Cənnəti xatırladan bu diyar tezliklə turizm məkanına çevriləcək
Sosial həyat

Cənnəti xatırladan bu diyar tezliklə turizm məkanına çevriləcək

Bakıya istiqamət götürən "Boing" tipli təyyarə gecə yarısı paytaxtdakı hava limanına enməli, sonra Laçına uçmalı idi. Stüardessanın "Hörmətli sərnişinlər, təyyarəmiz bir neçə dəqiqədən sonra Bakıya eniş edəcək!" - deməsi yarımürgülü olan sərnişinlərin yuxusunu qaçırdı. İllüminatora yaxın oturanlar gecənin qaranlığında aşağını seyr etməyə başladılar. Təyyarə Xəzərin üzərindən uçurdu. Hər yan qaranlıq idi. Bir qədər sonra mənzərə dəyişdi. Uzaqda görünən işıqlar ulduzlar kimi sayrışırdı. Bu mənzərəni ilk dəfə görənlər lap heyrətlənmişdilər. Böyük bir boşluğun ətrafı sanki çilçıraqla bəzədilmişdi. Bakının o anı doğrudan da gözəl idi...

Hava gəmisi Bakıda çox dayanmadı, sərnişinlərin xeyli hissəsi düşəndən sonra yoluna davam etdi. Uçuş çox çəkmədi. Həkəri çayı boyunca salınan bulvarın rəngbərəng işıqları bir qədər əvvəl Xəzərin üzərindən uçarkən görünən mənzərəni təkrarlayırdı. Dəniz səviyyəsindən yüksəkdə yerləşən Laçın Beynəlxalq Hava Limanı öz möhtəşəmliyilə gələnləri heyran etmişdi. Əsl möcüzə isə sabah baş verəcəkdi...

Turist qismində gələnlər ilk dəfə idi ki, bu diyarda olurdular. Təbii ki, Azərbaycan haqqında müəyyən məlumat əldə edənlər Laçının 30 il işğal altında qaldığını, müharibə yolu ilə azad edildiyini, o yerlərin ermənilər tərəfindən dağıdıldığını, yenidən qurulduğunu bilirdilər... Görmək marağında olduqları isə çox şey vardı. Yol bələdçisi ilk olaraq bildirdi ki, rayonun ərazisi 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də təbii sərvətlər, qiymətli mineral sularla zəngindir. Ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Qafqaz Albaniyası dövrü abidələrin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülər inşa edilib ki, onlar da əsasən birtağlı, yaxud ikitağlı körpülərdir.

Bələdçi Laçının tarixindən, onun maddi-mədəni irsindən danışır. Deyir ki, rayonun görməli yerləri çoxdur. Məsələn, Hüsnülü kəndi ərazisindəki Həmzə Sultan sarayı, Ağoğlançayın sahilindəki Ağoğlan monastrı, Qarqışlar kəndi ərazisindəki Dəmirovlu pir məbədi, Varazqun məbədi, Pircahançay üzərində yerləşən Məşədi Mehralı körpüsü, Zeyvə kəndindəki XVIII əsrə aid Sultanbaba türbəsi, tarix-diyarşünaslıq muzeyi, Dövlət Rəsm Qalereyası, Sarı Aşığın xatirə muzeyi... Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən, zəngin flora və faunaya malik, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı, İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı və s... İlıqsu Laçının Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır. Qeyd edək ki, bu ərazilərdə Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək mümkündür. İlıqsu hidronimi bəzi mənbələrdə "İlxısu", "İstisu" variantlarında işlənmişdir. Hətta keçən əsrin sonlarında ətraf rayonlardan bura dincəlmək üçün minlərlə insan gələrdi...

Yazdıqlarım qoy heç də sizi çaşdırmasın, çünki bu sətirləri qələmə alarkən indi xəyalla gerçəkliyin qovuşduğu, görüşdüyü bir məqamdayam. Daha doğrusu, bu, mənim görmək istədiklərimdir, çünki xəyal gerçəkliyə dönür. Biz bunun şahidləriyik. Bir də ki, reallıq da bunu söyləməyə əsas verir. İşğaldan azad olunmuş ərazilərdə, xüsusən də Laçında genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. 2021-ci il fevralın 14-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdığı gündən burada quruculuq işlərinə start verilib. Laçın Hava Limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Ötən il iyunun 26-da Laçın rayonuna növbəti səfəri zamanı dövlət başçısı bir çox obyektlərin təməlqoyma mərasimlərində iştirak etdi, göstərişlərini verdi. Laçının sürətli inkişafından vəcdə gələn türk səyyahı Uğur Dəmircan ötən ilin oktyabrında yazırdı: "Dörd ay əvvəl də mən bura gəlmişdim. O zaman təhlükəsizlik xidmətləri ilə biz buradan yalnız keçib gedə bildik. Laçını tərk edilmiş, boş gördük. Yol kənarlarında ermənicə lövhələr vardı. Bizə nə dayanmağa, nə də ki, foto çəkməyə icazə vermədilər. Dörd ay sonra geri döndüm və çox sevinirəm ki, azad edildikdən sonra Laçına ilk gələn səyahətçilər biz olduq. Burada gördüyümüz erməni vəhşiliyini bütün dünyaya anladacam. Laçında gedən quruculuq işləri məni çox sevindirir. Görülən bu qədər böyük işlər məni heyrətləndirdi. İnanıram ki, tezliklə burada yaşayış başlayacaq".

Bəli, artıq Laçında yeni həyat başlayıb. O yerlərin əbədi sakinləri geri dönür. Dövlətimiz işğaldan azad olunmuş ərazilərin yenidən qurularaq cənnətə çevrilməsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir. Kəndlər, qəsəbələr yenidən qurulur, o yerlərdə müasir infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, istehsal müəssisələri işə salınır, sosial obyektlər doğma yurd yerlərinə dönənlərin istifadəsinə verilir.

Yeni dərs ilində ilk zəngləri çalınan məktəblər gələcəyin qurucularını qoynuna alır. Məqsəd Böyük Qayıdış proqramını ən qısa zamanda reallaşdırmaqla həm də Qarabağ və Şərqi Zəngəzuru turizm məkanına çevirməkdir. O gün də gələcək. Əmin olmaq istəyirsənsə, bir dön bizim Laçına bax!..

Zümrüd QURBANQIZI,

"Respublika".