Ömrünün 40 ilini xalqın maariflənməsinə həsr edən ziyalı
Tarixi şəxsiyyətlər

Ömrünün 40 ilini xalqın maariflənməsinə həsr edən ziyalı

Firudin bəy Köçərli yazırdı ki, "bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və biməzmun olacaqdır... Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düzməyə, sinədən sözlər və mahnılar toxumağa başlayır".

Bəli, "Azərbaycan ədəbiyyatı" kitabının müəllifi olan yazıçı öz fəaliyyəti ilə ədəbiyyatımızın nə qədər zəngin olduğunu həm təhlil, həm də sübut etmiş onu, yenidən canlandıraraq bütün keçmişinə işıq salmışdır. O, eyni zamanda mahir publisist olmuş, qadın azadlığı, məişət, sülh, xalqlar dostluğu və digər mövzularda maraqlı məqalələr yazmışdır. Onun tədqiqatçı kimi fəaliyyətə folklor nümunələrini yazıya almaqla başlamışdı. Yaradıcılığında uşaq ədəbiyyatına da geniş yer verən yazıçının fikrincə uşaq dünyası çox zəngin və poetik baxımdan duyumludur. Bu səbəbdən də onların baxışı, düşüncəsi yazıçı təfəkkürünə uyğundur.

26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olan Firudin bəy Köçərli 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almış, 1876-cı ildə isə rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firudin bəyi Qori Müəllimlər Seminariyasında oxumağa aparır. Firudin bəy Köçərli 1879-1885-ci illərdə, Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın dost olur. Həmin dövrdə "Təlimi-Sokrat" əsərini yazır. 1885-ci ildə seminariyanı bitirən Firudin bəy Köçərli İrəvan gimnaziyasına təyinat alır. O, 1885-1890-cı illərdə gimnaziyada ana dili, hüsnxət fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsində çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.

İrəvan gimnaziyasında çalışdığı illərdə A.Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmiş, 1886-cı ildə isə ilk teatr tamaşasını hazırlamışdı. 1890-cı ildə İrəvanda tamaşaya qoyduğu "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası İrəvanın həyatında böyük mədəni hadisəyə çevrilmişdir. 1895-ci ildə Firudin bəy Köçərli İrəvanı tərk etmiş, elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin olunmuş və 1918-ci ilə qədər burada pedaqoji fəaliyyətini davam etdirmişdir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım ilə ailə həyatı qurmuş və 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təminatçısı olmuş, sonradan isə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmişdir.

XIX əsrin ortaları Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş, inkişaf dövrü idi. Ədəbiyyatşünas alim Firudin bəy Köçərli Şuşanı "Zaqafqaziyanın Şirazı" adlandıraraq, "Azərbaycan ədəbiyyatı" kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

F.Köçərli yaradıcılığı boyu müxtəlif istiqamətlərdə üzrə tədqiqatlar aparmış, tərcüməçi, pedaqoq, tarixçi və folklorşünas kimi böyük işlər görmüşdür. Hələ gənc yaşlarından insanların maariflənməsi üçün əsl fədakarlıq göstərmişdir. Xüsusilə, milli-mənəvi dəyərlərin təbliğində, milli mətbuatın, ədəbiyyatın inkişafında mühüm işlərə imza atmışdır. O, bir çox mətbu orqanlarla əməkdaşlıq edərək cəmiyyətdəki problemləri işıqlandırmışdır. "Kaspi", "İrşad", "Tərəqqi", "İqbal" və başqa qəzetlərlə sıx əməkdaşlıq etmişdir. Firudin bəy Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük xidmətləri olmuş və bu nümunələrin toplanıb nəşr edilməsində "Balalara hədiyyə" adlı kitabı olduqca böyük əhəmiyyət kəsb etmişdir. 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə Uşaq Kitabxanasına Firudin bəy Köçərlinin adı verilmişdir. F.Köçərli 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında isə Qazax Müəllimlər Seminariyasını yaratmışdır. Bir müddət sonra isə Qazaxda ilk uşaq evini açmışdır.

1928-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmiş və İstiqlal Bəyannaməsini imzalamışdır. Firudin bəy Köçərli Azərbaycanda sovet hakimiyyəti qurulana kimi Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmiş, "Vətən dili"nin I hissəsinin (VII nəşr) yenidən işlənməsində böyük xidmətləri olmuşdur. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişərək zənginləşdirmişdir. 1920-ci ilin may ayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etmişlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən Firudin bəy Köçərli həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsinin xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş və hökm yerinə yetirilmişdir.

Cəmi 57 il yaşasa da, ömrünün 40 ilini millətin maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışan Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatında ədəbi tənqidçi, nəzəriyyəçi, maarifçi kimi əbədiləşmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".