Olimpiya hərəkatında yeni mərhələ
İdman

Olimpiya hərəkatında yeni mərhələ

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra idman sahəsinə diqqət və qayğı artırıldı. İdmançılarla görüşlər keçirildi, fərqlənənlər mükafatlandırıldı və onlar Prezidentin fərdi təqaüdlərinə layiq görüldülər, orden və medallarla təltif olundular. Ulu öndərin təşəbbüsü ilə respublikamızda idmanı daha da inkişaf etdirmək məqsədilə bir sıra mühüm qərarlar qəbul edildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının vahid mərkəzdən idarə olunması üçün ulu öndərimiz 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzaladı. 1995-ci ilin martında respublika gəncləri ilə görüşən ümummilli lider onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. "İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bunu daima hiss edəcəksiniz", - deyən ölkə başçısı idman tariximizdə misli görünməmiş səviyyədə nailiyyətlərin qazanılmasına dəstək verdi. Həmin ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev dedi ki, nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunanlar çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək nailiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasının dünyada tanıdılmasından ibarətdir.

1997-ci il iyul ayının 31-də isə Azərbaycanın idman tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin tarixdə Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisi yeni idarə heyətini müəyyənləşdirdi və İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. İlham Əliyevin bu mühüm vəzifəyə seçilməsinin isə məntiqi əsası var idi. O, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir sima idi və ona həvalə olunan müxtəlif vəzifələrdə özünü bacarıqlı təşkilatçı kimi təsdiqləmişdi. O, çoxşaxəli fəaliyyətində daim milli maraqları öndə tutur, ulu öndər Heydər Əliyevin ideyalarına dərin sadiqlik nümayiş etdirirdi. Bütün bunlar da respublikamızda İlham Əliyevə böyük nüfuz qazandırmışdı. MOK-un Baş Məclisində İlham Əliyevin qurumun Prezidenti seçilməsi də Azərbaycan cəmiyyətinin və idmançıların ona yüksək etimadını və inamını əks etdirirdi. Nəticədə idman federasiyaları və cəmiyyətləri İlham Əliyevin rəhbərliyi ilə MOK-un bayrağı altında vahid bir ailə kimi birləşdilər.

Növbəti mərhələdə "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı" təsdiqləndi. Daha sonra idmanın kütləviləşməsi və inkişafı yolunda görülən tədbirlərin davamı kimi dövlət başçısı İlham Əliyev 2005-ci ilin 4 martında sərəncam və fərman imzaladı. Sərəncam "Bədən tərbiyəsi və idman günü"nün müəyyənləşdirilməsi, fərman isə ölkə idmanının inkişafında yüksək xidmət göstərmiş şəxslərə veriləcək "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adının təsis edilməsi ilə bağlı idi. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasında 2012-ci il "İdman ili" elan edildi. Növbəti illərdə də ölkə Prezidenti tərəfindən idman ictimaiyyətinin sevincinə səbəb olan sərəncamlar imzalandı, qalib idmançılar fəxri ad, mənzil və digər dövlət mükafatları ilə təltif olundular. Bu müsbət tendensiya indi də davam etdirilir. Azərbaycanda idman sahəsində yaradılan maddi-texniki baza ilə yaxından tanış olan və mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsini izləyən beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləyirlər. Çünki respublikamızda 50-yə yaxın olimpiya idman kompleksinin, Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə verilməsi, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına Respublika Stadionunun yenidən qurulması bu sahədə atılan uğurlu addımlardır.

Geriyə dönüb baxanda müstəqilliyimizi bərpa etdikdən sonra qatıldığımız Olimpiya Oyunlarında- 1996-cı ildə Atlantada 1, 2000-ci ildə Sidneydə 3, 2004-cü ildə Afinada 5, 2008-ci ildə Pekində 7, 2012-ci ildə Londonda 10 medala sahib olmuşuq. Milli komandamız 2016-cı ildə Rio-de-Janeyroda medalların sayını birdən-birə 18-ə çatdırdı. Azərbaycan idmançıları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu oyunlara 54 İslam ölkəsindən 3 mindən çox idmançı qatılmışdı. İdmançılarımız uğurlar seriyasını 2022-ci ildə də davam etdirdilər. Ötən il əvvəlcə gənc güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib oldular. Bunun ardınca Azərbaycan milli komandası Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatında tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail oldu. Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edən Prezident İlham Əliyev əldə olunan uğuru yüksək dəyərləndirərək vurğuladı: "16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır".

Yekunda mübaliğəsiz demək olar ki, Azərbaycan idman ölkəsi kimi dünyada özünə layiqli yer tutub və bu, qlobal miqyasda hər kəs tərəfindən qəbul edilir.

Jalə QASIMZADƏ,

"Respublika".