Ölkə əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edir
Sosial həyat

Ölkə əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edir

2022-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,0 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 112,3 min körpədən 46,4 faizi qız uşaqları olmuşdur.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsil müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artmışdır. Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edirlər. Onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə millət vəkillərinin 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatmışdır.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2021-ci ildə 10,5 faizədək artmışdır.

Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində dayanır.

Dövlət Statistika Komitəsi.