Ölkəmizə yüksək etimadın təcəssümü
İqtisadiyyat

Ölkəmizə yüksək etimadın təcəssümü

"COP29-a sədrliyimiz bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaq". Bunu ölkəmizin energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının "Dayanıqlılıq Həftəsi" çərçivəsində "Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid" mövzusunda keçirilən sessiyadakı çıxışında söyləyib. Sözsüz ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfə verəcək. Respublikamız "yaşıl enerji"yə keçid ilə əlaqədar bir sıra layihələr həyata keçirir və bundan sonra da alternativ enerjiyə inteqrasiya ilə bağlı layihələrin icrası davam etdiriləcək. Bu baxımdan ölkəmiz ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün "yaşıl enerji"yə diqqətin artırılmasına töhfə və dəstək verən dövlətlər arasında ən birinci sıralardadır.

COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi respublikamızda sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir. Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Odlar yurdunun hazırda "yaşıl enerji"yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etməsi, "Qlobal Metan Vədi"nə qoşulmaqla və "Enerji Effektivliyi Fondu"nu yaratmaqla iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək verməsi vacib məsələlərdəndir. Sözsüz ki, enerji təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında "təmiz ətraf mühit" və "yaşıl artım" prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbədir. Təxribatçı qüvvələr Azərbaycana qarşı qaralama kampaniyaları aparıb, ölkəmizi nüfuzdan salmağa cəhd edirlər. Lakin bu mümkün olmayacaq. COP29-un təşkili ilə bağlı təyin edilən nümayəndələr bu sahədə olduqca savadlı və məlumatlıdırlar. Buna görə də beynəlxalq arenada ölkəmizi təmsil edərək məlumatları şəffaflıqla çatdırırlar.

Cari ilin noyabrında baş tutacaq mötəbər tədbir ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı sistemlərin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacaq. "Yaşıl enerji" sahəsində qabaqcıl olmağı hədəfləyən ölkəmiz beynəlxalq enerji şirkətləri ilə 28 QVt "yaşıl enerji", hidrogen və "yaşıl ammonyak" layihələrinin 2037-ci ilədək mərhələli şəkildə icrası üzrə əməkdaşlıq edir. Bundan başqa, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq "yaşıl enerji" güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirir. Müvafiq qərarlara əsasən, bu siyasətin davam etdirilməsi məqsədilə cari ildə ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt "yaşıl elektrik", "yaşıl qaz"ların ixracı üçün "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan və Özbəkistandan "yaşıl enerji"ni nəql edəcək "Azərbaycan-Mərkəzi Asiya-Avropa" "yaşıl enerji" dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır.

Nyu-Yorkda baş tutan görüşdə nazir Pərviz Şahbazov, həmçinin bildirib ki, Azərbaycanın bərpa olunan enerjinin inkişafına BMT-nin "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi" ilə yanaşı, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə "yaşıl enerji zona"larının yaradılmasına da təkan verib. "Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir: "İnanırıq ki, "yaşıl enerji" üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır".

COP29-un təşkili yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir. Bu məqsədlə paytaxtımızda zəngin ölkələrin iqlim dəyişmələrindən daha çox əziyyət çəkən yoxsul ölkələrə də yardım göstərilməsi işində Odlar yurdu inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü rolunu oynayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".