Ölkəmizin reallıqlarının, uğurlarının, qələbələrinin təməlində Heydər Əliyev ideyaları dayanır
Siyasət

Ölkəmizin reallıqlarının, uğurlarının, qələbələrinin təməlində Heydər Əliyev ideyaları dayanır

2023-cü il tariximizə daha möhtəşəm il kimi yazılacaq. Çünki bu il müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilərək dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. "Heydər Əliyev İli" biri-birindən möhtəşəm uğurlarla, Zəfər dolu günlərlə, əlamətdar hadisələrlə zəngindir.

Dövlət başçısı İlham Əliyevin 31 dekabr 2022-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirləri yada salmaqla "Heydər Əliyev İli"nin dövlətimiz, xalqımız üçün nə qədər önəmli, əhəmiyyətli olduğunu bir daha qeyd etmək istərdik. Cənab İlham Əliyev müraciətində bildirmişdir: "Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı bütün məqamları ehtiva edir. Bu fikrin davamı olaraq isə böyük inamla qeyd edirik ki, nə qədər Azərbaycan dövləti, xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.

Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. Hakimiyyətinin birinci mərhələsində, 1969-1982-ci illərdə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirən Ümummilli Lider müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialını məhz o illərdə formalaşdırmışdır. Həmin illərdə yetişmiş kadrlar Azərbaycanda bu gün də fəaliyyət göstərərək ümumi inkişafımızı təmin edirlər. Ulu Öndər Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi daim Azərbaycana diqqətini, qayğısını göstərmişdir. Azərbaycan xalqının faciələri Ulu Öndərin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə vəzifəsindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. Bu, bir həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ümummilli Liderin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı daim qorudu.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsi də bu günümüz və gələcəyimizlə bağlı mühüm addımlarla, qəbul edilən qərarlarla zəngindir. Ümummilli Lider yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən XII çağırış birinci sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Ümummilli Liderin şəxsi nüfuzu atdığı addımlarda və əldə olunan mühüm nəticələrdə özünün aydın ifadəsini tapırdı. Dahi şəxsiyyət Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.

1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə idi. O vaxt müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran dərinləşərək son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Gəncə hadisələrinin qarşısını almaqda aciz olan ozamankı səbatsız rəhbərlər Ulu Öndər Heydər Əliyevə müraciət etməyə məcbur qaldılar. Xalqın tələbi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev bugünkü və gələcək inkişafımızın əsası olan strategiyanı müəyyənləşdirdi. Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyev keçilən yolu təhlil edərək belə bir çağırışı səsləndirdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: "Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın". Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: "Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur".

1993-cü ildə andiçmə mərasimində xalqına verdiyi vədləri həmişə olduğu kimi, sədaqəti ilə doğruldan, "Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm" söyləyən Ümummilli Lider Heydər Əliyev bu andına daim sadiq qaldı. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" söyləyərək Vətəninə, xalqına bağlılığını ifadə etdi. Ulu Öndərin bu çağırışı bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi. Azərbaycanın ən çətin günlərində gələcəyə böyük inamla yanaşan Ümummilli Lider bildirmişdir ki, bu günlər keçib gedəcək, hər kəs belə qüdrətli, zəngin dövlətin vətəndaşı olması ilə qürur duyacaq. Dahi şəxsiyyət ilk gündən belə bir çağırışı da səsləndirdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ümummilli Lider cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Onun milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

Ümummilli Lider yaxşı bilirdi ki, Azərbaycanın ağır siyasi, iqtisadi böhrandan çıxması üçün başlıca amil iqtisadi və siyasi müstəqilliyin möhkəmləndirilməsidir. İqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi dəyərləndirən Ümummilli Lider iqtisadiyyatı bərbad hala salınan respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini, mövcud olan təbii resurslardan səmərəli istifadəni, önəmli islahatların tətbiqini vacib amil kimi önə çəkdi. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü dedi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırdı. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması ölkəmizin qarşısında geniş imkanlar açdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin ardınca beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dünyanın enerji xəritəsini dəyişdi. Bu layihələr Azərbaycanın dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi.

Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını da prioritet məsələ kimi qarşıya qoymuşdur. "Demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir" söyləyən Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar ölkəmizdə bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, demokratik, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsi və sair kimi məsələlər mühüm islahatların əsasında dayandı. Azərbaycan, eyni zamanda, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi diqqətdə oldu. Ulu Öndər bildirirdi ki, Azərbaycan çoxmillətli respublikadır. Ölkəmizdə bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların respublikanın ictimai-siyasi həyatında bərabər hüquqlar çərçivəsində iştirak etməsi üçün bütün imkanlar yaradılacaqdır.

Azərbaycanın xarici siyasət uğurları da biri-birini əvəzlədi. Ümummilli Lider inamla bildirirdi ki, Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edən düşünülmüş xarici siyasəti olmalıdır. Dahi şəxsiyyət müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan mühüm vəzifələrdən bəhs edərkən xaricdə varlığının təsdiqləməsini xüsusi qeyd edirdi. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılışıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək, dünya dövlətləri sistemində layiqli yer tutmaq xarici siyasətimizin əsas istiqamətlərindəndir.

Ümummilli Liderin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Dahi şəxsiyyətin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmasın. Ümummilli Lider erməni yalanlarını faktlar əsasında ifşa edərək bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü addımlar atıldı. Ulu Öndər Heydər Əliyev, həmçinin belə bir çağırışı da səsləndirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, ötən əsrin 70-ci illərində, Azərbaycana ilk rəhbərliyi dövründə digər müttəfiq respublikalar kimi, Sovetlər Birliyinin tərkibində olan Azərbaycanda milli hərbi kadrların hazırlanması Ulu Öndərin ən böyük arzusu idi. O dövrdə sarsılmaz iradə, qətiyyət, cəsarət və hər şeydən öncə böyük risk tələb edən bu istəyin gerçəkləşməsi üçün baza kimi, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradan Ulu Öndərin uzaqgörən siyasəti sonrakı illərdə bəhrəsini verdi. Hazırda Orduda xidmət edən zabitlərin böyük əksəriyyəti bu məktəbin yetirmələridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da mühüm addımlar atıldı. Yaradılan möhkəm təməl 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.

Azərbaycana hansı sahədən baxsaq, Ümummilli Liderin yaratdığı möhkəm təməlin uğurlarını görürük. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğdu.

Dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir. Bu müraciət Azərbaycanın bu gün dünyaya səs salan tarixi Zəfərinə gedən yolun başlanğıcı oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. 20 ildə bu siyasətin uğurlu davamı Azərbaycanın qarşısında geniş imkanlar yaratdı. Bütün uğurlarımızın təqdimatı Azərbaycanın tarixi Zəfəri, bu gün qürurla qeyd etdiyimiz ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağının ucaldılmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində yazılan Zəfər səhifəsi qürurumuz, kimliyimiz, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatıdır. Bütün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Noyabrın 8-də tarixi Zəfərimizin üçüncü ildönümünü daha bir zəfər ovqatında qeyd etdik. Qalib Azərbaycanın zəfər dolu günlərinin biri-birini əvəzləməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Belə ki, Xankəndi şəhərində keçirilən hərbi parad dünyaya daha bir mesaj oldu: biz haqlıyıq, bu torpaqların sahibi bizik və əbədi olacağıq.

Son üç ildə ölkəmizin həyatında yeni dövr başlayıb. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qovuşur, bu torpaqlarda yeni həyat başlayır. Dövlət başçısı İlham Əliyev 15 oktyabr tarixində Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etmişdir ki, bu illər ərzində verilən vədlər, qarşıya qoyulan vəzifələr uğurla icra edilib: "Bu il "Heydər Əliyev İli"dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik".

Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Dünyaya Günəş kimi doğan, qalibiyyəti ilə səs salan Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Heydər Əliyev yolu bundan sonra da ölkəmizi zəfərlərə aparacaq. Hədəfimiz Qərbi Azərbaycana qayıdışımızdır.

Mahir ABBASZADƏ,

Milli Məclisin deputatı.