müstəsna olaraq bu Qanunun 3.1.6-cı və (və ya) 3.1.7-ci maddələrində göstərilən ödəniş xidmətlərini göstərən ödəniş təşkilatları istisna olmaqla);

5.1.2. bu Qanunun 3.1.2-ci maddəsi ilə müəyyən edilmiş ödəniş əməliyyatlarının aparılması üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada və tələblər daxilində ödəniş xidməti istifadəçilərinə onlarla razılaşdırılmış şərtlərlə kreditlərin verilməsi;

5.1.3. göstərdiyi ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması, məlumatların saxlanılması, emalı və ötürülməsi;

5.1.4. bu Qanunla müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında operator fəaliyyəti, habelə bu Qanunun 43.6-cı maddəsinə uyğun olaraq operatorun həyata keçirə bildiyi digər fəaliyyətlər;

5.1.5. ödəniş xidmətləri ilə bağlı təlimlərin təşkili və məsləhət xidmətləri, habelə proqram təminatlarının hazırlanması.

5.2. Ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunla müəyyən edilmiş fəaliyyət növlərindən başqa digər fəaliyyət növlərini (bu Qanunun 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) həyata keçirə bilməzlər.

5.3. Ödəniş təşkilatı və elektron pul təşkilatı (ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti istisna olmaqla) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidirlər.

5.4. Ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçisindən qəbul edilən pul vəsaiti depozit hesab olunmur. Həmin vəsaitin saxlanması üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə və bu vəsait hesabına kredit verilə bilməz. Ödəniş hesabına elektron pulun emissiyası xidməti istisna olmaqla, pul yalnız ödəniş əməliyyatının həyata keçirilməsi üçün mədaxil edilir.

Maddə 6. Ödəniş hesabı

6.1. Hüquqi şəxslərə və fərdi sahibkarlara ödəniş hesabı yalnız banklarda, bank olmayan kredit təşkilatlarında (əldə edilmiş kreditlə bağlı), poçt rabitəsinin milli operatorunda və elektron pul təşkilatlarında açıla bilər. Hüquqi şəxslər və fərdi sahibkarlar ödəniş təşkilatlarının xidmətlərindən hesab açmadan istifadə edə bilərlər.

6.2. Bu Qanunda ayrı qayda müəyyən edilmədikdə digər normativ hüquqi aktların və normativ xarakterli aktların “bank hesabı” və (və ya) “hesab”la bağlı tələbləri (həmin tələblərin məzmunundan onların yalnız bank tərəfindən açılan hesaba aid olmasının aydın olduğu hallar istisna olmaqla) ödəniş hesablarına və banklarla bərabər digər ödəniş xidməti təchizatçılarına da şamil edilir.

Maddə 7. Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması

7.1. Bu Qanunun 3.1.1 – 3.1.5-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini aşağıdakı tədbirlərdən azı biri vasitəsilə təmin etməlidir:

7.1.1. pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Mərkəzi Bank tərəfindən müəyyən edilən aşağı riskli likvid aktivlərə investisiya etməklə;

7.1.2. qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.

7.2. Qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.

7.3. Ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyi bu Qanunun 7.1.1-ci maddəsində nəzərdə tutulan üsulla təmin edildikdə ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesaba elektron pul təşkilatı öz vəsaitinin mədaxil edilməsinə yol verə bilməz və həmin hesab üzrə icra sənədi yalnız elektron pul təşkilatının ödəniş xidməti istifadəçisi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər.

7.4. Ödəniş təşkilatının və ya elektron pul təşkilatının digər kreditorlarının tələbləri, o cümlədən icra sənədləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə və həmin vəsait hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Ödəniş təşkilatının və elektron pul təşkilatının iflas prosedurunun digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

7.5. Xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının ləğvi zamanı xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı yerli filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır.

7.6. Xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikasının ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranan öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.

Maddə 8. Mühasibat uçotu və maliyyə hesabatları

8.1. Ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

8.2. Ödəniş təşkilatı və elektron pul təşkilatı illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidirlər. Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş agenti cəlb etdikdə, ödəniş agenti tərəfindən ödəniş xidmətləri üzrə aparılan əməliyyatlar ödəniş təşkilatı və elektron pul təşkilatının birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilir.

8.3. Ödəniş təşkilatı və elektron pul təşkilatı illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Ödəniş təşkilatı və elektron pul təşkilatında yoxlamanı aparan kənar auditor ödəniş xidmətlərinin göstərilməsi sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar haqqında Mərkəzi Banka yoxlama müddətində yazılı məlumat verir.

Maddə 9. Ödəniş agenti

9.1. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunun 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü maddələrində nəzərdə tutulmuş ödəniş xidmətlərinin göstərilməsi, bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi üçün ölkə daxilində ödəniş agentini cəlb edə bilərlər. Bu halda ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır.

9.2. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə başlanmasından əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Məlumata agentlə bağlanılmış müqavilənin əsli və ya təsdiq edilmiş surəti, habelə bu Qanunun 9.6-cı maddəsində nəzərdə tutulan tələblərə uyğunluğu əks etdirən sənədlər əlavə olunur.

9.3. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş ərizə daxil olduğu gündən 10 (on) iş günü müddətində Mərkəzi Bank ödəniş agentini bu Qanunun 65-ci maddəsində nəzərdə tutulan Reyestrə daxil edir və bu barədə müraciət edən ödəniş xidməti təchizatçısına yazılı məlumat verir. Ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətləri göstərilə bilməz.

9.4. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən bu Qanunun 9.2-ci maddəsində qeyd olunan məlumatlar tam təqdim edilmədikdə, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə və ya agent ilə bağlanılmış müqavilə bu Qanunun 9.6-cı maddəsinə uyğun olmadıqda Mərkəzi Bank bu barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində ödəniş xidməti təchizatçısına yazılı bildiriş göndərir.

9.5. Müraciət edən bildirişdə göstərilən çatışmazlıqları yazılı bildirişin alındığı gündən 10 (on) iş günündən gec olmayaraq aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 9.3-cü maddəsində müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur. Çatışmazlıqlar aradan qaldırılmadıqda Mərkəzi Bank ödəniş agentini reyestrə daxil etməkdən imtina edir və bu barədə bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ödəniş xidməti təchizatçısına imtina səbəbləri göstərilməklə yazılı məlumat verir. İmtina cavabı almış ödəniş xidməti təchizatçısı çatışmazlıqları aradan qaldırdıqdan sonra ödəniş agentinin reyestrə daxil edilməsi üçün Mərkəzi Banka yenidən müraciət edə bilər.

9.6. Ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələblər, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

9.7. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş agentinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi ödəniş xidməti təchizatçılarının daxili qaydaları ilə müəyyən edilir. Ödəniş agenti ödəniş xidmətinin göstərilməsi üzrə ödəniş xidməti təchizatçısı tərəfindən tətbiq edilən xidmət haqlarından əlavə xidmət haqqı tətbiq edə və ya hər hansı formada başqa ödəniş tələb edə bilməz.

9.8. Ödəniş agenti bir və ya bir neçə bank, ödəniş təşkilatı və elektron pul təşkilatı adından çıxış edə bilər. Ödəniş agentinin bu hüququnun birbaşa və ya dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir.

9.9. Ödəniş agenti ödəniş xidməti istifadəçilərinə adından çıxış etdiyi ödəniş xidməti təchizatçısı barədə məlumat verməlidir.

9.10. Bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ödəniş agentinin fəaliyyətinə daxili qaydalarına uyğun olaraq nəzarəti həyata keçirmədikdə Mərkəzi Bank ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərini agentlər vasitəsilə göstərməsinin dayandırılması barədə icrası məcburi olan göstəriş verir.

9.11. Ödəniş agenti ilə bağlanılan müqaviləyə dəyişiklik edildiyi və ya xitam verildiyi halda ödəniş xidməti təchizatçısı bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Müqaviləsinə xitam verilmiş ödəniş agenti Mərkəzi Bank tərəfindən reyestrdən çıxarılır.

Maddə 10. İnsidentlər üzrə bildiriş və hesabatlılıq

10.1. Ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verməlidir.

10.2. Baş vermiş insidentin ödəniş xidməti istifadəçisi üçün maliyyə itkiləri ilə nəticələnə biləcəyi halda, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərini insident və onun qarşısının alınması üçün onların həyata keçirə biləcəkləri tədbirlərlə bağlı dərhal məlumatlandırmalıdır.

Maddə 11. Müraciətlərə baxılması və mübahisələrin həlli

Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə ödəniş xidməti istifadəçisini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə ödəniş xidməti istifadəçisinə məlumat verir. Ödəniş xidməti təchizatçısına şikayətin verilməsi ödəniş xidməti istifadəçisinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

3-cü fəsil

Elektron pul

Maddə 12. Elektron pulun emissiyası

12.1. Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyası aşağıdakılar tərəfindən həyata keçirilə bilər:

12.1.1. banklar və xarici bankların yerli filialları;

12.1.2. poçt rabitəsinin milli operatoru;

12.1.3. elektron pul təşkilatları.

12.2. Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır.

12.3. Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Maddə 13. Emitentlə elektron pul sahibi arasında qarşılıqlı münasibətlər

13.1. Emitent elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda təqdim edir:

13.1.1. emitentin adı və hüquqi ünvanı;

13.1.2. elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları;

13.1.3. elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları və tətbiq edildikdə elektron pulun geri ödənilməsi üzrə tutulan haqlar;

13.1.4. elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılması qaydası;

13.1.5. elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;

13.1.6. elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası.

13.2. Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar tərəfindən elektron pul yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edilə bilər.

13.3. Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edir.

13.4. Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır.

13.5. Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır.

13.6. Hüquqi şəxsə, xarici hüquqi şəxsin yerli filialına və ya fərdi sahibkara elektron pulun qalıq dəyəri geri qaytarıldıqda pul vəsaiti yalnız nağdsız formada hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının və ya fərdi sahibkarın ödəniş hesabına köçürülür.

13.7. Emitentin lisenziyası ləğv olunduğu hal istisna olmaqla, emitent elektron pul sahibi ilə bağlanılan müqavilədə nəzərdə tutduğu halda, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə aşağıdakı hallarda xidmət haqqı tətbiq edə bilər:

13.7.1. qalıq dəyərinin geri ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb olunduqda;

13.7.2. qalıq dəyərinin geri ödənilməsi müqavilənin bitmə tarixindən 1 (bir) ildən sonra tələb olunduqda.

13.8. Emitentin lisenziyası ləğv edildikdə Mərkəzi Bankın bu barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emitent tərəfindən elektron pulun emissiyası dayandırılmalı və elektron pulların qalıq dəyərləri elektron pul sahiblərinə hər hansı haqq tutulmadan geri qaytarılmalıdır.

Maddə 14. Açılmış ödəniş hesabları barədə məlumatlandırılma

Elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

4-cü fəsil

Ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma və müqaviləyə dair tələblər

Maddə 15. Ödəniş xidməti istifadəçisinə təqdim olunan məlumatlar

15.1. Ödəniş hesabı açıldığı halda, ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında ödəniş xidmətinə dair müqavilə bağlanılır.

15.2. Ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi arasında ödəniş xidmətinə dair müqavilə bağlanmazdan əvvəl aşağıdakı məlumatlar kağız və ya digər davamlı daşıyıcıda ödəniş xidməti istifadəçisinə təqdim edilir:

15.2.1. ödəniş xidməti təchizatçısı ilə bağlı:

15.2.1.1. ödəniş xidməti təchizatçısının adı və hüquqi ünvanı, habelə elektron poçt ünvanı;

15.2.1.2. ödəniş xidməti təchizatçısına verilmiş lisenziyanın tarixi, nömrəsi və lisenziya verən qurumun adı;

15.2.2. ödəniş xidmətindən istifadə ilə bağlı:

15.2.2.1. göstərilən ödəniş xidmətləri;

15.2.2.2. ödəniş sərəncamının düzgün verilməsi və ya icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici;

15.2.2.3. bu Qanunun 22-ci və 28-ci maddələrinə uyğun olaraq ödəniş sərəncamının verilməsi, ondan imtina və ödəniş sərəncamının gerigötürülməzliyi qaydası;

15.2.2.4. bu Qanunun 26-cı və 29-cu maddələrinə uyğun olaraq ödəniş sərəncamının icraya qəbulu vaxtı və icra müddəti;

15.2.2.5. ödəniş alətindən istifadə edildikdə onların xüsusiyyətləri;

15.2.3. xidmət haqları və valyuta mübadiləsi ilə bağlı:

15.2.3.1. tətbiq edildikdə, ödəniş xidmətlərinin göstərilməsi üçün tutulan xidmət haqları və onların ödənilməsi qaydası;

15.2.3.2. tətbiq edildikdə, valyuta mübadiləsi məzənnəsi;

15.2.3.3. tətbiq edildikdə, bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq istinad olunan valyuta mübadiləsi məzənnəsi üzrə dəyişikliklərin tətbiqi qaydası.

15.2.4. kommunikasiya ilə bağlı:

15.2.4.1. tərəflər arasında razılaşdırılmış qaydada məlumatların və müraciətlərin ötürülməsi üzrə əlaqə vasitələri (əlaqə telefonu, elektron poçt ünvanı və s.), tətbiq edildikdə ödəniş xidməti istifadəçisinin avadanlıqlarına münasibətdə texniki tələblər;

15.2.4.2. bu Qanunun 16 – 18-ci və 25-ci maddələrində müəyyən edilmiş məlumatların təqdim edilməsi müddəti (dövriliyi);

15.2.5. təhlükəsizlik tədbirləri ilə bağlı:

15.2.5.1. ödəniş xidməti istifadəçisinin ödəniş alətinin təhlükəsizliyinin təmin edilməsi üzrə həyata keçirməli olduğu tədbirlər və bu Qanunun 38.1.3-cü maddəsinə uyğun olaraq ödəniş xidməti təchizatçısını məlumatlandırması qaydası;

15.2.5.2. ödəniş xidməti təchizatçısının bu Qanunun 37-ci maddəsinə əsasən ödəniş alətini bloklaşdırmaq hüququ üzrə şərtlər;

15.2.5.3. bu Qanunun 25-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçisinin avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə ödəniş xidməti təchizatçısını məlumatlandırması qaydası, habelə ödəniş xidməti təchizatçısının avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə öhdəlikləri;

15.2.5.4. ödəniş xidməti təchizatçısının icra edilməmiş və ya səhv icra edilmiş ödəniş sərəncamı ilə bağlı bu Qanunun 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş öhdəliyi;

15.2.5.5. bu Qanunun 33-cü maddəsinə uyğun olaraq ödəniş əməliyyatının məbləğinin geri ödənilməsi qaydası;

15.2.5.6. ehtimal olunan və ya baş verən fırıldaqçılıq hadisəsi və ya təhlükəsizlik təhdidləri zamanı ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinin təhlükəsiz formada məlumatlandırılması prosedurları.

15.3. Ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi arasında ödəniş xidmətinə dair müqavilə bağlanıldığı halda həmin müqavilədə bu Qanunun 13.1-ci və 15.2-ci maddələrində göstərilən məlumatlarla yanaşı aşağıdakılar da qeyd olunur:

15.3.1. müqavilənin müddəti;

15.3.2. bu Qanunun 18.1-ci və 19-cu maddələrinə uyğun olaraq müqavilədə dəyişikliklər edilməsi və ya ləğv edilməsi qaydası;

15.3.3. bu Qanunun 11-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçisinin məhkəmədən kənar şikayət vermək hüququ da daxil olmaqla mübahisələrin həlli qaydası.

Maddə 16. Ödəniş sərəncamının icrasından əvvəl məlumatın verilməsi

16.1. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatını icra etməzdən əvvəl onun tərəfindən təqdim edilən ödəniş xidmətləri üzrə aşağıdakı məlumatları ödəniş xidməti istifadəçisinə təqdim etməli və ya belə məlumatların əlçatanlığını təmin etməlidir:

16.1.1. ödəniş sərəncamının icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici;

16.1.2. ödəniş sərəncamının icra müddəti;

16.1.3. tətbiq edildikdə, ödəniş xidmətinin göstərilməsi üçün tutulan haqlar;

16.1.4. tətbiq edildikdə, valyuta mübadiləsi məzənnəsi;

16.1.5. nəzarət orqanının əlaqə məlumatları.

16.2. Ödəniş sərəncamı vasitəçi tərəfindən verildikdə, vasitəçi bu Qanunun 16.1-ci maddəsində qeyd edilənlərdən əlavə, ödəniş sərəncamının verilməsinə başlamazdan əvvəl ödəyiciyə aşağıdakı məlumatları təqdim etməli və ya belə məlumatların ödəyiciyə əlçatanlığını təmin etməlidir:

16.2.1. vasitəçinin adı, hüquqi ünvanı və digər əlaqə məlumatları;

16.2.2. ödəniş əməliyyatının aparılması üçün vasitəçiyə ödənilən xidmət haqqının məbləği.

16.3. Vasitəçi ödəniş sərəncamını ötürdükdən sonra dərhal ödəyiciyə və uyğun olduğu halda vəsait alana ən azı aşağıdakı məlumatları təqdim etməli və ya belə məlumatların əlçatanlığını təmin etməlidir:

16.3.1. ödəyicinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısına ödəniş sərəncamının uğurla ötürülməsinin təsdiqi;

16.3.2. ödəyiciyə və vəsait alana ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi;

16.3.3. ödəniş əməliyyatının məbləği;

16.3.4. ödəniş əməliyyatının aparılması üçün vasitəçiyə ödənilən xidmət haqqının məbləği.

16.4. Ödəniş sərəncamı vasitəçi tərəfindən verildikdə, vasitəçi ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsini ödəyicinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısına təqdim edir.

Maddə 17. Ödəniş sərəncamının icrasından sonra məlumatlandırma

17.1. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icra etdikdən sonra dərhal azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda ödəniş xidməti istifadəçisinə təqdim etməlidir:

17.1.1. ödəniş xidməti təchizatçısının adı və VÖEN-i;

17.1.2. ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi;

17.1.3. ödəniş əməliyyatının icra olunduğu valyutada məbləği;

17.1.4. ödəniş əməliyyatının icrası üzrə ödənilən xidmət haqlarının məbləği;

17.1.5. tətbiq edildikdə, valyuta mübadiləsi məzənnəsi;

17.1.6. ödəniş sərəncamının icra olunduğu tarix.

17.2. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin tələbi ilə ona təqvim ayı müddətində azı bir dəfə ödəniş hesabı üzrə aparılan ödəniş əməliyyatları barədə bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məlumatları kağız və ya digər davamlı daşıyıcıda ödənişsiz olaraq təqdim etməlidir.

Maddə 18. Müqavilə şərtlərində dəyişiklik edilməsi üzrə məlumatlandırma

18.1. Müqavilə şərtlərində hər hansı dəyişikliklər haqqında məlumatı ödəniş xidməti təchizatçısı bu dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 (otuz) gün əvvəl ödəniş xidməti istifadəçisinə bildirməlidir. Bu müddətdə ödəniş xidməti istifadəçisi bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər ödəniş xidməti istifadəçisi tərəfindən qəbul olunmuş hesab edilir.

18.2. Ödəniş xidməti təchizatçısının ödəniş xidməti istifadəçisi ilə bağladığı müqavilədə nəzərdə tutulduğu halda, müqavilədə istinad olunmuş valyuta mübadiləsi məzənnəsində edilən dəyişikliklər bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş xəbərdarlıq müddəti tətbiq edilmədən qüvvəyə minir.

18.3. Ödəniş xidməti istifadəçiləri üçün daha əlverişli faiz və ya məzənnə dəyişiklikləri bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən tətbiq edilə bilər.

Maddə 19. Müqavilənin ləğv edilməsi

19.1. Ödəniş xidməti istifadəçisi müqavilədə başqa müddət razılaşdırılmadığı halda istənilən vaxt ödəniş xidməti təchizatçısına bildiriş verməklə haqq ödəmədən (bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) müqaviləni birtərəfli ləğv edə bilər. Müqavilədə razılaşdırılan müddət 1 (bir) aydan çox ola bilməz.

19.2. Müqavilə ləğv edilənədək ödəniş xidməti istifadəçisi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər xidmət haqları avans şəklində ödənilmişdirsə, həmin haqlar müqavilə ləğv edilənədək göstərilən ödəniş xidmətlərinə görə ödənilməli olan xidmət haqları çıxılmaqla ödəniş xidməti istifadəçisinə müqavilənin ləğv olunduğu günün növbəti iş günündən gec olmayaraq geri qaytarılır.

19.3. Ödəniş xidməti təchizatçısı müqavilədə nəzərdə tutulduğu halda, qeyri-müəyyən müddətdə bağlanılan müqaviləni ödəniş xidməti istifadəçisini 30 (otuz) gün əvvəl məlumatlandıraraq ləğv edə bilər. Bu qayda ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyətinə xitam verildiyi hallara şamil edilmir.

Maddə 20. Ödəniş alətləri üzrə məlumatın təmin olunmasında istisnalar

20.1. Ödəniş xidməti istifadəçisi tərəfindən kiçik həcmli ödəniş aləti istifadə edildikdə:

20.1.1. ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinə yalnız ödəniş alətinin xüsusiyyətləri, o cümlədən ödəniş alətinin istifadə edilməsi, tərəflərin məsuliyyəti, tətbiq edildikdə xidmət haqları barədə məlumatları təqdim etməli, həmçinin bu Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş digər məlumatların əlçatan olmasını təmin etməlidir;

20.1.2. müqavilədə nəzərdə tutulduğu halda, bu Qanunun 17-ci maddəsi tətbiq edilmədən ödəniş əməliyyatının icrasından sonra ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını, bu ödəniş əməliyyatının məbləğini və tutulan xidmət haqlarını müəyyən etməyə imkan verən istinad nömrəsi və (və ya) eyni vəsait alanın xeyrinə eyni növdə bir neçə ödəniş əməliyyatı həyata keçirildikdə aparılmış ödəniş əməliyyatlarının ümumi məbləği və xidmət haqları haqqında məlumatlandırmalıdır;

20.2. Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş aləti istifadə edildikdə ödəniş xidməti təchizatçısından bu Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi tələb olunmur, bu şərtlə ki, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini ödəniş alətində saxlanılan vəsaitin qalığını yoxlamaq imkanı ilə təmin edir.

20.3. Kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarları Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Maddə 21. Məlumatlandırma üzrə xidmət haqqı və sübutetmə vəzifəsi

21.1. Bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin bu Qanunun 4-cü fəslində nəzərdə tutulan məlumatlandırılmasını ödənişsiz həyata keçirir.

21.2. Ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında müqavilədə aşağıdakı hallarda ödəniş xidməti istifadəçisinin müraciəti ilə məlumatların təqdim olunmasına görə xidmət haqqı müəyyən oluna bilər:

21.2.1. bu Qanunun 15-ci maddəsində nəzərdə tutulanlardan əlavə məlumatların təqdim olunması;

21.2.2. məlumatların bu Qanunun 17.2-ci maddəsi və ya müqavilə ilə müəyyən edildiyindən daha tez dövriliklə təqdim olunması;

21.2.3. məlumatların müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsilə ötürülməsi.

21.3. Bu Qanunun 13.1-ci maddəsində və 4-cü fəslində nəzərdə tutulmuş məlumatların təqdim edilməsinin sübuta yetirilməsi vəzifəsini ödəniş xidməti təchizatçısı daşıyır.

5-ci fəsil

Ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti

Maddə 22. Ödəniş sərəncamının verilməsi və ondan imtina

22.1. Ödəyici ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur.

22.2. Ödəniş sərəncamından bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edilə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində ödəyicinin seçimindən asılı olaraq ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.

22.3. Ödəniş sərəncamının verilməsinin, habelə ondan imtinanın forma və proseduru Mərkəzi Bankın normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda, ödəniş xidməti təchizatçısı ilə ödəyici arasında bağlanılmış müqavilə və (və ya) ödəniş xidmətləri sahəsində tətbiq edilən işgüzar dövriyyə adətləri ilə müəyyən edilir.

Maddə 23. Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması

23.1. Ödəniş hesabı məsafədən idarə edildikdə ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatının aparılması üzrə vasitəçilik xidmətindən istifadə edə bilər. Bu halda, ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı:

23.1.1. vasitəçi ilə yalnız təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

23.1.2. vasitəçidən ödəniş sərəncamını qəbul etdikdən sonra vasitəçini ödəniş əməliyyatının icrası ilə bağlı ödəniş əməliyyatının başladılması üzrə bütün məlumatlarla dərhal təmin etməli;

23.1.3. ayrı-seçkilik olmadan, xüsusən də ödəyici tərəfindən birbaşa ötürülən ödəniş sərəncamlarına üstünlük vermədən və ya xidmət haqqı fərqi yaratmadan vasitəçi ilə ötürülən ödəniş sərəncamlarını icra etməlidir.

23.2. Vasitəçi vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar:

23.2.1. ödəniş xidməti istifadəçilərinin vəsaitlərini saxlamamalı;

23.2.2. ödəniş xidməti istifadəçisi və onun hesabına xidmət edən ödəniş xidməti təchizatçısı istisna olmaqla fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməli;

23.2.3. vasitəçilik xidməti zamanı əldə edilmiş ödəniş xidmətləri istifadəçisi haqqında məlumatları yalnız onun razılığı ilə vəsaiti alana verilməsini təmin etməli;

23.2.4. hər bir ödəniş əməliyyatı aparıldıqda özünü hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında eyniləşdirməli və ödəniş hesabına xidmət edən təchizatçı, ödəyici və vəsaiti alan ilə təhlükəsizlik tələbləri gözlənilməklə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

23.2.5. ödəniş xidməti istifadəçisindən ödəniş xidmətinin göstərilməsi üçün zəruri olmayan əlavə məlumatlar tələb etməməli;

23.2.6. ödəniş xidməti istifadəçisinin həssas ödəniş məlumatlarını saxlamamalı, ödəniş xidmətinin göstərilməsi ilə əlaqədar olmadıqda hər hansı məlumatı ödəniş xidməti istifadəçisinin razılığı olmadan istifadə etməməli, saxlamamalı və ya bu məlumatın əldə edilməsinə cəhd etməməli;

23.2.7. ödəniş əməliyyatının məbləğini, vəsait alanı və ya ödəniş əməliyyatının hər hansı rekvizitini dəyişdirməməlidir.

23.3. Bu Qanunun 23.1-ci və 23.2-ci maddələrinin tələbləri vasitəçi və ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı arasında müqavilə olmadığı hallara da şamil edilir.

Maddə 24. Hesab üzrə məlumat xidməti çərçivəsində ödəniş hesabı məlumatlarına çıxış və həmin məlumatlardan istifadə qaydaları

24.1. Ödəniş hesabı məsafədən idarə edildikdə ödəniş xidməti istifadəçisi hesab üzrə məlumat xidmətindən istifadə edə bilər. Ödəniş xidməti istifadəçisi hesab üzrə məlumat xidməti təchizatçısından istifadə etməklə ödəniş hesabı məlumatlarına çıxış üçün sorğu etdikdə, hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı aşağıdakıları təmin etməlidir:

24.1.1. hesab üzrə məlumat xidməti təchizatçıları ilə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

24.1.2. hesab üzrə məlumat xidməti təchizatçısı vasitəsilə ötürülən məlumat sorğularına qarşı obyektiv əsaslar olmadan ayrı-seçkilik etməməli.

24.2. Hesab üzrə məlumat xidməti təchizatçısı:

24.2.1. ödəniş xidməti istifadəçisinin razılığı əsasında ona xidmətlər göstərməli;

24.2.2. ödəniş xidməti istifadəçisi və onun hesabına xidmət edən ödəniş xidməti təchizatçısı istisna olmaqla, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməli;

24.2.3. hər bir kommunikasiya zamanı özünü ödəniş xidməti istifadəçisinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında eyniləşdirməli;

24.2.4. hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi ilə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

24.2.5. yalnız sorğu edilmiş ödəniş hesablarına və əlaqəli ödəniş əməliyyatları barədə məlumatlara çıxış əldə etməli;

24.2.6. ödəniş hesabları ilə bağlı həssas ödəniş məlumatlarını tələb etməməlidir.

24.3. Bu Qanunun 24.1-ci və 24.2-ci maddələrinin tələbləri hesab üzrə məlumat xidməti təchizatçısı və ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı arasında müqavilə olmadığı hallara da şamil edilir.

Maddə 25. Avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatları üzrə bildiriş

25.1. Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı tərəfindən həyata keçirilən ödəniş əməliyyatının icrası haqqında bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı halda, ödəniş əməliyyatının icrasından sonra 6 (altı) ay müddətindən gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə ödəniş xidməti təchizatçısını dərhal məlumatlandırmalıdır. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatının icrası haqqında bu Qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırmadığı halda bu müddət tətbiq edilmir.

25.2. Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında ödəniş xidməti istifadəçisindən bu Qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş halda bildirişi aldıqdan sonra bu Qanunun 25.5-ci maddəsində nəzərdə tutulan sübutları 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir.

25.3. Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir.

25.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda da bu Qanunun 25.1-ci maddəsinin tələbləri şamil edilir. Avtorizə edilməmiş ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə bu Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vəsaiti geri qaytarır. Avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə vasitəçinin təqsiri müəyyən edildikdə o, ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı ödəniş xidməti təchizatçısının çəkdiyi xərcləri kompensasiya etməlidir.

25.5. Ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir.

25.6. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, vasitəçi ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və ödəniş əməliyyatının onun tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın təsirinə məruz qalmadığını sübuta yetirməlidir.

25.7. Ödəniş xidməti istifadəçisi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə olmasını və ya bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda ödəniş xidməti təchizatçısı, zəruri olduqda isə vasitəçi fırıldaqçılıq əməliyyatının baş verdiyini və ya ödəniş xidməti istifadəçisi tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir.

Maddə 26. Ödəniş sərəncamının icraya qəbulu vaxtı

26.1. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir.

26.2. Avtorizə edilmiş ödəniş sərəncamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.

Maddə 27. Ödəniş sərəncamının icrası və icrasından imtina

27.1. İcraya qəbul olunan ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.

27.2. Ödəniş əməliyyatı üzrə vəsaitin vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısının hesabına mədaxil edildiyi andan ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısının ödəniş sərəncamının icrası üzrə öhdəliyi icra olunmuş hesab edilir. Ödəyiciyə və vəsait alana eyni ödəniş xidməti təchizatçısı tərəfindən xidmət göstərildikdə ödəniş sərəncamının icrası üzrə öhdəlik vəsaitin vəsait alanın hesabına mədaxil edildiyi andan icra olunmuş hesab edilir.

27.3. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından, o cümlədən vasitəçi ödəniş sərəncamının verilməsindən imtina etdikdə, bunun səbəbləri və mövcud çatışmazlıqlar haqqında ödəniş xidməti istifadəçisini ən geci növbəti iş günü məlumatlandırır, bu şərtlə ki, qanunla belə məlumatların verilməsi qadağan edilməsin.

27.4. Ödəyicinin ödəniş hesabına xidmət göstərən təchizatçı ödənişin ödəyici, vəsait alan və ya vasitəçi tərəfindən verilməsindən asılı olmayaraq avtorizə edilmiş ödəniş sərəncamını qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla yerinə yetirməkdən imtina edə bilməz.

27.5. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, həmçinin ödəniş xidməti istifadəçisinin pul vəsaitinə sərəncam vermək hüququ üzərində qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudiyyətlər qoya bilməz.

27.6. Ödəyiciyə və vəsait alana xidmət edən ödəniş xidməti təchizatçıları, o cümlədən ödəniş sərəncamının icrasına cəlb olunmuş digər ödəniş xidməti təchizatçıları ödəniş sərəncamının icrası zamanı ödəniş sərəncamı üzrə məlumatların tam şəkildə ötürülməsini təmin etməlidirlər.

Maddə 28. Ödəniş sərəncamının geri götürülməsi

28.1. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur.

28.2. Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, ödəniş xidməti istifadəçisi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər.

28.3. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda, ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.

28.4. Birbaşa debitləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər.

28.5. Bu Qanunun 28.2-ci və 28.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda və pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edilmədiyi təqdirdə geri götürülə bilər.

28.6. Ödəniş sərəncamının geri götürülməsi üzrə xidmət haqqı ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılan müqavilədə nəzərdə tutulduğu halda tətbiq edilir.

Maddə 29. Ödəniş sərəncamının icra müddəti

29.1. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir.

29.2. Ödəniş təşkilatı istisna olmaqla digər ödəniş xidməti təchizatçılarına verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.

29.3. Ödəniş xidməti təchizatçısı vəsait alanla bağladığı müqavilədə birbaşa debitləşmə ilə bağlı ödəniş əməliyyatlarının razılaşdırılmış tarixdə həyata keçirilməsinə imkan yaratmaq üçün vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir.

29.4. Bu Qanunun 36-cı maddəsində nəzərdə tutulan hal istisna olmaqla, vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilməli və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılmalıdır. Hesaba mədaxil edilməli olan pul vəsaitinin valyutası hesabda olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi müddəti ödəniş xidməti istifadəçisi ilə ödəniş xidməti təchizatçısı arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

Maddə 30. Ödəniş sərəncamının icrası üzrə xidmət haqlarının tutulması

30.1. Ödəyiciyə və (və ya) vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı, həmçinin ödəniş əməliyyatının icrasına cəlb olunan ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının məbləğini tam köçürməli və köçürülən məbləğdən xidmət haqqı tutmamalıdır, bu şərtlə ki, ödəniş xidməti istifadəçisi ilə ayrı hal razılaşdırılmasın.

30.2. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə daxil olan pul vəsaitini vəsait alanın ödəniş hesabına mədaxil etməzdən əvvəl köçürülən məbləğdən xidmət haqqının tutulmasını vəsait alanla razılaşdıra bilər. Bu halda vəsait alana təqdim edilən məlumatda ödəniş əməliyyatının tam məbləği və köçürülən məbləğdən tutulan xidmət haqqı ayrıca qeyd olunmalıdır.

Maddə 31. Ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmaması, səhv icrası, pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi

31.1. Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.

31.2. Ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut etdikdə, vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı olmadıqda vəsait alanın sərəncamına verməlidir.

31.3. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş və ya əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır. Vasitəçi ödəniş əməliyyatının icra olunmamasına, səhv icra olunmasına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə bu Qanunun 31.4-cü maddəsinə əsasən məsuliyyət daşıdıqda, ödəniş xidməti təchizatçısına ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı xərclərinin müqabilində qarşılaşdığı zərərlərə görə kompensasiya ödəməlidir.

31.4. Vasitəçi ödəniş sərəncamının ödəyicinin ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən alındığını, ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və onun tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın təsirinə məruz qalmadığını sübut edə bilmədikdə, ödəyicinin ödəniş sərəncamının icra edilməməsi, səhv icra edilməsi və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üçün məsuliyyət daşıyır.

31.5. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir.

31.6. Ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəniş xidməti təchizatçısından ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər.

31.7. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.

31.8. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatı üzrə və pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üzrə ödəyicinin tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda ödəyicini məlumatlandırmalıdır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına qanunla qadağan olunmayan məlumatları təqdim etməlidir.

Maddə 32. Vəsait alan tərəfindən verilən ödəniş sərəncamının icra edilməməsi və ya səhv icrası

32.1. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə ona xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vaxtında və düzgün göndərilməsi üzrə vəsait alan qarşısında cavabdehdir.

32.2. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən göndərilən ödəniş sərəncamının icra edilməməsinə və ya səhv icra edilməsinə görə məsuliyyət daşıyır. Bu halda, ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş ödəniş sərəncamı üzrə vəsaitin dərhal ödəyicinin ödəniş hesabına bərpa edilməsini və ya tələb olunduqda ödəniş sərəncamının düzgün icrasını təmin etməlidir.

32.3. Vəsait alan tərəfindən ödəniş sərəncamı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına birbaşa təqdim edildikdə ödəniş xidməti təchizatçısı bu Qanunun 32.2-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır.

32.4. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə, ona xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə vəsait alanın tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda vəsait alanı məlumatlandırmalıdır.

Maddə 33. Vəsait alanın icra edilmiş ödəniş sərəncamı üzrə vəsaitin geri ödənilməsi

33.1. Ödəyici birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı vəsait alan tərəfindən verilən ödəniş sərəncamı üzrə ödəyicinin müəyyən etdiyi ödəniş məbləğindən yüksək məbləğdə ödəniş əməliyyatı apardığı təqdirdə artıq ödənilmiş məbləği geri ödəməlidir.

33.2. Ödəyici bu Qanunun 33.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş halda vəsaitin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində ona xidmət göstərən ödəniş xidməti təchizatçısına müraciət edə bilər.

33.3. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə məbləğin geri ödənilməsi barədə ödəyicinin müraciəti daxil olduqdan sonra 5 (beş) iş günü müddətində bu Qanunun 33.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq artıq ödənilmiş məbləğin geri ödənilməsini təmin etməli və ya imtinanın səbəbləri haqqında əsaslandırılmış məlumatı ödəyiciyə təqdim etməlidir.

Maddə 34. Unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatları

34.1. Unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatları unikal eyniləşdirici ilə müəyyən edilmiş vəsait alanın xeyrinə icra olunmuş hesab edilir.

34.2. Ödəniş xidməti istifadəçisi tərəfindən təqdim edilmiş unikal eyniləşdirici düzgün olmadıqda, ödəniş xidməti təchizatçısı bu səbəblə icra olunmamış və ya səhv icra edilmiş ödəniş əməliyyatlarına görə məsuliyyət daşımır.

34.3. Ödəniş xidməti istifadəçisi ödəniş sərəncamı üzrə unikal eyniləşdiricidən başqa əlavə məlumatlar təqdim etdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının yalnız unikal eyniləşdiriciyə uyğun olaraq icra edilməsinə görə məsuliyyət daşıyır.

Maddə 35. Autentifikasiya

35.1. Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı aşağıdakı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir:

35.1.1. ödəyici ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda;

35.1.2. ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda;

35.1.3. ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə.

35.2. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir.

35.3. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

35.4. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır.

Maddə 36. Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsi

36.1. Ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddət nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir.

36.2. Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir. Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Maddə 37. Ödəniş alətindən istifadə və ödəniş hesablarına çıxış əldə etmə üzrə məhdudiyyətlər

37.1. Ödəniş xidməti təchizatçısı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edir.

37.2. Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir:

37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması;

37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması;

37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması.

37.3. Ödəniş xidməti təchizatçısı bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin.

37.4. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir.

37.5. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısının və ya vasitəçinin ödəniş xidməti istifadəçisinin ödəniş hesabına çıxış əldə etməsinə və ya əməliyyat aparmasına yalnız bunun icazəsiz və ya fırıldaqçılıq məqsədilə həyata keçirildiyini əsaslandırmaqla imtina edə bilər. Belə hallarda ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəyicini imtinanın səbəbləri barədə yazılı qaydada məlumatlandırır.

37.6. Ödəniş hesabına çıxış əldə edilməsinə imtina etmiş ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısına və ya vasitəçiyə bu Qanunun 37.5-ci maddəsində göstərilən səbəblər aradan qalxdıqdan sonra ödəniş hesabına çıxış əldə etməyə və əməliyyat aparmağa icazə verməlidir.

37.7. Bu Qanunun 37.5-ci maddəsində göstərilən hallar baş verdikdə ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısı və ya vasitəçi ilə əlaqədar insident barədə dərhal Mərkəzi Banka məlumat verir. Məlumat insidentin təfərrüatlarını və həyata keçirilmiş tədbirin səbəblərini əhatə etməlidir. Mərkəzi Bank məsələni araşdırır və bu Qanuna müvafiq olaraq tədbirlər görür.

Maddə 38. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri

38.1. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır:

38.1.1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək;

38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək;

38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq.

Maddə 39. Ödəniş xidməti təchizatçısının ödəniş alətinə münasibətdə vəzifələri

39.1. Ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının vəzifələri aşağıdakılardır:

39.1.1. ödəniş alətinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının ödəniş alətini istifadə etmək hüququ olan ödəniş xidməti istifadəçisindən başqa digər şəxslərə açıqlanmamasını təmin etmək;

39.1.2. ödəniş xidməti istifadəçisinə əvvəlcədən verilmiş ödəniş alətinin əvəz edilməsi halı istisna olmaqla, ödəniş xidməti istifadəçisi müraciət etmədən ödəniş alətini ona təqdim etməmək;

39.1.3. ödəniş xidməti istifadəçisini günün 24 (iyirmi dörd) saatı müddətində bu Qanunun 38.1.3-cü maddəsinə uyğun olaraq bildiriş vermək və onu ödəniş alətinin blokdan çıxarılması ilə bağlı müraciət etmək üçün əlaqə vasitələri ilə təmin etmək, habelə 18 (on səkkiz) ay müddətində bildirişin verilməsi faktının saxlanmasını təmin etmək;

39.1.4. ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmaq;

39.1.5. ödəniş alətinin və onunla əlaqədar hər hansı fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının ödəniş xidməti istifadəçisinə təhlükəsiz göndərilməsini təmin etmək.

Maddə 40. Ödəniş alətlərinin istifadəsi üzrə istisnalar

40.1. Bu Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş kiçikhəcmli ödəniş aləti olduqda:

40.1.1. ödəniş aləti onun bloklaşdırılmasına və sonrakı istifadəsinin məhdudlaşdırılmasına imkan vermədikdə, bu Qanunun 38.1.3-cü, 39.1.3-cü, 39.1.4-cü və 41.4-cü maddələri tətbiq edilmir;

40.1.2. Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq ödəniş xidməti istifadəçisi eyniləşdirilməyən ödəniş aləti istifadə edildikdə və ya ödəniş xidməti təchizatçısı ödəniş alətinə xas olan digər səbəblərə görə ödəniş əməliyyatının avtorizə edildiyini sübuta yetirə bilmədiyi təqdirdə, bu Qanunun 25-ci və 41-ci maddələri tətbiq edilmir;

40.1.3. ödəniş sərəncamının icra edilməməsi ödəyiciyə məlum olduğu halda, ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından imtina barəsində ödəniş xidməti istifadəçisini məlumatlandırmaya bilər;

40.1.4. bu Qanunun 16-cı və 17-ci maddələri ilə müəyyən edilən ödəniş sərəncamının icrasından əvvəl və sonra məlumatlandırma tələbləri, bu Qanunun 28-ci maddəsi ilə müəyyən edilən ödəniş sərəncamının geri götürülməsi tələbləri tətbiq edilmir;

40.1.5. bu Qanunun 29.4-cü maddəsində nəzərdə tutulan müddətdən fərqli müddət tətbiq edilə bilər.

Maddə 41. Ödəyicinin avtorizə olunmamış ödəniş əməliyyatları üzrə məsuliyyət həddi

41.1. Ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı hər bir avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödəyici yalnız 100 (yüz) manatadək və ya xarici valyutada 100 (yüz) manat ekvivalentinədək itkiyə məruz qala bilər.

41.2. Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında ödəyici ödəniş əməliyyatının aparılmasından əvvəl məlumatlı olmadıqda və ya ödəniş xidməti təchizatçısının hərəkət və ya hərəkətsizliyi səbəbindən ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır.

41.3. Ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır.

41.4. Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır.

41.5. Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısının itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən ödəniş alətinin istifadə olunması haqqında xəbərdarlıq edilməsi üçün ödəyicini əlaqə vasitələri ilə təmin etmədiyi, yaxud ödəniş xidməti təchizatçısı tərəfindən bu Qanunun 35-ci maddəsinə uyğun olaraq gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilmədiyi halda ödəniş alətinin istifadə olunması nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır.

Maddə 42. Məlumatların qorunması

42.1. Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirrinin qorunması qaydaları şamil edilir.

42.2. Ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirrinin qorunması qaydalarının pozulması hesab edilmir.

42.3. Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

42.4. Ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatlarının aparılmasına cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir.

6-cı fəsil

Ödəniş sistemləri

Maddə 43. Ödəniş sisteminin təşkili

43.1. Ödəniş sistemi operator tərəfindən azı üç birbaşa ödəniş sistemi iştirakçısı arasında bağlanılmış müqavilə əsasında təşkil edilir.

43.2. Aşağıdakı şəxslər ödəniş sisteminin operatoru ola bilərlər:

43.2.1. Mərkəzi Bank;

43.2.2. bu Qanuna uyğun olaraq operator fəaliyyətinə lisenziya almış hüquqi şəxs.

43.3. Lisenziya əsasında fəaliyyət göstərən operatorun nizamnamə kapitalı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş minimum nizamnamə kapitalının miqdarından az olmamalıdır.

43.4. Ödəniş sisteminin təşkili üzrə operatorun vəzifələri aşağıdakılardır:

43.4.1. ödəniş sisteminə dair qaydaların müəyyən edilməsi, ödəniş sistemi iştirakçıları tərəfindən onlara riayət olunmasına nəzarət edilməsi;

43.4.2. ödəniş sistemində risklərin idarə olunması sisteminin təşkili;

43.4.3. ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi, ödəniş sisteminin fəaliyyətində fasilə yarandığı halda, bu barədə Mərkəzi Banka və ödəniş sisteminin iştirakçılarına məlumat verilməsi;

43.4.4. daxili nəzarət sisteminin, habelə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi.

43.5. Bu Qanunun 8-ci və 10.1-ci maddələri lisenziya əsasında fəaliyyət göstərən operatora da şamil edilir.

43.6. Bu Qanunun 5.1-ci, 5.2-ci və 64-cü maddələri nəzərə alınmaqla, lisenziya əsasında fəaliyyət göstərən operator tərəfindən (bank, xarici bankın yerli filialı, poçt rabitəsinin milli operatoru istisna olmaqla) ödəniş sistemlərinin təşkili ilə yanaşı, ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsindən başqa digər fəaliyyət həyata keçirilə bilməz.

43.7. Operator, ödəniş sistemi iştirakçıları, ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş sisteminin idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş sistemində ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları, habelə emal olunan ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

43.8. Operator ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir.

43.9. Ödəniş sisteminin operatoru və iştirakçıları arasındakı qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminə dair qaydalar ilə tənzimlənir.

43.10. Ödəniş sisteminə dair qaydalarda birbaşa və ya dolayı iştirak nəzərdə tutula bilər.

43.11. Ödəniş sisteminin birbaşa iştirakçısı ödəniş sisteminin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə hesablaşma agentində, dolayı iştirakçı isə birbaşa iştirakçıda müxbir və ya cari hesab açmalıdır.

43.12. Ödəniş sisteminin birbaşa və dolayı iştirakçıları arasında qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminiə dair qaydalar əsasında tənzimlənir.

Maddə 44. Ödəniş sisteminə dair qaydalar

44.1. Ödəniş sisteminə dair qaydalarda azı aşağıdakılar əks olunmalıdır:

44.1.1. ödəniş sistemində iştirak, iştirakın dayandırılması və sistemdən kənarlaşdırılma şərtləri;

44.1.2. operatorun və ödəniş sistemi iştirakçılarının hüquq və vəzifələri;

44.1.3. ödəniş sisteminin fəaliyyət reqlamenti;

44.1.4. klirinq və hesablaşmaların aparılması, məlumatların təqdimolunma qaydası, forma və strukturu;

44.1.5. emal olunan ödəniş sərəncamlarının forma və strukturu;

44.1.6. ödəniş sərəncamının qəbulu və gerigötürülməzliyi şərtləri;

44.1.7. informasiya sistemlərinin təşkili və idarəedilməsi, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları;

44.1.8. risklərin idarə olunması və hesabatlılığın təşkili;

44.1.9. hesablaşmaların başa çatdırılması nəzərdə tutulduğu halda, likvidliyin təmin olunması üsulu;

44.1.10. hesablaşmaların aparıldığı valyuta (valyutalar);

44.1.11. göstərilən xidmətlər və tətbiq edilən xidmət haqları;

44.1.12. ödəniş sistemi iştirakçıları arasında mübahisəli halların həlli;

44.1.13. ödəniş sisteminə dair qaydaların pozulmasına görə tərəflərin məsuliyyəti.

44.2. Operator ödəniş sisteminə dair qaydalarının bu Qanunun tələblərinə uyğun olmasını təmin edir.

44.3. Operator birtərəfli qaydada ödəniş sisteminə dair qaydalarında dəyişikliklər edə bilər. Ödəniş sisteminə dair qaydalarda dəyişikliklər ödəniş sistemi iştirakçılarına bildirildikdən 1 (bir) ay sonra tətbiq edilir.

44.4. Operator ödəniş sisteminə dair qaydalarında ödəniş sistemi iştirakçıları arasında ayrı-seçkiliyə yol verməməli, ödəniş sistemində yarana biləcək risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemində iştiraka mane olmamalıdır.

44.5. Ödəniş sisteminə dair qaydalarda ödəniş sistemi iştirakçılarına qarşı aşağıdakı tələblər irəli sürülə bilməz:

44.5.1. digər ödəniş sistemlərində iştirakın məhdudlaşdırılması;

44.5.2. ödəniş sistemində ödəniş sistemi iştirakçılarının hüquq və öhdəliklərinə münasibətdə onlar arasında hər hansı fərqli şərtlərin müəyyən edilməsi;

44.5.3. ödəniş xidməti təchizatçısının növündən asılı olaraq məhdudiyyətlər.

Maddə 45. Hesablaşmaların aparılması

45.1. Ödəniş sistemi iştirakçısı eyni zamanda ödəniş sisteminin hesablaşma agenti və (və ya) operatoru ola bilər.

45.2. Hesablaşma agenti olaraq Mərkəzi Bank, yerli bank, xarici bankın yerli filialı çıxış edə bilər. Ödəniş sistemində yerli banklar, xarici bankın yerli filialları və (və ya) poçt rabitəsi milli operatoru arasında manatla olan hesablaşmalar üzrə hesablaşma agenti funksiyasını yalnız Mərkəzi Bank həyata keçirir.

45.3. Operator və hesablaşma agenti öz fəaliyyətini bu Qanunun tələblərinə, ödəniş sisteminə dair qaydalara və ödəniş sistemi iştirakçıları ilə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirir.

45.4. Hesablaşma agenti tərəfindən ödəniş sərəncamları üzrə hesablaşmalar iştirakçıların müxbir və ya cari hesabları üzərindən aparılır.

45.5. Hesablaşma agenti klirinq üzrə ödəniş sistemində hesablaşmaların başa çatdırılmasını ödəniş sistemi iştirakçılarının müxbir və ya cari hesabları üzrə tələblər müəyyən etməklə, habelə nağd pul, dövlət istiqrazları və ya Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızların girovu mexanizmlərini tətbiq etməklə təmin edə bilər. Bu cür girov maliyyə girovu hesab olunur və bu vəsaitin girovuna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.19-cu maddəsi şamil edilir və ödəniş sistemində hesablaşmalar başa çatdırılanadək həmin vəsaitə üçüncü şəxslərin tələbləri üzrə tutma yönəldilə bilməz.

Maddə 46. Ödəniş sistemlərində ödəniş sərəncamının gerigötürülməzliyi

Ödəniş sistemi tərəfindən qəbul edilmiş ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalarla müəyyən olunmuş andan ödəniş sisteminin iştirakçısı və ya digər şəxs tərəfindən geri götürülə bilməz.

Maddə 47. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi

47.1. Ödəniş sistemi iştirakçısının və ya operatorun rezolyusiyası, öhdəliklərinin könüllü restrukturizasiyası və ya iflas proseduru başlanıldıqda ödəniş sərəncamının icra proseduru bu Qanun və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

47.2. Ödəniş sisteminə daxil edilən və ödəniş sisteminə dair qaydalar ilə gerigötürülməz hesab edilən ödəniş sərəncamları bu Qanunun 47.1-ci maddəsində qeyd olunan tədbirlər barədə qərar qəbul olunduğu halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş sərəncamları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun və operatorun ödəniş sərəncamının gerigötürülməzliyi anınadək bu qərar haqqında xəbər tutduğu sübuta yetirilməsin.

47.3. Ödəniş sisteminin iştirakçısı haqqında bu Qanunun 47.1-ci maddəsində qeyd olunan tədbirlər barədə qəbul edilən qərarlar qüvvəyə minənədək bağlanılmış əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.

47.4. Ödəniş sisteminin iştirakçısı onun haqqında bu Qanunun 47.1-ci maddəsində qeyd olunan tədbirlər barədə məlumatı dərhal iştirakçısı olduğu ödəniş sisteminin operatoruna göndərməlidir.

47.5. Operator ödəniş sisteminin iştirakçısı haqqında bu Qanunun 47.1-ci maddəsində qeyd olunan tədbirlər barədə məlumatı əldə etdikdə ödəniş sisteminin digər iştirakçılarını dərhal məlumatlandırmalıdır.

7-ci fəsil

Lisenziyalaşdırma və xarici ödəniş təşkilatları, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti

Maddə 48. Lisenziyalaşdırma və qeydiyyata dair ümumi tələblər

48.1. Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

48.2. Operator fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “ödəniş sistemi”, ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında isə “ödəniş təşkilatı” və ya “elektron pul təşkilatı” sözlərinin istifadə edilməsi qadağandır.

48.3. Müstəsna olaraq hesab üzrə məlumat xidmətinin göstərilməsi üçün ödəniş təşkilatı bu Qanuna uyğun olaraq Mərkəzi Bankda qeydiyyata alınmaqla hesab üzrə məlumat xidmətini göstərə bilər. Həmin ödəniş təşkilatı digər ödəniş xidmətlərini göstərmək istədikdə bu Qanuna uyğun olaraq lisenziya almalıdır.

48.4. Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, habelə poçt rabitəsinin milli operatoru ödəniş xidmətlərini “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun aldıqları lisenziya əsasında həyata keçirirlər. Həmin təşkilatlar bu Qanunun 3.1.5 – 3.1.7-ci maddələrində qeyd olunan ödəniş xidmətlərinə başlamazdan azı 1 (bir) ay əvvəl Mərkəzi Bankı bu barədə yazılı formada məlumatlandırmalıdırlar.

48.5. Bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir, yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz.

48.6. Ödəniş təşkilatına, elektron pul təşkilatına və operatora verilmiş lisenziyada aşağıdakılar qeyd olunur:

48.6.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi;

48.6.2. lisenziya verən qurumun adı və hüquqi ünvanı;

48.6.3. lisenziyanın sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının adı və hüquqi ünvanı);

48.6.4. həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü;

48.6.5. operator olduqda ödəniş sisteminin adı.

48.7. Lisenziyanın verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

48.8. Mərkəzi Bank təqdim edilən sənədlərin və məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) məlumat almalıdır. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü müddətində verməlidirlər. Bu tələb sonradan ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorda pay əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə) və benefisiar mülkiyyətçi olan şəxslərə münasibətdə də şamil edilir. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

48.9. Bu Qanunun 7-ci fəslində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

48.10. Bu Qanunla vətəndaş qüsursuzluğu tələbi müəyyən olunmuş şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir. Həmin şəxslər əcnəbi olduqda, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə rezidenti olduğu ölkənin aidiyyəti dövlət orqanlarından əldə edilmiş arayış təqdim edilir.

48.11. Bu Qanunun 7-ci fəslində nəzərdə tutulmuş lisenziyanın alınması üçün əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılır və ya onlara apostil verilir.

48.12. Mərkəzi Bank xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun yerli filialına lisenziyanın verilməsi üçün təqdim edilən sənədlərə baxılması zamanı, sənədlərə dair məlumatların dəqiqləşdirilməsi üçün xarici ölkələrin aidiyyəti orqanına müraciət edə bilər.

48.13. Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verildikdən sonra Mərkəzi Bank 5 (beş) iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

Maddə 49. Ödəniş təşkilatına və elektron pul təşkilatına lisenziya verilməsi üçün müraciət

49.1. Lisenziya verilməsi üçün müraciət edən Mərkəzi Banka lisenziya tələb olunan fəaliyyət üzrə ödəniş xidmətlərinin növü göstərilməklə ərizə təqdim edir.

49.2. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı məlumat və sənədlər əlavə edilir:

49.2.1. hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;

49.2.2. nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

49.2.3. nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

49.2.4. ödənilmiş nizamnamə kapitalının məbləğinin bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

49.2.5. mühüm iştirak payının sahiblərinin bu Qanunun 61.4-cü maddəsinə uyğunluğunu təsdiq edən sənədlər;

49.2.6. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən icra orqanının rəhbərinin bu Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

49.2.7. müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçıları arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat;

49.2.8. göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və ilk 3 (üç) il üçün biznes-plan;

49.2.9. müraciət edənin daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

49.2.10. fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;

49.2.11. həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.

49.3. Göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına, habelə bu Qanunun 49.2.11-ci maddəsində nəzərdə tutulan prosedurlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Maddə 50. Ödəniş təşkilatına və elektron pul təşkilatına lisenziya verilməsi üçün müraciətə baxılması

50.1. Lisenziyanın verilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində baxılır.

50.2. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir və ya göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.

50.3. Müraciət edən çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi və ya göndərilməsi bu Qanunun 50.1-ci maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

50.4. Mərkəzi Bank lisenziyanın verilməsi barədə qərar qəbul etdikdə müraciət edənə 2 (iki) iş günü müddətində dövlət rüsumunu ödəməsi haqqında məlumat verir.

50.5. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq müraciət edənə təqdim edilir və ya göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü müddətində təqdim edilmədikdə lisenziya Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində müraciət edənə təqdim edilir və ya göndərilir.

50.6. Mərkəzi Bank lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:

50.6.1. Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 50.3-cü maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

50.6.2. göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-plan, nizamnamə kapitalının miqdarı, daxili nəzarət və risklərin idarəetmə sistemləri, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, habelə bu Qanunun 49.2.11-ci maddəsində nəzərdə tutulan prosedurlar bu Qanunun 49.3-cü maddəsi ilə müəyyən edilən tələblərə cavab vermədikdə;

50.6.3. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri vətəndaş qüsursuzluğu tələbinə, icra orqanının rəhbəri bu Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

50.6.4. mühüm iştirak payının sahibləri bu Qanunun 61.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər isə vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

50.6.5. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda.

50.7. Mərkəzi Bank lisenziya verilməsindən imtina barədə qərar qəbul etdikdə, qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində imtina səbəbləri göstərilməklə ərizəçiyə təqdim edilir və ya göndərilir.

50.8. Lisenziyanın verilməsindən imtina cavabı almış müraciət edən aşkar edilmiş səhvləri və çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziya verilməsi üçün təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 50.1-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

50.9. Müraciət edən lisenziyanın verilməsindən imtina haqqında qərardan məhkəməyə şikayət verə bilər.

50.10. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə, o, reyestrdə müvafiq dəyişikliklərin edilməsi və lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə mövcud lisenziya, yenilənmiş nizamnamə və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraqtəsdiqlənmiş surəti əlavə olunur.

50.11. Bu Qanunun 50.10-ci maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra 5 (beş) iş günü müddətində Mərkəzi Bank lisenziyanın yenidən rəsmiləşdirilməsi haqqında müraciətə baxır və təqdim olunan sənədlərdə çatışmazlıq olmadıqda müraciət edənə yenidən rəsmiləşdirilmiş lisenziya verir. Təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə yenidən rəsmiləşdirilmiş lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul edilir və 2 (iki) iş günü müddətində səbəbləri göstərilməklə imtina barədə qərara dair müraciət edənə yazılı məlumat verilir. Yenidən rəsmiləşdirilmiş lisenziya ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edilir və ya göndərilir.

50.12. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyasında nəzərdə tutulmayan ödəniş xidmətini göstərmək üçün müraciət etdikdə bu Qanunun 49.2.8 – 49.2.11-ci maddələrində qeyd olunmuş sənədlərdə müvafiq dəyişiklikləri müraciətə əlavə edir. Mərkəzi Bank bu müraciətə 30 (otuz) iş günü müddətində baxaraq qərar qəbul edir. Qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində yenidən rəsmiləşdirilmiş lisenziya və ya lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış qərar ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edilir və ya göndərilir.

50.13. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyasında nəzərdə tutulmayan ödəniş xidmətinin göstərilməsi üçün müraciət etdikdə Mərkəzi Bank tərəfindən ödəniş təşkilatının və ya elektron pul təşkilatının lisenziyasının yenidən rəsmiləşdirilməsi üçün müraciətinə baxılmasına bu Qanunun 50.2-ci, 50.3-cü, 50.6.1-ci və 50.6.2-ci maddələri şamil edilir.

50.14. Lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyanın dublikatının verilməsi üçün Mərkəzi Banka ərizə ilə müraciət edir. Zədələnmiş lisenziyanın dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş lisenziya əlavə olunur.

50.15. Bu Qanunun 50.14-cü maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra 7 (yeddi) iş günü müddətində Mərkəzi Bank itirilmiş, zədələnmiş və ya məhv olmuş lisenziyanın dublikatını hazırlayaraq ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edir və ya göndərir.

50.16. Lisenziyanın bu Qanunun 50.10-cu və 50.14-cü maddələrinə uyğun olaraq yenidən rəsmiləşdirildiyi və ya dublikatının verildiyi müddətdə ödəniş təşkilatı və elektron pul təşkilatı öz fəaliyyətini Mərkəzi Bankın təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirirlər.

50.17. Bu maddəyə uyğun olaraq ödəniş təşkilatının və ya elektron pul təşkilatının yenidən rəsmiləşdirilmiş lisenziyasında Mərkəzi Bank tərəfindən əvvəllər verilmiş lisenziyalara istinad edilir.

50.18. Bu Qanunun 50.2-ci, 50.3-cü, 50.5-ci, 50.7-ci, 50.11-ci, 50.12-ci və 50.15-ci maddələrində göndərilməsi nəzərdə tutulan məlumatlar və sənədlər elektron qaydada, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Maddə 51. Ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması

51.1. Ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunun tələbləri nəzərə alınmaqla filial və nümayəndəlik açmaqda sərbəstdirlər.

51.2. Bu Qanunun 49.3-cü maddəsi ilə müəyyən edilən tələblərə uyğun olan, habelə filialda aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində ödəniş təşkilatına və elektron pul təşkilatına ötürülməsi üçün informasiya sistemləri mövcud olan ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində filial aça bilərlər.

51.3. Ödəniş təşkilatı və elektron pul təşkilatı filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərirlər. Bildirişə filial açmaq barədə səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın müvafiq qaydada təsdiqlənmiş surəti və filial rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti əlavə olunur. Bildirişdə filialın ünvanı, fəaliyyətə başlaması vaxtı və filialın həyata keçirəcəyi ödəniş xidmətləri barədə məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 (on dörd) təqvim günü müddətində bildirişə münasibət bildirilmədikdə və ya bu Qanunun təshih tədbirlərinə əməl edilməməsi ilə bağlı, habelə ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən yerli filialın açılması üçün bu Qanunda nəzərdə tutulmuş tələblərə riayət edilməməsi ilə bağlı yazılı məlumat göndərilmədikdə yerli filial fəaliyyətə başlaya bilər.

51.4. Ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində nümayəndəliyin açılması barədə yazılı məlumatı bu barədə qərarın qəbul edildiyi gündən 5 (beş) iş günü müddətində Mərkəzi Banka təqdim edirlər. Məlumatda nümayəndəliyin adı və ünvanı göstərilir və nümayəndəliyin rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti məlumata əlavə olunur.

51.5. Xarici ölkədə filialını və nümayəndəliyini açan ödəniş təşkilatı və elektron pul təşkilatı onların yerləşdiyi ölkədə fəaliyyətə başladıqdan sonra bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı məlumat təqdim edirlər.

51.6. Ödəniş təşkilatı və elektron pul təşkilatı filial və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı bildiriş göndərməlidirlər. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin ödəniş təşkilatı və elektron pul təşkilatına və ya onların digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.

Maddə 52. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması

52.1. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına lisenziya verilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edilir:

52.1.1. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının nizamnaməsinin, habelə xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının əsasnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

52.1.2. filialın yaradılması və filial rəhbərinin təyin edilməsi haqqında xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;

52.1.3. qeydiyyata alındığı xarici ölkədə əldə edilmiş ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının və ya ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədin surəti;

52.1.4. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

52.1.5. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına ayrılmış vəsaitin bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

52.1.6. bu Qanunun 49.2.6 – 49.2.11-ci maddələri ilə müəyyən edilmiş sənədlər;

52.1.7. filialın rəhbərinin bu Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surətləri;

52.1.8. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özünün məsuliyyət daşıması öhdəliyini təsdiq edən sənəd;

52.1.9. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının mühüm iştirak payına malik olan şəxslərin payı göstərilməklə siyahısı.

52.2. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının həyata keçirəcəyi ödəniş xidmətləri xarici ödəniş təşkilatının və elektron pul təşkilatının həyata keçirdiyi və bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətləri ilə məhdudlaşır.

52.3. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılması və lisenziyanın verilməsi bu Qanunun 50-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

52.4. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziya verilməsindən Mərkəzi Bank aşağıdakı hallarda imtina edir:

52.4.1. bu Qanunun 50.6.1-ci və 50.6.2-ci maddələri ilə müəyyən edilmiş əsaslar olduqda;

52.4.2. yerli filialın rəhbəri bu Qanunun 60.1-ci və 60.3-cü maddələrinin tələblərinə cavab vermədikdə;

52.4.3. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının maliyyə vəziyyəti xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının təhlükəsiz fəaliyyəti baxımından qeyri-qənaətbəxş olduqda;

52.4.4. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının ölkəsinin qanunvericiliyi ilə həmin təşkilatın fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.

Maddə 53. Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun ödəniş xidməti təchizatçıları ilə müqavilə əsasında fəaliyyət

53.1. Ödəniş xidməti təchizatçıları ödəniş xidmətlərinin həyata keçirilməsi zamanı xarici ödəniş xidməti təchizatçısı və xarici operatorla müqavilə bağlaya bilər, bu şərtlə ki, xarici ödəniş xidməti təchizatçısı və xarici operatorun qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (və ya) fəaliyyəti üzərində nəzarət, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət həyata keçirilsin.

53.2. Ödəniş xidməti təchizatçısı xarici ödəniş xidməti təchiztaçısı və ya xarici operator ilə bu Qanunun 53.1-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilə, habelə müqaviləyə xitam verilməsi barədə müqavilə bağlanıldığı və ya xitam verildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırır.

Maddə 54. Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının ləğvi

54.1. Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş təşkilatına və elektron pul təşkilatına verilmiş lisenziyanı ləğv edir:

54.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;

54.1.2. ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;

54.1.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

54.1.4. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

54.1.5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə ödəniş təşkilatına və ya elektron pul təşkilatına 1 (bir) il müddətində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə;

54.1.6. ödəniş təşkilatı və elektron pul təşkilatı ləğv edildikdə və ya müflis elan edildikdə;

54.1.7. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

54.1.8. lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş xidmətlərini göstərmədiyi müəyyən edildikdə;

54.1.9. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziya sahibinə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.

54.2. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

54.2.1. bu Qanunun 54.1.1 – 54.1.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;

54.2.2. xarici ölkənin səlahiyyətli orqanı tərəfindən xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının fəaliyyət göstərməsi qadağan edildikdə;

54.2.3. xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının öz ölkəsində ödəniş xidmətlərinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;

54.2.4. xarici ödəniş təşkilatına və ya xarici elektron pul təşkilatına yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.

54.3. Lisenziya bu Qanunun 54.1-ci və 54.2-ci maddələrində göstərilən hallara istinad edilməklə Mərkəzi Bankın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən növbəti iş günündən gec olmayaraq aidiyyəti ödəniş təşkilatına, elektron pul təşkilatına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir, habelə bu barədə mediada elan verilir.

54.4. Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

Maddə 55. Operatora lisenziya verilməsi üçün müraciət

55.1. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, operator fəaliyyətinə lisenziya verilməsi üçün Mərkəzi Banka təqdim edilmiş ərizəyə aşağıdakı məlumatlar və sənədlər əlavə edilir:

55.1.1. operator fəaliyyətinin göstərilməsi ilə əlaqədar hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;

55.1.2. nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

55.1.3. nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

55.1.4. ödənilmiş nizamnamə kapitalının məbləğinin bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş minimum məbləğdən az olmamasını təsdiqləyən sənəd;

55.1.5. mühüm iştirak payı sahiblərinin bu Qanunun 61.4-cü maddəsinə uyğunluğunu təsdiq edən sənədlər;

55.1.6. müraciət edənin icra orqanı rəhbərinin bu Qanunun 60.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surətləri;

55.1.7. ilk 3 (üç) il üçün biznes-plan;

55.1.8. bu Qanunun 44-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən ödəniş sisteminə dair qaydalar;

55.1.9. ödəniş sisteminin fəaliyyətinin təmin edilməsi üzrə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısı, onlar arasında əlaqə üzrə topoloji diaqram;

55.1.10. hesablaşma agentinin adı, hüquqi ünvanı və hesablaşma agenti ilə razılaşdırılmış inteqrasiyaya dair açıqlama (operator özü hesablaşma agenti olmadıqda);

55.1.11. inteqrasiya olunmuş ödəniş sistemləri haqqında məlumat və inteqrasiya sxemi;

55.1.12. müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilimiş vətəndaş qüsursuzluğu haqqında məlumat;

55.1.13. daxili nəzarət sistemi, ödəniş sistemi iştirakçılarının məruz qala biləcəkləri maliyyə, əməliyyat və digər risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

55.1.14. fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı.

55.2. Operator fəaliyyətinə lisenziyasının verilməsi üçün müraciət edən bank, xarici bankların yerli filialı və poçt rabitəsinin milli operatoru bu Qanunun 55.1.1-ci, 55.1.7 – 55.1.11-ci və 55.1.13-cü maddələrində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.

55.3. Operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Maddə 56. Operatora lisenziya verilməsi üçün müraciətə baxılması

56.1. Mərkəzi Bank operatora lisenziya verilməsi üçün müraciətə bu Qanunun 50.1-50.5-ci və 50.8-ci maddələri ilə müəyyən edilmiş qaydada baxır.

56.2. Mərkəzi Bank operatora lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:

56.2.1. Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 50.3-cü maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

56.2.2. təqdim edilmiş sənədlərdə bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

56.2.3. müraciət edənin icra orqanının rəhbəri bu Qanunun 60.2-ci və 60.4-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

56.2.4. mühüm iştirak payının sahibləri bu Qanunun 61.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

56.2.5. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;

56.2.6. biznes-plan, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı bu Qanunun 55.3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə.

56.3. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır. Müraciət edən həmin qərardan məhkəməyə şikayət verə bilər.

56.4. Operator yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə o, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün, lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda isə lisenziyanin dublikatının verilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Həmin müraciətlərə bu Qanunun 50.10-cu, 50.11-ci və 50.14 – 50.17-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.

Maddə 57. Xarici operatorun yerli filialının lisenziyalaşdırılması

57.1. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xarici operatorun yerli filialına lisenziya verilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edilir:

57.1.1. xarici operatorun nizamnaməsinin, xarici operatorun yerli filialının əsasnaməsinin, habelə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surətləri;

57.1.2. filialın yaradılması və filial rəhbərinin təyin edilməsi haqqında xarici operatorun səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;

57.1.3. qeydiyyata alındığı xarici ölkədə əldə edilmiş operator lisenziyasının və ya operator fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədin surəti;

57.1.4. bu Qanunun 55.1.6 – 55.1.14-cü maddələrində nəzərdə tutulan sənədlər;

57.1.5. filialın rəhbərinin bu Qanunun 60.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

57.1.6. xarici operatorun mühüm iştirak payına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;

57.1.7. xarici operatorun yerli filialına ayrılmış vəsaitin bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

57.1.8. xarici operatorun yerli filialının öhdəlikləri üçün xarici operatorun məsuliyyət daşıması öhdəliyini təsdiq edən sənəd.

57.2. Xarici operatorun lisenziyanın alınması üçün müraciətinə bu Qanunun 56-cı maddəsi ilə müəyyən edilmiş qaydada baxılır.

57.3. Xarici operatorun yerli filialının açılması üçün lisenziya verilməsindən Mərkəzi Bank aşağıdakı hallarda imtina edir:

57.3.1. bu Qanunun 56.2.1-ci, 56.2.2-ci və 56.2.6-cı maddələrində nəzərdə tutulmuş hallarda;

57.3.2. xarici operatorun filialının rəhbəri bu Qanunun 60.2-ci və 60.4-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

57.3.3. xarici operatorun ölkəsinin qanunvericiliyi ilə həmin təşkilatın fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.

Maddə 58. Operatorun və xarici operatorun yerli filialının lisenziyasının ləğvi

58.1. Mərkəzi Bank bu Qanuna uyğun olaraq aşağıdakı bir və ya bir neçə əsaslar olduqda operatora verilmiş lisenziyanı ləğv edir:

58.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;

58.1.2. operator bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;

58.1.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

58.1.4. operator ləğv edildikdə və ya müflis elan edildikdə;

58.1.5. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

58.1.6. lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində operator fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş sistemi üzrə hər hansı bir əməliyyat aparılmadıqda;

58.1.7. operator olan bankın və ya xarici bankın yerli filialının bank lisenziyası ləğv edildikdə;

58.1.8. bu Qanunun 43.6-cı maddəsində nəzərdə tutulan fəaliyyət növlərindən başqa fəaliyyət növlərini həyata keçirdikdə;

58.1.9. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.

58.2. Xarici operatorun yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

58.2.1. bu Qanunun 58.1.1 – 58.1.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;

58.2.2. xarici ölkənin səlahiyyətli orqanı tərəfindən yerli filialın fəaliyyət göstərməsi qadağan edildikdə;

58.2.3. xarici operatorun öz ölkəsində operator fəaliyyətinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;

58.2.4. xarici operatora yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici operatorun yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.

58.3. Lisenziya bu Qanunun 58.1-ci və 58.2-ci maddələrində nəzərdə tutulan hallara istinad edilməklə Mərkəzi Bankın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən növbəti iş günündən gec olmayaraq operatora və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir, habelə bu barədə mediada elan verilir.

58.4. Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

Maddə 59. Hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və reyestrdən çıxarılması

59.1. Müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs ödəniş təşkilatı statusunu almaq və reyestrə daxil edilmək üçün Mərkəzi Banka ərizə ilə müraciət edir.

59.2. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

59.2.1. nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

59.2.2. göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı;

59.2.3. müvafiq ödəniş xidməti üzrə öhdəliklərin yerinə yetirilməsi üçün özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda Mərkəzi Bankın müəyyən etdiyi həddən az olmayaraq mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın verilməsini təsdiq edən sənəd;

59.2.4. müraciət edənin icra orqanının rəhbərinin bu Qanunun 60.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

59.2.5. müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları haqqında məlumat;

59.2.6. ilk 3 (üç) il üçün biznes-plan;

59.2.7. müraciət edənin daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

59.2.8. fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;

59.2.9. həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.

59.3. Mərkəzi Bank ərizəyə əlavə edilən sənədlərə daxil olduğu gündən 15 (on beş) iş günü müddətində baxır və 2 (iki) iş günü müddətində qurumun reyestrə daxil edilmə və ya reyestrə daxil etməkdən imtina ilə bağlı qərar qəbul edir və bu barədə müraciət edən təşkilata yazılı məlumat verir.

59.4. Mərkəzi Bank aşağıdakı hallarda təşkilatın reyestrə daxil edilməsindən imtina edir:

59.4.1. sənədlər tam təqdim edilmədikdə və təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

59.4.2. müraciət edənin icra orqanının rəhbəri bu Qanunun 60.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

59.4.3. təqdim edilmiş sənədlərdə bu Qanunun və Mərkəzi Bankın bu Qanuna əsasən qəbul etdiyi normativ xarakterli aktların tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

59.5. Müraciət edən Mərkəzi Bankın verdiyi imtina haqqında qərardan məhkəməyə şikayət verə bilər.

59.6. Mərkəzi Bank aşağıdakı bir və ya bir neçə əsaslar olduqda hesab üzrə məlumat xidməti təchizatçısının qeydiyyatını ləğv edir:

59.6.1. hesab üzrə məlumat xidməti təchizatçısı tərəfindən bu barədə ərizə təqdim edildikdə;

59.6.2. hesab üzrə məlumat xidməti təchizatçısı bu Qanuna, Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;

59.6.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

59.6.4. hesab üzrə məlumat xidməti təchizatçısı ləğv edildikdə və ya müflis elan edildikdə;

59.6.5. hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

59.6.6. qeydiyyata alındığı gündən 12 (on iki) ay müddətində hesab üzrə məlumat xidməti təchizatçısı fəaliyyətə başlamadıqda və ya fəaliyyət dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində hesab üzrə məlumat xidmətini göstərmədiyi müəyyən edildikdə;

59.6.7. hesab üzrə məlumat xidmətindən başqa digər ödəniş xidmətlərini göstərdiyi aşkar edildikdə.

59.7. Mərkəzi Bank hesab üzrə məlumat xidməti təchizatçısının reyestrdən çıxarıldığı günün növbəti iş günündən gec olmayaraq bu barədə məlumatı hesab üzrə məlumat xidməti təchizatçısına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir, habelə bu barədə mediada elan verir.

59.8. Reyestrdən çıxarılma haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

Maddə 60. Nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər

60.1. Ödəniş təşkilatının və elektron pul təşkilatının icra orqanının, xarici ödəniş təşkilatının və ya elektron pul təşkilatının yerli filialının rəhbəri aşağıdakı tələblərə cavab verməlidir:

60.1.1. ali təhsilin olması;

60.1.2. ödəniş xidmətləri sahəsində azı 2 (iki) il və ya Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 4 (dörd) il iş təcrübəsinin olması;

60.1.3. vətəndaş qüsursuzluğu.

60.2. Operatorun icra orqanının rəhbəri bu Qanunun 60.1.1-ci və 60.1.3-cü maddələrinin tələblərinə cavab verməli, həmçinin Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri və ya ödəniş sistemləri sahəsində azı 4 (dörd) il iş təcrübəsinə malik olmalıdır.

60.3. Bu Qanunun 54.1.2 – 54.1.7-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə ödəniş təşkilatının və ya elektron pul təşkilatının lisenziyası ləğv edildiyi tarixdən əvvəlki 1 (bir) ildən az olmayan müddətdə təşkilatın icra orqanının rəhbəri (üzvü) və ya ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edən şəxslər 2 (iki) il müddətində başqa ödəniş təşkilatının və ya elektron pul təşkilatının icra orqanının rəhbəri (üzvü), habelə xarici ödəniş təşkilatının və ya elektron pul təşkilatının yerli filialının rəhbəri ola bilməz və ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edə bilməzlər.

60.4. Bu Qanunun 58.1.2 – 58.1.5-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə operatorun lisenziyası ləğv edildiyi tarixdən əvvəlki 1 (bir) ildən az olmayan müddətdə operatorun icra orqanının rəhbəri (üzvü) olmuş şəxs 2 (iki) il müddətində digər operatorun icra orqanının rəhbəri (üzvü) ola bilməz.

60.5. Bu Qanunun 60.2-ci maddəsinin tələbi operator olan bankın, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun rəhbərinə şamil edilmir.

60.6. Bu Qanunun 60.2-ci və 60.4-cü maddələri ilə müəyyən edilmiş tələblər xarici operatorun yerli filialının rəhbərlərinə də şamil edilir.

60.7. Nəzarət subyektlərinin icra orqanları və ya onların rəhbərləri barədə reyestrdə dəyişikliklər edilməsi üçün Mərkəzi Banka ünvanlanan müraciətə həmin şəxslərin bu Qanunun 60-cı maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər əlavə edilir.

Maddə 61. Mühüm iştirak payı

61.1. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun mühüm iştirak payının sahibi bu Qanunun 61.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Hər hansı bir şəxs ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20, 33 və ya 50 faizinə çatmasına, bu miqdarı keçməsinə, yaxud ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun həmin şəxsin törəmə cəmiyyətinə çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bankın razılığı əsasında əldə edə bilərlər.

61.2. Bu Qanunun 61.1-ci maddəsində qeyd olunan payın əldə edilməsindən əvvəl ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator icazə almaq üçün Mərkəzi Banka ərizə təqdim etməlidir.

61.3. Bu Qanunun 48.9-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

61.3.1. mühüm iştirak payının sahibi fiziki şəxs olduqda:

61.3.1.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

61.3.1.2. icazənin verilməsi ilə bağlı bu Qanunun 61.4.1-ci və 61.4.2-ci maddələri ilə müəyyənləşdirilən şərtlərə uyğunluğu təsdiq edən sənədlər;

61.3.2. mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:

61.3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

61.3.2.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının surəti;

61.3.2.3. hüquqi şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvləri) bu Qanunun 61.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluğunu təsdiq edən sənədlər;

61.3.3. mühüm iştirak pay sahibinin mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi.

61.4. Mühüm iştirak payının əldə edilməsinə icazənin verilməsi üçün şərtlər aşağıdakılardır:

61.4.1. mühüm iştirak payını əldə edəcək fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvlərinin) vətəndaş qüsursuzluğu tələbinə cavab verməsi;

61.4.2. mühüm iştirak payını əldə edəcək hüquqi şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi və ya hüquqi şəxsin müflis elan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmaması;

61.4.3. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyinin məlum olması, habelə mühüm iştirak pay sahibinin ödəniş təşkilatı, elektron pul təşkılatı və ya operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktların olmaması.

61.5. Bu Qanunun 61.4.2-ci maddəsində qeyd olunan şərtə uyğunluq ərizə verən şəxs tərəfindən imzalanmış məlumat əsasında təsdiq edilir.

61.6. Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində bu Qanunun 50.2-ci, 50.3-cü, 50.7-ci və 50.8-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır. Həmin müddət müddətində Mərkəzi Bank ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə, ərizəyə müsbət baxılmış hesab edilir.

61.7. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ödəniş təşkilatına, elektron pul təşkilatına və ya operatora təqdim edilir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət qeyd olunur.

61.8. Bu Qanunun 61.3-cü maddəsində nəzərə tutulan sənədlər tam təqdim edilmədikdə və ya bu Qanunun 61.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator həmin qərardan məhkəməyə şikayət verə bilər.

61.9. Mühüm iştirak payının ödənilməsi üçün bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdığı gündən 5 (beş) iş günü müddətində nəzarət subyekti payın alınması barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

61.10. Mühüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda Mərkəzi Bank bu Qanunun 61.9-cu maddəsində məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icazəni tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildirişi təqdim edir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

61.11. Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, Mərkəzi Bank həmin şəxsin ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ olaraq ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun qərarlarının qəbul edilməsində nəzərə alınmır.

61.12. Operator bank olduğu təqdirdə mühüm iştirak payının sahiblərinə dair tələblər “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

8-ci fəsil

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət tənzimlənməsi və nəzarəti

Maddə 62. Tənzimlənmə və nəzarət

62.1. Azərbaycan Respublikasında ödəniş xidməti təchizatçılarının və operatorların fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.

62.2. Bankların, xarici bankların yerli filiallarının, bank olmayan kredit təşkilatlarının və poçt rabitəsi milli operatorunun ödəniş xidmətləri sahəsindəki fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət bu Qanunun tələbləri də nəzərə alınmaqla, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

62.3. Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətlə bağlı aşağıdakıları həyata keçirir:

62.3.1. ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, həmçinin bu Qanuna uyğun olaraq digər normativ xarakterli aktları qəbul edir;

62.3.2. nəzarət subyektlərinə lisenziya verir və bu Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərini reyestrə daxil edir;

62.3.3. nəzarət subyektlərinin fəaliyyətinə dair hesabatları və sənədləri, o cümlədən ödəniş xidməti istifadəçilərinin əməliyyatları barədə məlumatları, həmçinin sənədləri alır və təhlil edir;

62.3.4. nəzarət subyektlərində və ödəniş agentlərində yoxlamalar aparır;

62.3.5. qanunda nəzərdə tutulmuş təshih tədbirlərini tətbiq edir, verilmiş lisenziyanı ləğv edir;

62.3.6. ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması üçün tədbirlər görür;

62.3.7. bu Qanuna, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq digər tənzimləmə və nəzarət tədbirlərini həyata keçirir.

62.4. Nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

62.5. Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətini “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa və Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına uyğun olaraq yoxlayır.

62.6. Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin sabit və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə bu Qanunda nəzərdə tutulan normativ və tələblərdən başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində beynəlxalq təcrübədə qəbul olunmuş digər normativləri və tələbləri müəyyən etmək hüququna malikdir.

62.7. Ödəniş sistemlərinin inkişafını dəstəkləmək məqsədilə Mərkəzi Bank ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddini, operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququna malikdir.

62.8. Mərkəzi Bankın ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun nizamnamə kapitalı və məcmu kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər barədə qərarı qüvvəyə mindiyi gündən fəaliyyətdə olan nəzarət subyektlərinə münasibətdə 6 (altı) aydan tez olmayaraq tətbiq edilir.

62.9. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.

62.10. Mərkəzi Bank hər hansı şəxsin bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan və ya reyestrə daxil edilmədən ödəniş xidmətlərini və ya operator fəaliyyətini göstərdiyini aşkar etdikdə, dərhal həmin şəxsə ödəniş xidmətləri və ya operator fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) bu barədə məlumat verir.

Maddə 63. Təshih tədbirləri

63.1. Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar edildikdə, bu halların xarakterindən asılı olaraq Mərkəzi Bank nəzarət subyektinə aşağıdakı təshih tədbirlərini ayrılıqda və ya birlikdə tətbiq edir:

63.1.1. aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;

63.1.2. lisenziyalaşdırılan nəzarət subyektləri tərəfindən ödəniş xidmətlərinin göstərilməsini məhdudlaşdırır və ya dayandırır;

63.1.3. ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsini dayandırır;

63.1.4. yeni filialların açılmasını qadağan edir və (və ya) mövcud filialın (filialların) fəaliyyətinə xitam verir.

63.2. Mərkəzi Bank operatorun fəaliyyətində bu Qanunun, habelə Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar etdikdə, bu halların xarakterindən asılı olaraq onun barəsində aşağıdakı təshih tədbirlərini ayrılıqda və ya birlikdə tətbiq edir:

63.2.1. aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;

63.2.2. ödəniş sisteminə dair qaydalarda dəyişikliklər edilməsini tələb edir;

63.2.3. hesablaşma agentinin dəyişdirilməsini tələb edir;

63.2.4. ödəniş sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan iştirakçının ödəniş sistemindən kənarlaşdırılmasını tələb edir.

63.3. Bu Qanunun 63.1.1-ci və 63.2.1-ci maddələrinə uyğun olaraq verilən göstərişdə pozuntunun və ya pozuntuya səbəb ola biləcək halların aradan qaldırılması üçün müddət göstərilir.

Maddə 64. Xüsusi tənzimləmə rejimi

64.1. Mərkəzi Bank ödəniş xidmətləri sahəsində innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejimini tətbiq edə bilər.

64.2. Ödəniş xidmətləri sahəsində xüsusi tənzimləmə rejiminin tətbiqi “Azərbaycan Respublikasının Mərkəz Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 65. Reyestr

65.1. Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.

65.2. Nəzarət subyektləri bu Qanuna uyğun olaraq lisenziyanın alınması üçün təqdim edilmiş, habelə reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidirlər. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Maddə 66. Ödəniş xidməti təchizatçılarının operatorların birlikləri və assosiasiyaları

66.1. Ödəniş xidməti təchizatçıları və operatorlar fəaliyyətlərinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.

66.2. Ödəniş xidməti təchizatçıları və operatorlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlaya bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

9-cu fəsil

Yekun müddəalar

Maddə 67. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 68. Keçid müddəalar

68.1. Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.

68.2. Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 iyul 2023-cü il.