Fiziki məhdudiyyətli insanlara dövlət qayğısı
Sosial həyat

Fiziki məhdudiyyətli insanlara dövlət qayğısı

1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasında hər il dekabrın 3-nün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilməsi barədə qətnamə qəbul olunub. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına və cəmiyyətin diqqətini onların problemlərinin həllinə yönəltməkdir. Hazırda dünya əhalisinin təxminən 10 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu göstəricinin təqribi 5 faizi isə Azərbaycanın payına düşür.

Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində yaşayan əlillər cəmiyyətdə fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına görə, əlillər dünya əhalisinin ən kasıb təbəqəsini təşkil edir. Onlar təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından da sağlam insanlarla eyni imkana malik deyillər. Bu səbəbdən, fiziki məhdudiyyətli şəxslərin həyat şəraitinin yaxşılaşdırılması beynəlxalq səviyyədə də xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə fiziki məhdudiyyətli insanlar daim diqqət mərkəzindədir. Hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev bu şəxslərlə bağlı dövlət siyasətini müəyyənləşdirib. Ulu öndər əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinə qayğı ilə yanaşırdı. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanda əlillərin sosial müdafiəsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi də bunun əyani sübutudur. Məhz ulu öndərin təməlini qoyduğu sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminat sistemi yaradılıb. Bundan başqa, Heydər Əliyevin göstərişi ilə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin edilib. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda sağlamlığı məhdud insanların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən 2019-cu ilin əvvəlindən uğurla reallaşdırılan böyük sosial paket çərçivəsində əlillərə verilən müavinətlər və təqaüdlər artırılıb. Dövlətimizin başçısı 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib. İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan "İşsizin DOSTu" proqramı çərçivəsində minlərlə şəxs məşğulluğa cəlb olunub. Həmin proqrama müraciət edənlər arasında əliliyi olan insanlar daha çox üstünlük təşkil edir.

Bundan başqa, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçımız tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir. Həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunu bir daha təsdiqləyir. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimiz hər zaman vətəndaş rifahını yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi bu qayğının daha bir təsdiqidir.

Nəzrin ELDARQIZI,

"Respublika".