Ölkəmizdə vətəninin, millətinin mənafeyini hər şeydən üstün tutan vətənpərvər gənclər yetişib
Siyasət

Ölkəmizdə vətəninin, millətinin mənafeyini hər şeydən üstün tutan vətənpərvər gənclər yetişib

İkinci Qarabağ müharibəsində əsas vəzifəni onlar yerinə yetirdi

İqtisadi cəhətdən inkişaf edən, irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı kimi tanınan ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə həm də müstəqilliyini qorumaq, ərazilərinə sahib çıxmaq iqtidarında olduğunu bütün dünyaya isbat etdi. Dövlətçiliyi tarixində heç bir ölkənin ərazi bütövlüyünə göz dikməyən, müharibələr etməyən, bütün xalqlara öz qapısını açan Azərbaycan dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına beynəlxalq hüququn norma və prinsipləri daxilində öz töhfəsini verən müstəqil dövlətdir.

Sahib olduğu yeraltı-yerüstü sərvətlərinə, coğrafi mühitinə, əlverişli təbii şəraitinə görə həmişə diqqət mərkəzində olan, əməkdaşlıq etdiyi ölkələrlə dostluq, tərəfdaşlıq münasibətlərini inkişaf etdirən Azərbaycan dövləti humanist ideyalara sadiq qalaraq regionda sabitliyin, təhlükəsizliyin təminatçısına çevrilmişdir. Lakin əsrlər boyu xalqımıza məxsus olan ərazilərimizə xor baxan, zaman-zaman əzəli torpaqlarımızı zəbt edərək özünə dövlət quran ermənilər ötən əsrin sonlarında alçaq niyyətlərini daha açıq şəkildə həyata keçirdilər. İşğalçılıq siyasəti yürüdərək tarixi torpaqlarında yaşayan azərbaycanlıları doğma yerlərindən zorla çıxarıb yurd-yuvasından didərgin saldılar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində xalqımız Ermənistanın təcavüzünə məruz qaldı. Soyqırımı, deportasiya, məcburi köçkünlük yaşamağa məhkum edildi. Bu müddətdə ərazilərimizin 20 faizdən çoxu işğal olundu. Və bu işğalçılıq siyasəti düz 30 il davam etdi. 30 ildə şəhər, kənd və qəsəbələrimiz yer üzündən silindi, mədəni irsimiz məhv edildi. Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı minlərlə vətəndaşımız həlak oldu.

Bu illər ərzində münaqişəni hərbi yolla həll etmək iqtidarında olmasına baxmayaraq, qan tökülməsinin, müharibə olmasının qəti əleyhinə olan Azərbaycan dövlətinin humanistliyindən riyakarcasına istifadə edərək verdiyi yalan vədlərlə münaqişənin həllini uzadan Ermənistan işğal etdiyi ərazilərin maddi sərvətlərini talan edir, xarici bazarlarda sataraq iqtisadiyyatını gücləndirir və getdikcə daha da azğınlaşaraq yeni ərazi iddiaları səsləndirirdi.

Yurd-yuvasından didərgin düşmüş, respublikamızın bütün bölgələrində məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunsalar da, 30 il ərzində doğma el-obalarına qayıdacaqları günün həsrəti ilə yaşadılar. 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ərazi bütövlüyümüz uğrunda başlanan İkinci Qarabağ müharibəsində cəmi 44 gündə torpaqlarımızın işğalına son qoyuldu. Yağı düşmən məhv edildi. Vətən müharibəsi dövlətimizin gücünün, qüdrətinin, eyni zamanda xalqımızın mərdliyinin, mübarizliyinin, vətənpərvərliyinin nümayişi oldu. Dövlət-xalq-ordu birliyi şanlı Zəfərimizin mayası oldu. Ölkə başçımızın qətiyyəti, prinsipiallığı, uzaqgörən siyasətinə xalqın birliyi, həmrəyliyi dəstək oldu. Həm ön, həm arxa cəbhədə xalqımız dəmir yumruğa çevrildi. Qəhrəman Azərbaycan oğulları düşməndən qisas almaq, ərazi bütövlüyümüzü təmin etmək üçün haqq savaşına qalxdı. Döyüş meydanında mənfur ermənilərə qan udduraraq mərdlik, cəsurluq, vətən sevgisi, vətən məhəbbəti nümayiş etdirdilər. 30 il öncə bu yerlərdən körpə olarkən didərgin salınan, yaxud da bu torpaqları görməyən mərd oğullarımız bir qarış torpaq uğrunda canlarından keçməyə hazır olduqlarını bütün dünyaya göstərdilər.

Oktyabr ayının 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında demişdir: "Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər".

Ərazi bütövlüyümüz uğrunda başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak etmək, Vətən torpaqlarını düşməndən geri almaq üçün minlərlə Azərbaycan gənci ayağa qalxdı. 3000-ə yaxın qəhrəmanımız Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldi. Zəfər salnaməmiz igid əsgərlərimizin qanı ilə yazıldı. Bu şanlı Zəfərdə canlarını Vətən yolunda fəda edən vətənpərvər gənclərimizin cəsarəti, mərdliyi, vətən, millət sevdası gələcək nəsillərə örnəkdir. Bəli, dövlətimizin təməl dəyərlərini, xalqımızın milli əxlaq və mədəniyyətini mənimsəmiş, azad və elmi düşünə bilən, ən ümdəsi isə vətəninin, millətinin mənafeyini hər şeydən üstün tutan vətənpərvər Azərbaycan gənci İkinci Qarabağ müharibəsində hünər göstərdi. Fərari, satqın, döyüş meydanından qaçmağa girəvə axtaran erməni əsgərinə vətənini, onun şərəfini qorumağın nümunəsini göstərdi.

Gənclər siyasətinin əsasını Azərbaycançılıq ideologiyasının təşkil etdiyini, Azərbaycan gənclərinin vətənpərvərliyinin milli mentalitet əsasında formalaşdığını bildirən ölkə başçısı İlham Əliyev Şuşada hərbçilərlə görüşü zamanı tarixi zəfərimizdən danışarkən ordumuzun tərkibinin əsasını gənclər təşkil etdiyini, Vətən müharibəsinin iştirakçılarının əksəriyyətinin gənclər olduğunu vurğulayaraq demişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Dövlət başçımız çıxışlarında dönə-dönə həm də onu vurğulayır ki, düşmən üzərində qələbədə payı olan gənclərin əksəriyyəti o dövrün uşaqlarıdır - yəni torpaqlarımızın işğalından sonrakı dövrün. O uşaqlar ki, görmədikləri, yalnız xəyallarında canlandırdıqları ata-baba yurdları uğrunda son nəfəsinədək vuruşub zəfər tariximizi yazdılar. Ölkə başçısının da qeyd etdiyi kimi, bax, budur vətənpərvərlik".

Mehparə ƏLİYEVA,

"Respublika".