Ölkəmizin yaşıl dünya naminə həmrəylik çağırışı
İqtisadiyyat

Ölkəmizin yaşıl dünya naminə həmrəylik çağırışı

Müstəqil siyasət yürüdən ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub.

Yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində əhatəli işlər həyata keçirilir. Xüsusilə, istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəfi ölkəmizin ekoloji sağlamlıq strategiyasına böyük önəm verdiyinin təsdiqidir. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan edilib. İşğaldan azad edilmiş bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Mütəxəssislər qeyd edirlər ki, dünyada demoqrafik artımla yanaşı, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncələrə də öz təsirini göstərmişdir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin - davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hazırda əsas prioritet davamlı inkişaf məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir.

"Azərbaycan 2030: Milli Prioritetlər" sənədində beş prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyənləşdirilib. Sərəncamda da qeyd olunub ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda iqlim dəyişmələri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, ölkəmizin bərpaolunan enerji potensialı 200 qiqavat gücündədir və bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atılır. Yaxın gələcəkdə bərpaolunan enerji və "yaşıl hidrogen"in Qara dənizin dibi ilə Avropaya ixrac olunması həyata keçiriləcək. Bu, həm də enerji istehsalında istifadə olunan təbii qaza qənaət olunmasına yol açacaq və Avropaya ixrac imkanlarımızı genişləndirəcək. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca, elektrik enerjisinin istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atılan istilik effektli qazların azaldılmasına töhfə verəcək. Beləliklə, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəni davam etdirir.

Dünyada neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır. Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istehsalı sahəsində də özünəməxsus yer tutmağa çalışır. Karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində işlər görülür. Bu mənada, 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xüsusi qeyd etmək lazımdır. Bu, regionumuzda ən böyük günəş elektrik stansiyasıdır. Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihə gələcəkdə 1 qiqavat həcmində bərpaolunan enerji istehsalına yol açacaq. Üç investisiya sazişinin imzalanması ölkələrimiz arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən "yaşıl enerji" ənənəvi enerji mənbələrini - daş kömür, neft, qaz kimi sahələri geridə qoyacaq. Ümumi gücü 700 meqavat təşkil edəcək külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır.

Müasir dövrdə demoqrafik artım, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi nəqliyyat vasitələri ilə yanaşı, enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırıb. Uzun müddətdir ki, dünyada əsas enerji daşıyıcısı olan kömür, neft və qaz kimi yanacaq növləri işlənmiş, dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən yanacaq növləri ilə qarşılanmışdır. Lakin bu resursların ehtiyatlarının azalması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil olması, onlardan istifadənin ekoloji tarazlığının pozulmasında mühüm rol oynaması bərpaolunan enerji mənbələrinə marağı artırmaqdadır. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, bu sahəyə ciddi miqdarda investisiya qoyuluşu təmin edilir və enerji sistemində bərpaolunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.

Qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının stabilləşməsinə nail olmaqdır. Bu səviyyə, ekosistemlərin iqlim dəyişikliyinə təbii olaraq uyğunlaşması, qida istehsalının təhlükəyə məruz qalmaması və iqtisadi inkişafın dayanıqlı şəkildə davam etməsinə imkan yaradan zaman çərçivəsində əldə edilməlidir. Bu baxımdan, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. İlin sonlarında COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq.

Mustafa KAMAL,

"Respublika".