Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirilib
Sosial həyat

Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlərlə bağlı Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirib.

Qurumun mətbuat xidmətində deyilir ki, ombudsman Aparatının müxtəlif struktur bölmələrinin rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə 2023-cü ildə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, Ombudsmana ünvanlanan şikayət və müraciətlər, müxtəlif əhali qruplarının hüquqlarının təmini, habelə Ombudsmanın milli preventiv mexanizm (MPM) fəaliyyəti çərçivəsində işgəncə və pis rəftar hallarının qarşının alınması ilə bağlı həyata keçirilən işlər barədə müzakirələr aparılıb, hesabatlar dinlənilib.

Müşavirədə Ombudsman haqqında Konstitusiya Qanununa edilən dəyişikliklər əsasında Ombudsmanın yeni funksiyalarının icrası istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.

Yekunda ölkə Ombudsmanı cari ildə insan hüquqlarının daha səmərəli müdafiəsi, MPM qismində fəaliyyəti və digər prioritet istiqamətlər, beynəlxalq əməkdaşlıq və sair sahələrdə fəaliyyətin inkişafına və daha da təkmilləşdirilməsinə dair tövsiyələrini verib.

“Respublika”.