Ölməz oğullar Vətənin fəxridirlər
Region

Ölməz oğullar Vətənin fəxridirlər

Azərbaycan ordusunun 44  günə zəfərlə bitirdiyi  Vətən müharibəsində Masallı oğulları da öz canları bahasına xüsusi qəhrəmanlıq dastanı yazdılar. Masallılılar  adları yeni, şanlı tariximizə  düşən oğullarının   xatirəsini həmişə məhəbbətlə yad edir, adlarını daim uca tuturlar.

Rayon Tarix-Diyarşünaslıq Muzeyində  isə Birinci Qarabağ, Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması  məqsədlə  “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində tədbirlərin təşkili artıq ənənə almışdır. Muzeydə  Rayon Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı  sayəsində baş  tutan tədbir şəhidlərə olan əbədi ehtiramdan irəli gəlirdi.

Adıçəkilən müəssisə əməkdaşlarının, mədəniyyət nümayəndələrinin, Masallı Regional Kollecin müəllim və  tələbələrinin, şəhid ailələrinin iştirak etdikləri tədbirdə Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva  tədbirdə keçirilən layihənin əhəmiyyətindən danışdı, dekabr ayında doğulan Birinci Qarabağ, 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərin valideynlərinə dərin ehtiramını ifadə etdi. Muzeyin əməkdaşı Nazənin Heydərzadə  isə dekabr ayında doğulan, hər iki müharibədə doğma Vətən, torpaq naminə şəhidlik zirvəsinə ucalan qəhrəmanların  həyatı və döyüş yolu haqqında geniş söhbət açdı. “Ümidim sənsən” İctimai Birliyinin nümayəndəsi Fidan Abbaslı, muzeyin elmi işçisi Dilguşə Məmmədova  Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlərin  xalqın, millətin fəxri, qürur yeri olduğunu bildirdilər.

Daha sonra söz şəhid ailələrinə verildi. Aslan Məhərrəmov, Vüsal Məmmədov, Əlcavad  Hacılı, Maxvirə Həşimova, Təyyibə  Bədəlova  əzizləri haqqında xatirələrini söylədilər, göstərilən bütün diqqət və qayğıya görə razılıqlarını bildirdilər.

Tədbirdə rayondakı Öncəqala kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş bədii  kompozisiya təqdim olundu.

 Layihə təşkilatçıları tərəfindən dekabr ayında doğulan şəhidlərin ailələrinə “Təşəkkürnamə”lər verildi, axırda şəhid ailələri muzeyin ekspozisiya zalında övladlarına aid sərgiyə baxdılar.

 Zəfər ORUCOĞLU.